Ölkəmiz Daşkənddə mədəniyyət festivalında təmsil olunub

 

Daşkənddəki Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq keçirilən “Xalqların mədəniyyəti və adət-ənənələri” festivalında Özbəkistandakı səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub.

 

Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzlərinə ayrıca otaqlar ayrılıb və hər bir ölkə öz tarixini, mədəniyyətini, turizmini potensialını nümayiş etdirib. Universitetin rektoru Kamilcan Kərimov festivalın əhəmiyyətindən danışıb, bildirib ki, ənənəvi olaraq keçirilən bu festival universitetin tələbələrinə, müxtəlif xalqların mədəniyyətləri, incəsənəti, adət və ənənələri ilə tanış olmaq və bu mövzuda biliklərini artırmağa imkanı verir.

Tədbirdə bir neçə xarici ölkənin təmsilçilərinə fəal əməkdaşlığa görə fəxri diplomlar təqdim edilib. AMM-nin direktoru Samir Abbasov da təltif olunub. Orada ölkəmizin mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, milli musiqi alətlərimiz, Azərbaycanın müxtəlif regionlarına məxsus xalçalar da nümayiş etdirilib. Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm imkanları təqdim edilib.

Sərgidə AMM-nin əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqları hazırladıqları milli suvenirlərimizi nümayiş etdirib, praktiki olaraq onların hazırlanma prosesini təqdim ediblər. AMM üçün ayrılmış xüsusi stenddə isə ölkəmizin ali məktəbləri, dünya standartlarına cavab verən təhsil ocaqlarına dair məlumatlar sərgilənib, Azərbaycan Diplomatik Akademiyası, Xəzər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin təqdimatı keçirilib, xüsusi bukletlər paylanılıb. Tədbirin bədii hissəsində müxtəlif ölkələrin milli rəqs qrupları çıxış edib, AMM-nin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri bir sıra milli rəqslərimizi ifa ediblər.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

09:36