Ölkədə uşaq ölümünün DƏHŞƏTLİ STATİSTİKASI

Rəşid Mahmudov: “Əgər uşaq ölümü 0,8 faizə çartırsa, bu, çoxdur”

Səhiyyə Nazirliyi Azərbaycanda uşaq ölümü ilə bağlı dəhşətli statistika açıqlayıb.  Açıqlamada bildirilir ki, hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat edir". Belə ki, Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib ki, son illər hər 1000 diri doğulan körpədə ölüm əmsalı 10 promille təşkil edir, yəni hər 1000 yeni doğulan uşaqdan 10-u ölür. O, vurğulayıb ki, 2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb. Onun sözlərinə görə, 2015-ci ildən Azərbaycanda diridoğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Baş neonatoloq əlavə edib ki, yeni meyarlara əsasən çəkisi 500 qr-1 kq olan az çəkili uşaqlar diridoğulanların siyahısına daxil edilib: “Nəticədə 2015-ci ildə körpə ölümü faizi 0,8% artıb. Lakin bu artım yalnız həmin ildə müşahidə olunub və 2016-cı ildə azalmağa doğru gedib. Ötən il yeni meyarlara əsasən dünyaya gələn və sağ qalan uşaqların sayı 2 dəfə artıb. Əgər 2015-ci ildə yeni meyarlara əsasən doğulan 267 körpədən 96-sı sağ qalmışdısa, 2016-cı ilin 6 ayı ərzində 106-sı sağ qalıb”.

Ana ölümləri gizlədilir

Maraqlıdır ki, ölkədə doğuş zamanı qadın və uşaq ölümlərinin konkret hansı səbəblər üzündən  baş verməsi nəinki açıqlanmır, hətta çox zaman bütün məsuliyyətlər hamilə qadının üzərinə qoyulur.  Genekoloqlar  hər dəfə bu tip olaylar yaşanan zaman hamilə qadının vaxtı-vaxtında qadın məsləhətxanasına getməməsi, lazımı müayinələrdən keçməməsi, dinamik müşahidədə olmaması, doğuş üçün müvafiq doğum evini seçməməsi, doğum evlərinə çox gec və ağır vəziyyətdə daxil olması kimi halların olduğunu qeyd edirlər. Halbuki hazırki vəziyyətdə tam olaraq bunun əksi baş verir. Yəni istənilən qadın ölkədə ana və uşaq ölümləri hallarının artmasını göz önünə gətirərək, həkim məsləhətindən belə yayınmırlar. Əsasən ana ölümlərinin  başlıca səbəbi bütün dünyada olduğu kimi, təxminən 30- 40 faiz hallarda  qanaxmalardan irəli gəlir. Müşahidələr onu göstərir ki, hazırda hamilə qadınlar arasında bu məsələ ilə bağlı qorxu yaranıb. Doğuş zamanı ya onların, ya da körpələrinin başına hər hansı bir iş gələcəyindən ehtiyatlanırlar. Bu səbəbdən daha peşəkar, işini bilən ginekoloqlara üz tutmaq məcburiyyətində qalırlar. Bununla belə problem həlini tapmır.

“Vəziyyət təhlükəli həddədir”

Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov “Cümhuriyət” qəzetinə bildirib ki, uşaq ölümü ilə bağlı statistikada göstərilən rəqəmlər onu göstərir ki, vəziyyət təhlükəlidir: “Uşaq ölümlərinin səbəblərini  demək çətindir. Uşaqların ölüm diaqnozu bilinməlidir, müəyyən araşdırmalar aparılmalıdır ki, ölüm səbəblərini demək mümkün olsun. Ölüm hallarının baş verməsini bir məsələnin üzərində qoymaq düzgün deyil. Bu barədə araşdırmaları Pediatriya İnstitutu aparmalıdır. Amma dünyada 0,1 faiz ölüm qəbul olunub. Yaxud da 0,2 faizə qədər ölüm norma hesab olunur. Azərbaycanda əgər uşaq ölümü 0,8 faizə artırsa, çoxdur. Bu məsələ narahatçılır doğurur. Ona görə də ölüm səbəbləri yığılıb, hesablanmalı və bu işdə tədbirlər həyata keçirilməlidir.  Məsələn, xaricdə hamilə qadınlar uşaq dünyaya gələnədək müəyyən normalara riayət edirlər. Birinci həftədə onlar hansı qidaları qəbul etməlidir? Çünki  bu dölün inkişafında ilk olaraq hansı orqanların yaranması ilə bağlıdır.  İkinci və üçüncü həftələrdə qidalanma rejimləri yoxlanılır. Gündə neçə saat yatmalı, hərəkət etməli və havada olmalıdırlar. Bunlar rejimdir. Bu rejimlər Azərbaycanda yoxdur. Amma xarici ölkələrdə bu rejimə ciddi riayət olunur. Hamilə qadının əsas rejimi normal qidalanmadır. Normal qidalanma heç də ət, ərzaqdan söhbət getmir. Birinci döldə qan və ürək qan damar sistemi yaranır. Bunun üçün zülallar lazımdırsa, onlarla qidalanmalıdır. Sonrakı etaplarda da qidalanma mərhələli şəkildə həyata keçməlidir. Əfsus ki, bizdə bu tələblər yoxdur. Qadın məsləhətxanaları hamilə qadınlara xüsusi cədvəl verməlidirlər ki, hansı həftədə necə qidalanmalıdırlar. Çox uşaq var ki, anomaliya ilə doğulur. Bizim ölkədə nəyin hesabı sorulur ki?”.
Ekspert qeyd edib ki, hazırda Azərbaycanda ana bətnində uşağın çəkisini, boyunu və onun inkişaf dərəcəsini göstərən aparatlar var: “Uşağın rüşeymi qoyulubsa, mayalanma gedibsə, artıq onun inkişaf edəcəyi bəlli olur. Hətta gələcəkdə  bu rüşeymdən uşağın əkiz olacağı bilinir. Bunun hamısı məlumdur. Hətta müəyyən hormonlar var ki, bunlardan istifadə zamanı məlum olur ki, döl inkişaf edəcək və ya inkişafı ləngiyəcək. Praktika inkişaf etmir, neyləyəsən? Bizim millət elmi sevmir... ”.

Alçina Amilqızı
Cebhe.info

12:28