Ölkədə 80 min uşaq təhsildən kənarda qalıb; Müxalifət liderindən sərt reaksiya

«Exo» qəzetində «Azərbaycanda təhsil sistemindən kənar uşaqlar» sərlövhəli məqalə dərc olunub.

Müəllif yazır ki, ölkədə təhsilin səviyyəsi heç də ürəkaçan deyil: «Təəssüf ki, bu gün Azərbaycanda vətəndaşların çoxunun əsas məqsədi gündəlik çörək qazanmağa yönəlib və yaşamaq uğrunda mübarizə məktəb təhsilinin belə lazımsız edib».

Ekspert Yusif Bəkirov qəzetə bildirib ki, ölkədə nə qədər uşağın təhsildən yayınması ilə bağlı dəqiq statistika yoxdur. Amma müşahidələr göstərir ki, bu say az deyil. Ekspertin deməsinə görə, bu problem regionlarda xüsusilə kəskin hiss edilir: «Azərbaycanda şagirdlərin dərslərə davamiyyət prosesinə nəzarət yoxdur. Mən maddi çətinliklər yaşayan və buna görə də uşağını məktəbə apara bilməyən valideynləri qınamıram».
Y.Bəkirovun fikrincə, məktəblərdə daimi pul yığılması, proqramın yetərli olmaması valideynləri fənlər üzrə repetitorlar tutmağa vadar edib. Bu halda aztəminatlı ailələr uşaqlarına keyfiyyətli təhsil vermək imkanını qaçırmış olurlar.

Digər ekspert Nabil Seyidov da deyib ki, bəzi yoxsul ailələrdə uşaqları məktəbə göndərə bilmirlər. Uşaqlarını məktəbə göndərən yoxsullar da repetitorlar tutmurlar.

N.Seyidov da vurğulayıb ki, xüsusilə əyalətlərdə məktəbdən yayınma halları geniş yayılıb.

N.Seyidov məktəbə getməyən daha bir qrup kimi «küçə uşaqları»nı göstərir: «Onların sayı təqribən 2-5 min nəfər arasındadır. Təhsil ala bilməyən daha bir qrup isə əlilliyi olan uşaqlardır. Bu kateqoriyaya aid 63 min uşaqdan 10 min nəfəri təhsil ala bilmir. Bir sözlə ümumiləşdirmə aparsaq, təqribən 70-80 min nəfər uşağın təhsil sistemindən kənarda qaldığını söyləyə bilərik».

“Normalda ölkə bir-birinə dəyməliydi”

akarimli-yeni5

Bu qədər məktəbli yaşında uşağın təhsildən kənarda qalması faktına AXCP sədri Əli Kərimli kəskin reaksiya verib. Ə.Kərimli bu barədə feysbuk səhifəsində bunları yazıb:

Normalda bu xəbər ölkənin gündəminə bomba kimi düşməliydi. Aləm bir-birinə dəyməliydi. Valideynlər haray çəkməli, ziyalılar emosional çıxışları ilə hökuməti və millət olaraq hamımızı utandırmalı, müxalifət hökumətin istefasını tələb etməliydi. Parlamentin növbədənkənar iclası çağırılmalı, prezident çalışmalı idi ki, azı təhsil nazirinin, çoxu nazirlər kabinetinin istefası ilə yaxasını xalqın əlindən qoparıb, birtəhər böhrandan qurtula bilsin. Bəli, ölkədə 80 min nəfər uşağın təhsildən kənarda qalması xəbəri normalda belə qarşılanmalı idi. Amma bizdə… Bizdə hələlik heç nə olmayacaq. Heç məktəb direktoru da istefa etməyəcək. Çünki biz analoqsuz inkişaf edirik… Və acı da olsa, etiraf etməliyik ki, xeylimiz bu analoqsuzluqla barışmışıq.

Azadliq.info

11:35