Oljas Süleymenovun əsərlərinin yeni nəşri

 “TEAS Press” Nəşriyyat evi görkəmli qazax mütəfəkkiri və ictimai-siyasi xadimi, Qazaxıstanın xalq yazıçısı, ədəbiyyatşünas-alim, şair Oljas Süleymenovun əsərlərini müxtəlif dillərdə çap edib. Nəşriyyat evindən verilən məlumata görə, bura məşhur “Az i Ya”, “Gil kitab”, “Sözün kodu”, “Türklər tarixdən əvvəl” adlı elmi-tədqiqat əsərləri, “Tanrının təbəssümü” şeirlər toplusu, O.Süleymenovun yaradıcılığından bəhs edən “Oljas fenomeni” adlı kitab daxildir. Oljas Süleymenovun 80 illik yubileyi münasibətilə “TEAS Press” Nəşriyyat evində Türk və ingilis dillərinə tərcümə olunaraq nəfis şəkildə nəşr edilən bu əsərlər görkəmli mütəfəkkirin çoxşaxəli və orijinal yaradıcılığının bütün aspektlərini əhatə edir: “Dünyanın 22 görkəmli mütəfəkkiri siyahısına daxil edilən, bir çox ölkələrin, özəlliklə Azərbaycan və  Türkiyənin ali dövlət mükafatları ilə təltif olunan Oljas Süleymenovun tarix, etimologiya, linqvistika, türkologiya və slavistika sahəsindəki araşdırmaları, elmi dairələrdə rezonans doğuran elmi-publisistik yazıları ona bütün Avrasiya məkanında böyük şöhrət gətirib. Görkəmli tədqiqatçının elmi fəaliyyəti heç də həmişə rəğbət və təqdir qazanmayıb. Oljas Süleymenov sovet dövründə təqib olunub, əsərləri qadağan edilib, kitabları satışdan və kitabxanalardan yığışdırılıb, əsərlərinin çapına yasaq qoyulub. Onun çoxillik tarixi-linqvistik araşdırmalarının məhsulu olan “Az i Ya” adlı əsəri 1975-ci ildə nəşr ediləndən sonra təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada ciddi rezonans doğurub, Qərbdə tənqidçilər tərəfindən “sovet bestselleri” adlandırılmışdı. Əsər türk və slavyan xalqlarının tarixinə, dilinə, mədəniyyətinə tamamilə yeni və orijinal yanaşma kimi bütün dünyada böyük marağa səbəb olub. Bütövlükdə Oljas Süleymenov yaradıcılığı öz zənginliyi, tarixiliyi və novatorluğu ilə seçilib. Ədəbi tənqidçilərin vurğuladığı kimi, Oljas Süleymenov dövrünün, epoxasının, bəlli bir məkanın fikir adamı deyil. Onu məhdud bir coğrafiyanın, bir xalqın problemləri narahat etmir. O, “tarixdən və milli mədəniyyət anlayışının sərhədlərindən tez-tez kənara çıxmağı sevir”. Ədib doğma ata ocağından, dədə-baba torpağından, ilk sevgidən, hansısa ekoloji problemdən yazanda da, tarixin dərin qatlarına enib dilin və mədəniyyətin mənşəyini araşdıranda da, sözün kodunu axtaranda da, xalqları və mədəniyyətləri bir-birinə yaxınlaşdıran tarixi bağları çözməyə çalışanda da onun yalnız bir qayəsi olub – bəşər oğluna məxsus yaxşı nə varsa, hamısının dərk edilməsi, onlara sahib çıxılması, onların yenidən sərf-nəzər edilib qiymətləndirilməsi. Oljas Süleymenov bu mənada təkrarolunmaz fikir adamıdır.

“TEAS Press” Nəşriyyat evi Oljas Süleymenovun kitablarını müxtəlif dillərə tərcümə və nəşr edərkən bütün bunları, habelə ədibin elmi və ədəbi əsərlərinin öz obyektivliyini və aktuallığını bu gün də qoruyub saxladığını nəzərə alıb. Ümidvarıq ki, ilk dəfə rus dilində nəşr edilən bu kitablar dil baryerinə görə onlarla hələ tanış olmayan tarixçilər, linqvistlər, türkoloqlar, slavistlər, mifoloqlar, etimoloqlar, eləcə də bəşər sivilizasiyasının tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün maraqlı mənbə rolunu oynayacaq”.

Xudaferin.eu 

12:41