Ölkədə səs-küylü həbslər: panika yaradan işbazlara qarşı

Ölkədə dolların qara bazarda satışı ilə bağlı gedən əməliyyatların bahalaşma panikası yaradan işbazlara qarşı da aparılacağı gözlənilir. Bu barədə Politika.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub. Xəbərə görə, bazarlarda süni ajiotaj yaradan, məqsədli şəkildə marketlərdə bahalaşmaya səbəb olanların cəzalandırılmasına hazırlıq gedir. Yaxın günlərdə səs-küylü həbslərin olacağı və işbazların ifşa ediləcəyi bildirilir. Onlar dövlət rəhbərinin iqtisadi siyasətinə və antiböhran proqramına ziddi fəaliyyət göstərməklə əhalini narazı salır, bazarlarda süni qiymət artımına şərait yaradır, panikaya səbəb olur.

Azərbaycandakı bahalaşmada manatın dəyərdən düşməsi az rol oynamır. Çünki ölkənin istər hazır məhsul, istərsə də xammal baxımından idxaldan ciddi asılılığı var. Nəticədə idxal olunan məhsul özü ilə inflyasiya da gətirir.
Əslində, qeyri-neft sektoru inkişaf etsə idi, manatın dəyərdən düşməsi bu qədər bahalaşma yaratmazdı. Qeyri-neft sektoru isə nəinki inkişaf edir, hətta kiçilmədə neft sektorunu geridə qoyub. Politika.Az-a daxil olan məlumata görə, bu tərəfdən də işbazlar bazarlarda süni qiymət artımı yaradır. Ölkə başçısı bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədər bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmağa cəhd edirlər, bu baxımdan istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Prezident süni qiymət artımının qarşısını almaq üçün aidiyyatı qurumlara və prokurorluq orqanlarına ciddi tapşırıqlar verilib. “O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun»-deyə ölkə başçısı çıxışlarının birində qeyd edib.
Həqiqətən də dövlət qurumları ciddi yoxlamalar aparmalıdır. Süni qiymət artıranlar müəyyən edilməli və onlara qarşı cəzalar tətbiq edilməlidir. Əks halda sahibkarlıq, biznes mühiti daha da pisləşə bilər.

Politika.Az

11:45