Opera və Balet Teatrında yeni səhnə əsəri hazırlanır

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar İncəsənət Xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında “Qoyya” baletinin quruluşu üzərində fəal iş aparılır.

Teatrın rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün adlı-sanlı mədəniyyət xadimlərindən ibarət beynəlmiləl yaradıcı heyəti sənət ocağına dəvət edib. Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalının bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevdir.

Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır. Görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi çərçivəsində nümayiş olunacaq səhnə əsərinin premyerası gələn il fevralın 3-nə nəzərdə tutulur.

Səhnə əsərində əsas rolları Xalq Artisti Kamilla Hüseynova, Əməkdar artistlər Nigar İbrahimova və Makar Ferştandt, aparıcı solistlər Anar Mikayılov və Cəmilə Kərimova ifa edəcək. Operanı Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Xudaferin.eu

"Bakı Bürosu"

 

10:03