OPEC-in qərarı neft bazarını “vurdu”

 

İlham Şaban: “Dördüncü rübdə neftin qiymətlərində yenə artım müşahidə olunacaq”

OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı neftin ucuzlaşmasını sürətləndirib. Artıq “qara qızıl”ın qiymətində 5 faizdən çox ucuzlaşma müşahidə olunub. İlkin məlumatlara görə, Brent markalı neftin iyul füçerslərinin dəyəri 4,82 faiz aşağı düşərək 1 barelə görə 51,36 dollar olub. WTI neftinin dəyəri isə 4,98 faizi aşağı düşərək 1 barelə görə 48,80 dollar təşkil edib. Bundan əvvəl də neftin qiyməti 5 faizdən çox aşağı düşmüşdü. Qeyd edək ki, mayın 25-də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərar qəbul ediblər. Azərbaycan da bu qərarı dəstəkləyib. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olundu. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıblar. İlin birinci yarısı üçün bağlanmış neft hasilatının azaldılması üzrə hazırkı sazişin müddəti iyunun 30-da bitir.  “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.
 

- OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 9 ay müddətinə uzadılmasına dair qərardan sonra neftin qiymətində ucuzlaşma müşahidə edildi. Proses nə vaxta qədər davam edəcək və bu, gözlənilən idimi?

- Çox maraqlıdır ki, ucuzlaşma prosesi məhz 9 ay məsələsi ilə bağlıdır. Bazar iştirakçıları gözləyirdi ki, bu, 6 ay müddətinə olacaq və bunu pozitiv siqnal kimi qəbul edirdilər. Bundan öncə neftin qiymətləri əvvəlki dövrlə müqayisədə kifayət qədər aşağı düşmüşdü. Daha sonra neftin qiyməti 54 dollara qədər yüksəldi. Hazırda neftin qiyməti 51-54 dollar arasında yüksək qiymətdə var-gəl edir. OPEC-in 9 ay müddətinə qəbul etdiyi qərar uzunmüddətli dövr üçün reallıqda özünü doğrultmayacaq. Digər bir məqam ondan ibarətdir ki, bazar iştirakçıları gözləyirdi ki, kvotalara yenidən baxılacaq. Yəni, ən azından hasilatın həcmlərinin daha 500 min barel azaldılması gündəmə gətiriləcək. Çünki digər ölkələr, əsasən də ABŞ hasilatı artırır, nəticədə OPEC ilin ikinci yarısında artan neft hasilatının müqabilində bazardan izafi nefti yığışdıra bilər. Ancaq bu proses baş vermədi. Bu, neqativ olmasa da, bazar iştirakçıları üçün yüksək gözləntilər vermədi. Hesab edirəm ki, neftin qiymətləri 50 dollar ətrafında cərəyan edəcək.
 

- İlham müəllim, bəllidir ki, Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub. İclasın yekunlarına dair mətbuata açıqlama verən energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycanın neft hasilatının daha 9 ay azaldılması ilə bağlı öhdəliyi öz üzərinə götürməsi ölkənin maraqlarına tam uyğundur. Siz necə hesab edirsiz, Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundurmu?

- Əlbəttə, uyğun hesab edirəm. Neftin 1 dollar da olsa baha olması Azərbaycanın marağının təmin edilməsi deməkdir. Azərbaycan ötən ili neftin orta qiymətini 45 dollardan aşağı başa vurub. Əvvəlki qiymətlərdən 1 dollar artıq Azərbaycan üçün əlavə qazanc deməkdir. Görsək ki, bu il neftin fiziki həcmi 1 milyon tondan çox azalıb, buna görə Azərbaycana neftin qiymətinin baha olması gərəkdir ki, həmin azalmanı maksimum kompensasiya edək.

- Ötən il OPEC toplantısında Liviya və Nigeriya hasilatı azaltmamaq barədə müəyyən imtiyazlara sahib olmuşdu. Bu il hansısa ölkələrə güzəştlər oldu?

- Bu il də Liviya və Nigeriya hasilatı azaltmamaq şamil edildi. OPEC hesab etdi ki, hər iki ölkə neft hasilatını artırmalıdır. Hasilatın artırılması da bu ölkələrin gəlirini artırır. Gəlirin artması bu ölkələrin daxilində müxtəlif icmaların maraqlarının təmin edilməsinə xidmət edir. Bu da ilk növbədə təhlükəsizliyin təminatı deməkdir. Təhlükəsizliyin təminatı isə stabil neft hasilatına gətirib çıxardır.

 

- OPEC-in ötən il hasilat həcmlərini 6 ay müddətinə azaltmaqla bağlı verdiyi qərar beynəlxalq neft bazarlarına nə verdi?

- Bu qərardan sonra gündəlik hasilatın 1.8 milyon barelə yaxın azaldılması baş verdi. Nəticədə rezervlərdə illər boyu yığılıb saxlanılan ehtiyatlar azaldıldı, yəni, ixraca yönəldildi. Bunun müqabilində neftin qiyməti 50 dolları keçdi. Beş ayın yekunlarına baxsaq Brent markalı neftin qiyməti 54 dollara yaxındır. Bu, bazar üçün müsbət bir addım idi. 2016-cı il noyabrın 30-da verilən qərar 2017-ci il yanvarın 1-dən iyulun 30-na qədər qüvvədədir. Noyabrın 30-da verilən qərarın yekunları ancaq iyulun 10-da müzakirə olunacaq. İyul görüşü də Rusiyada baş tutacaq artıq bununla bağlı razılıq əldə olunub.

- Hasilat həcmlərinin azaldılması ilə bağlı növbəti 9 ay müddətinə razılıq əldə olundu. Qərar bazara nə vəd edir?

- Hələ 2018-ci ilə nəzər salmayacağıq. Biz sadəcə 2017-ci ilə nəzər salacağıq. Hesab olunur ki, ilin birinci yarısı neftin orta qiyməti 53 dollardan aşağı olmayacaq. Bu, kifayət qədər yaxşı qiymətdir. Dünya Bankı cari il üçün neftin orta qiymətini 52 dollar civarında proqnozlaşdırmışdı. İlin birinci yarısı bundan bir qədər yüksəkdir. Əgər verilən proqnozlara nəzər yetirsək əsasən də üçüncü rübdə neftin qiymətlərində enmə gözləniləcək. Ancaq dördüncü rübdə neftin qiymətlərində yenə artım müşahidə olunacaq. Hesab etmək olar ki, neftin orta qiyməti 52-55 dollar arasında bərqərar olacaq. Bu da ötən illə müqayisədə təqribən 24-25 faiz artım deməkdir. Ümumiyyətlə bu, neft hasil edən ölkələr və şirkətlər üçün əlavə qazanc deməkdir. Bu il məhz onun siyasəti yürüdülür və o, özünü praktikada hələ ki, doğruldur. Faktiki olaraq reallıqda əsas hasilatçı ölkələrdə neftin maya dəyəri aşağı düşür. Bu gün dünyada neftlə müqayisə edilən ikinci bir sektor yoxdur. Bu da nefti çox yaxşı instrumentə çevirir.

 

Yeganə Oqtayqızı

11:17