“Ölkədə insan haqlarının durumu çox pisdir”

 

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquq­ları üzrə müvəkkil ­Elmira Süleymanova iyunun 20-də Bakıda keçirilən “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövz­usunda Ombudsmanların­ XV Bakı Beynəlxalq ­Konfransında deyib. Elmira xanım onu da vurğulayıb ki, Azərbaycanda hər bir dövlət qurumunda insan hüquqları üzrə müvafiq struktur bölmələri yaranıb: “Dövlət qurumlarında yaradılan strukturlar öz səlahiyyətləri çərçivəsində insan hüquqlarının qorunmasına çalışır”. E.Süleymanova deyib ki, Azərbaycan ombudsmanı ölkənin hər bir vətəndaşının hüquqlarının pozulmasının qarşısının alınması sahəsində bütün işləri görür.

Tanınmış hüquq müdaifəçisi Arzu Abdullayeva Ombudsmanın fikirlərini şərh edərkən bildirib ki: “Ölkədə siyasi hüquqlara, vətəndş azadlıqlana gəlincə vəziyyət olduqca pisdir. Əgər, Ombudsman deyirsə ki, dövlət qurumlarında insan hüquaları təmin edilir, bu reallıqada görünmür. Çünki, hüquqların gerçəklikdə təminatı yoxdur. Başqa tərəfdən Ombudsmanın bu məsələdə səlahiyyəti varsa, bu gerçəklikdə görünmür. Amma biz istəyirik ki, bütün vətəndşalrın hüquqları təmin edilsin. Onlara qarşı haqsızlıq olmasın, insnalıq dəyərləri dəyərdən düşməsin… İndiki halda isə bu sahədə vəziyyət çox pisdir”.

Tanınmış Azərbaycan insan haqları müdafiəçisi Samir Kazımlı da bildirib ki, bu ilin iyun ayı ərzində ölkədə insan haqlarının pozulması prosesi ötən aylardan fərqli olaraq daha çox olub: “Bunun səbəbi hakimiyyətdəkilərin təfəkkürünün dəyişməməsidir. İnsan haqları məsələsinə yanaşmalar köhnəlikdə qalır. Baxışları dəyişməlidir. Qanunlar qəbul olunur, beynəlxalq öhdəliklər götürülür, amma bunlar praktikada yerinə yetirilmir. Bu gün vətəndaşların hüquqları kütləvi şəkildə pozulur. Biz bunu mediada da, hesabatlarda da görürük. Azərbaycanda yüzdən çox siyasi məhbus var. Vətəndaşların mülkiyyət hüquqları pozulur, yəni insan haqlarının çoxsaylı pozuntularını nümunə göstərmək olar. Hətta insan haqları müdafiəçilərinin özünün də hüquqları pozulur. Buna görə də durum ürəkaçan deyil”.

Bizim fikrimizcə isə, Azərbaycanda insan haqları məsələsində yeniliklər faktiki olaraq mənfi saldo ilə hesablanmalıdır. Bu yaxınlarda bir neçə siyasi fəal həbs olunub və onlara işgəncələrin verilməsi barədə iddialar var. Eyni zamanda, bir hüquqşünas, Amerikada təhsil almış hüquqşünas Emin Aslan (o həm də insan haqları sahəsində çalışmış bir şəxsdir) qanunsuz yerə həbs olunub. Son məlumatlara görə, insan haqları müdafiəçisi, vəkil İradə Cavadovanın Vəkillər Kollegiyasından kənarlaşdırılması ilə bağlı məlumatlar var. Bunlar həmin insan hüquqları ayına düşür. Bu, insan haqlarının müdafiəsi yox, bəlkə də pozulması ayı kimi yadda qalır.

Son vaxtlar guya Azərbaycanda insan haqları barəsində xeyli sayda qanunlar qəbul olunubdur. Bir çox proqramlar da həyata keçiriləcəkdir. Halbuki, hökumət proqramlar qəbul edib, öhdəliklər götürüb, amma bunların hamısı kağız üzərində qalıb. Bizə elə gəlir ki, həmin sənədlər arxivlər üçün hazırlanıbdır. Çünki, real həyatda başqa qanunlar, başqa qaydalar işləyir. Ona görə də onlar, sadəcə, bir gələcək muzey üçün lazım olan sənədlərdir. İnsan haqları məsələsində real durum çox pisdir. Durum get-gedə ağırlaşır, çətinləşir, adiləşir. Artıq siyasi motivli həbslər, insan haqlarının pozulması, işgəncə faktları adiləşir. Bunlar hətta sensasiya da yaratmır. Əvvəllər kiməsə işgəncə veriləndə bir sensasiya kimi qiymətləndirilirdi. Artıq bir insanın həbs olunması, bir insanın işgəncəyə məruz qalması adi bir hala çevrilib. Bu, çox pis tendensiyadır.
Fikrimizcə bütün çətinliklərə baxmayaraq, vətəndaş cəmiyyəti davamlı fəaliyyət göstərməli, insan haqları pozuntuları qeydiyyata alınmalı, sənədləşdirilməli və bütün bunlar  beynəlxalq aləmə təqdim edilməlidir. Azərbaycan hakimiyyəti anlamalıdır ki, bu, Azərbaycan dövlətini uçuruma aparır və nəticə çıxarıb geri qayıtmalıdır.

Elman Mustafazadə
Avropa "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri,
Xudaferin.eu

13.07.2018

01:58