Ölkə böhranda: İş adamlarını ölkədən qaçıran icra başçıları

 

Əli Əhmədov: “Elə investorlar var ki, pullarını etibarlı yerlərə qoymaq istəyir”

Azərbaycandan xarici ölkələrə kapital axını xeyli sürətlənib. Məlumdur ki, az-çox sərmayəsi olanlar daha sərfəli ölkələrə üz tuturlar. Bu proses daha çox ikinci devalvasiyadan sonra baş verdi. Bunu statistikadan da görmək mümkündür. Belə ki, 2015-ci ilin birinci rübündə xaricdən Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da 34 faizi Azərbaycanın payına düşür. 2016-cı ilin ilk rübünün göstəricilərinə görə, Gürcüstana yatırım edən ölkələr arasında Azərbaycan birinci yerdədir. Bundan əlavə son vaxtlar investorların iş qurması üçün Türkiyəyə də axın etmələri müşahidə olunur. Ekspertlər bunun səbəbini ölkədə yaranan iqtisadi çətinliklər və bürokratik maneələrlə izah edirlər. Mütəxəssislərin fikrincə, əslində ölkənin böhrandan çıxmasında ən vacib addım ölkədən kapital axınının qarşısını almaqdır. Bunun üçün hökumət müəyyən mexanizmləri işə salmalıdır.

 

“Ən etibarlısı SOCAR istiqrazlarıdır”

 

Maraqlıdır, ölkə kapitalının xaricə axmasının qarşısını necə almaq olar? İqtisadçı-ekspert Əli Əhmədov açıqlamasında deyib: “Türkiyə öz əmlak bazarında hazırda çətin günlərini yaşayır. Ola bilər ki, lirə ilə qiymətlər qalxır, amma dollarla düşür. Dubayda da vəziyyət o cürdür, yəni dollar düşür. Ona görə də gözlənilən gəlir gətirmir. Ümumiyyətlə, investisiyalardan iki cür əldə etmək olar. Ya aldığını baha satasan, ya da o işləyib sənə pul gətirir. Alıb daha baha satmaq məsələsi çətindir. Amma düzdür ki, bəziləri ölkə daxilində deyil, xaricdə işləməyi daha üstün tuturlar. Bu da yaradılan investisiya şərtləri ilə bağlıdır. Bu işdə daha yaxşı şərtlər və alətlər olmalıdır. Ona görə də ona pul yatırmalıdır. Elə investorlar var ki, pullarını etibarlı yerlərə yerləşdirmək istəyirlər. Eləsi də var ki, onlar bilavasitə bizneslə məşğul olmaq istəyirlər. Yəni mən pulumu sələmə verirəm və ayrı mağaza açıb işlədirəm. Bunlara bir qədər passiv investorlar deyilir. Onlar pullarının batmaması və risk etməmələri üçün daha etibar etdikləri yatırımla məşğul olurlar. Azərbaycanda pulu hara qoymaq olar? Əmlaka, evə, banka və qiymətli kağızlara qoymaq olar. Onların içərisində ən etibarlısı SOCAR istiqrazlarıdır. Əvvəlcədən nə qədər gəlir gətirəcəyi də məlumdur. Həmçinin onun hamısını pula çevirmək olur. Tutaq ki, mən obyekt almışam və onun qiyməti 10 mindən 100 minə qalxıb. Mənə pul lazım olanda onu sata bilmirəmsə, onun nə əhəmiyyəti var? Kimsə əmlaka investisiya qoymaq istəyirsə, iri obyektlər almaqdansa, kiçik obyektlər almalıdır. Məsələn, kirayə evlə məşğul olmaq istəyirsə 1 ədəd 5 otaqlı ev almaqdansa, 3 birotaqlı ev ala bilər”.

“İnvestorun nazı ilə oynamaq lazımdır”

 

Ekspertin sözlərinə görə, ölkədə investisiyaların daha yaxşı cəlb olunması üçün hökumət daim dayanmadan çalışmalıdır: “İndiki şəraitdə investorların kənara getmələri təbiidir. İş adamı Gürcüstünda niyə iş qurur? Dənizin kənarında boş sahəni verib deyirlər get işini qur. Azərbaycanda dənizin kənarında boş yer var? Hər yeri hasarlayıblar. İnvestor üçün fərqi yoxdur, harada yaxşı şərait varsa ora gedəcək. Pulu olan investorun nazı ilə oynamaq lazımdır. Bu sahədə də ciddi nöqsanlar var. Daha çox tikinti icazələrinin verilməsində çox ciddi neqativ hallar var. O məsələ aradan qalxmalıdır. Hökumət təklif etsə də ki, bölgələrdə investisiya yatırın, buna əngəl törədənlər var. Yerli icra hakimiyyətləri tərəfindən çox ciddi problemlər yaradılır.

Fikrimcə, yerli investorlara intizam yaratmaqla yanaşı, yeni mexanizmlər tətbiq olunmalıdır. Yəni investorlar birbaşa mərkəzi icra hakimiyyəti ilə əlaqələndirilməlidir ki, yerli icra hakimiyyəti iş quranlara maneçilik törətməsin. Çünki onlar çox müdaxilələr edirlər. Yerlərdə yaratdıqları dözülməz vəziyyət investorları daha çox həvəsdən salır. Bölgələrdə investorlara yeri gəldi, gəlmədi mane olurlar. Bu da investisiya mühitinə mənfi təsir göstərir. Bu sahəni inkişaf etdirmək üçün yerli icra hakimiyyətlərində islahatlara başlamaq lazımdır. Prezident bu günlərdə etdiyi çıxışlarından birində qeyd etmişdi ki, yerli icra hakimiyyətlərinin fəaliyyətləri ölçülməli, ora qoyulan investisiyalara ciddi nəzarət olunmalıdır. Hesab edirəm ki, bu məsələ artıq qanun şəklinə salınmalıdır. Yoxsa ki, müxtəlif kompleksləri olan adamlar gəlib yerlərdə hər kəsin işinə müdaxilə edirlər. Bu mümkün deyil. İnvestisiyaların bu qədər azaldığı bir vaxtda rayonlara qoyulan hər manat da hesabdadır. Pulu qoyan şəxsin problemləri ilə o qədər maraqlanmaq lazımdır ki, gələcəkdə də bu sahə davam etsin. Təsəvvür edin ki, hökumət xeyli sayda güzəştli kredit verir, ixrac üçün müxtəlif subsidiyalar tətbiq edir, amma hansısa rayon icra hakimiyyəti başçısının verdiyi qərar biznesmeni elə qorxudur ki, bütün güzəştlərin əhəmiyyəti ölür. Bundan başqa məhkəmə sistemində qayda-qanun yaradılmalıdır. Məhkəmə sistemi düz işləməlidir. İnvestor arxayın olmalıdır ki, onun hüquqlarını kimsə pozsa, öz hüquqlarını məhkəmədə bərpa edəcək. Əmin olmalıdır ki, kimsə kefi istəyəndə onun hüquqlarını poza bilməyəcək. Məsələn, kimsə obyekt qurur və bu, yerli icra hakimiyyəti tərəfindən dağıdılır. Obyekt sahibi məhkəməyə müraciət etsə də, proses uzun illər çəkir. Sonda da heç bir nəticəsi olmur. Həmin halla üzləşən investor nəinki özü, bütün ətrafı, qohum-əqrəbası, dost-tanışı həmin yerə investisiya qoymaqdan uzaqlaşırlar. Yəni belə ciddi məsələlər var ki, burada qaranti əsas yer tutur. Ola bilsin ki, məhkəmənin investora münasibəti başqadır, ümumiyyətlə, məhkəmədə hər hansı qanunsuz qərar investoru qorxudur”.

Maneələr necə dəf edilsin?

 

Ekspertin qənaətinə görə həm xarici, həm də daxili investorlara təminat vermək olar ki, onların işinə hansısa bir ölkənin məhkəməsində baxılacaq: “Hətta məhkəmə təkmil olsa da, insanların buna inamı üçün zaman lazımdır. O inam bərpa olunana qədər də müddət keçir. Müddəti gözləməmək üçün yaxşı olardı ki, müəyyən məbləğ qoyulsun. Yəni o məbləğdən yuxarı investisiya qoyulanların işlərinə beynəlxalq məhkəmələrdə baxılacaq. Elə bir şərtlər irəli sürülsün ki, investor tam arxayın olsun. Bu mənada məhkəmə sistemi vacib işləməlidir. İnvestisiya mühitinin yaratdığı bəzi neqativ problemlər səbəbindən çoxları iri obyektlər almır. Bizim ətrafımızda investisiya uğrunda çox qızğın mübarizələr gedir. Gürcüstan böyrümüzdədir, İran sanksiyalar götürüləndən sonra yaxşı bazara çevrilib, Rusiya investisiya qıtlığı ilə üzləşib. Sabah daha sərfəli şərtlərlə təklif edəcək ki, gəlin işləyin. Bir məsələni də qeyd edim ki, Azərbaycan özündən asılı olmayaraq maraqlı investisiya ölkəsinə çevrilib. Azərbaycanda dolların məzənnəsi qalxdığına görə ölkədə işçi qüvvəsi də ucuzlaşır. Əvvəllər bir işçiyə 800 manat əməkhaqqı vermək üçün xaricilər 1000 dollar qoymalı idilər. İndi isə həmin əməkhaqqını vermək üçün 400 dollar onlara kifayətdir. Dollar iki dəfə bashalaşdığına görə xaricilərin dollar ifadəsində verdiyi əməkhaqqı da iki dəfə də azalıb. Ona görə də burada iş qurmaq asanlaşıb”.

Alçina Amilqızı

Cebhe.info

 

20:36