Ombudsmanın əməkdaşları Mehman Hüseynovla görüşüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqlarının təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilmiş və dinləniliblər. 

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuş, habelə bəzi müraciətlər yerində təmin edilib.

Bu müəssisədə saxlanılan Mehman Hüseynov da fərdi qaydada qəbul edilib, kamerasına keçirilmiş baxış zamanı saxlanılma şəraiti ilə bağlı hüquqlarının təmin olunduğunu bildirib, tibbi yardım və qida təminatından, habelə müəssisə əməkdaşlarının onunla rəftarından razılıq edib.

Başçəkmə zamanı qanunvericiliyə uyğun olaraq onun telefon danışığından istifadə hüququ təmin edilib və ailəsi ilə də görüşəcəyi məlum olub.

Qəbul zamanı ona hüquqları izah olunub, Ombudsmanın səlahiyyətləri barədə məlumat verilib və o, qəbula görə təşəkkürünü bildirib.

Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilmiş əvvəlki başçəkmələr zamanı saxlanılma şəraitinin təkmilləşdirilməsi məqsədilə verilmiş tövsiyələrin də icra olunduğu, bu istiqamətində müvafiq tədbirlərin görüldüyü müşahidə edilib.

Yekunda MPQ üzvləri tərəfindən istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Oxu.az

16:34