Ölkədə nə baş verir? – benzin qalxır, yollar pullu olur, sosial yardımlar kəsilir…

 

Ölkədə qanun layihələri, qərarlar ciddi proseslərin başlanğıcıdır. Benzin qalxır, yollardan istifadənin pullu olması parlamentdə təsdiqlənir, sosial yardımların ləğvinə başlanır.

Qəbul olunan qərarların anti-xalq olması və əhalinin aztəminatlı təbəqəsinin əleyhinə işləməsi hansısa məmurların gizli şəkildə həyata keçirdiyi siyasətdir. Seçkiqabağı qaykaların bərkidilməsi və vətəndaşları narazı salan qərarların qəbulu, qanunların qüvvəyə minməsi ciddi narahatlıqlardan xəbər verir. Kimlərsə hakimiyyətlə xalqı üzbəüz qoymaqda maraqlıdır və idarəçilikdə sosial proqramlar tərsinə işlənir.

Artıq Milli Məclis “Avtomobil yolları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb. Eyni vaxtda isə xaricdən idxal edilən “Aİ-95” premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir. “Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb.

Politika.Az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev Azərbaycanı Norveçlə müqayisə edir və hökumətin diqqətinə çatdırır ki, Skandinaviya ölkəsinin əhalisi bizdən daha azdır, fəqət büdcəsi 221 milyard dollardır. Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik. Millət vəkili az qala müxalifətçilik edir və həyəcan təbili çalır: Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İnanılmaz çağırışdır: radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq!!!

Bu qədər lakonik, konkret və aydın. Hətta müxalifət liderləri belə açıqlamalar vermirlər. Məsələ isə hökumətyönlü və icazəli bir deputatın həqiqətləri üzə çırpmasındadır.

Ardınca elektron KİV-də xəbər alırıq ki, hökumət 33 rayonun dotasiyasını kəsib. Məsələ ondadır ki, ictimaiyyətə islahatlar kimi təqdim olunan qərarlar, yeniliklər xalqın həyatında heç nəyi dəyişməyib. Hökumətin köklü reformalara gedəcəyi, bürokratik əngəlləri, inhisarçılığı aradan qaldıracağı, aqrar sektorun, turizmin, sahibkarlığın inkişaf etdiriləcəyi gözləntiləri var. Lakin ötən ilin büdcəsini kəsirlə bağlayan hökumət bu il təkrar olaraq 2015-ci ilə qədərki iqtisadi siyasəti bərpa edir. Ona görə də 33 rayona verilən maliyyənin dayandırılması icra başçılarının korrupsiya bulağını qurutmaq olsa da, bunun ciddi nəticələrə təsiri inandırıcı deyil. Çünki xalqın həyatında daha çox effektiv iqtisadi metodlar iş yerlərinin açılması, sahibkarlara şəraitin yaradılması, monopoliyanın ləğvi, rüşvətin yox edilməsidir.

Politika.Az

 

10:09