Oliqarxlar pullarını ölkədən çıxarırlar

Fors-major hallara hazırlıq?

Vüqar Bayramov: “Beynəlxalq Bankla bağlı aparılan tədqiqatlar göstərir ki, xaricə vəsait çıxarılması var”

Azərbaycandan xaricə pul köçürmələri artıb. Bu barədə müstəqil ekspertlər məlumat verib. Məlumata görə, Azərbaycandan “Western Union” sistemilə pul köçürmələrində azalma olsa da, ancaq xaricə pulköçürmələrdə artım müşahidə edilir. Mərkəzi Bankın yarımillik pul siyasəti icmalında bildirilir ki, Azərbaycandan pul köçürmələri yarıbayarı azalıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz, 2014-cü ilin ilk 3 rübünə nisbətən isə 49,4 faiz azalıb. İcmala əsasən, 2016-cı ilin ilk 9 ayı ərzində ölkəyə xaricdən 586 milyon ABŞ dolları məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk 9 ayında 897 milyon dollar, 2014-cü ilin ilk 9 ayında isə 1,159 milyard dollar təşkil edib. 

“Monitorinq imkanları çətindir”

İqtisadçı alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, son dövrlərdə xaricə pul köçürmələrinin müəyyən qədər məhdudlaşdırlması həyata keçirilir. İqtisadçı idxalın məhdudlaşdırılması valyutanın ölkədə qalması məqsədi daşıdığını deyib: “Bu baxımından güman olunur ki, ölkədən çıxan pulların həcmində azalmalar var. Amma xaricə köçürmələrin artması, rəsmi statistika eləcə də həyata keçirilən siyasət fərqli mənzərə yaradır. Müstəqil qiymətləndirmələrə görə, ölkədən xaricə yalnız banklar vasitəsilə deyil, eyni zamanda bank hesablaşmalarından kənar köçürmələr də edilir. Qeyri-rəsmi köçürmələr olduğuna görə, daha çox vəsaitin ölkədən çıxdığı güman edilir. Rəsmi statistika ilə yayılan məlumatlar arasında fərqin olmasının ilkin səbəbi məhz bununla bağlıdır. Amma bunun qiymətləndirilməsi olduqca çətindir. Çünki bu istiqamətdə monitorinq imkanları zəifdir. Amma Beynəlxalq Bankla bağlı aparılan tədqiqatlar göstərir ki, xaricə vəsait çıxarılması var”.
Ekspertin sözlərinə görə, qeyri-leqal şəkildə çıxan vəsaitlərin kimlər tərəfindən çıxarılmasını müəyyənləşdirmək çətindir: “Mərkəzi Bankın müəyyənləşdirdiyi qaydaya əsasən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 min ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Bu hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər”.

Pulları xarici ölkə vətəndaşlarının adından istifadə edərək çıxarırlar

Məsələyə münasibət bildirən iqtisadçı Rəşad Həsənov da “Cümhuriyət” qəzetinə bildirib ki, əvvəlki dövrlərlə müqayisədə leqal valyuta çıxışına qarşı daha sərt tədbirlər görülür: “Hazırda hökumətin müəyyən qrupları faktiki olaraq ölkədən valyuta çıxışında maraqlı deyillər. Xüsusilə, məzənnə siyasətinə daxil olan qurumlar bu təzyiqlər qarşısında nəzərdə tutulan sabitliyi təmin etməkdə çətinlik çəkir. Lakin buna baxmayaraq proses baş verir. Xüsusilə, idarəetmə strukturlarında rüşvət və korrupsiya hallarının ənənəvi hal aldığı ölkələrdə leqal köçürmə tanşları həyata keçirmək heç də çətin proses deyil. Həm gömrük orqanlarının, həm də aidiyyəti digər strukturların göz yumması nəticəsində bu vəsaitlər ölkədən çıxır. Ölkədən çıxan vəsaitlərin artımında maraqlı tendensiyalardan biri də remitenzlərin (pulköçürmə sistemi) həcmində artımın müşayiət olunmasıdır. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, ölkəyə daxil olan həmin köçürmələrin həcmində 2014-cü illə müqayisədə iki dəfə azalma var. Amma ölkədən çıxarılan remitezlərin həcmində isə təxminən 2-2.5 dəfə artım müşahidə olunur. Hazırda Azərbaycanda hüquqi formada ölkədən vəsait çıxarışına müəyyən məhdudiyyətlər qoyulub. Belə bir halda remitenziya adı ilə müəyyən qruplar xarici ölkə vətəndaşlarının adından istifadə edərək ölkədən vəsait çıxarmağa cəhd göstərirlər. Təbii ki, biznes strukturlarının da prosesdə iştirakçılığı daim mümkündür. Ümumiyyətlə, çirkli pulların yuyulması və tranşların həyata keçirilməsində biznes subyektləri daimi iştirakçılardan birinə çevrilir. Dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da bu praktikadan geniş istifadə olunur. Banklarda vəsaitlərin yerləşdirilməsi risklidir. Çünki banklar sürətlə çökür və yerləşdirilmiş vəsaitlərin taleyi bir çox hallarda qeyri-müəyyən olur. Belə bir şəraitdə vəsaitlərin daha dəyərli şəkildə idarəedilməsi və gəlirliyin artırılması məqsədilə nisbətən daha perspektivli ölkələrdə vəsaitlərin yerləşdirilməsi yolu ilə həyata keçirilə bilər. Müxtəlif güclər və iş adamları o cümlədən korrupsiya predmeti olan vəsaitlər qeyri-leqal yolla ölkədən çıxarılaraq xarici ölkələrin iqtisadiyyatına yönəldilir”.
İqtisadçı onu da qeyd edib ki, xaricdə yaşayan azərbaycanlıların öz ailə üzvlərinə pul köçürməsi məsələnin başqa tərəfidir. Rəşad Həsənov deyib ki, həmin köçürmənin həcmində azalma olsa da, bu vəsaitlər bu gün də göndərilir: “Azərbaycanlı miqrantların ən çox məskunlaşdığı ölkələr sırasına Rusiya və Ukrayna daxildir. Hər 100 azərbaycanlıdan 70-i məhz bu iki ölkəyə gedir. Bu iki ölkənin hər ikisində iqtisadi vəziyyət bərbad olduğu üçün hazırda həmin insanların ailələrinə göndərdiyi vəsaitlərin həcmində azalma var. Bir çox məmurlar yaranmış situasiyaya uyğun haqlı olaraq narahatlıq hissi keçirir. Gələcəkdə yaranacaq hər hansı bir forsmajor hallara qarşı öz təminatlarını gücləndirmək və yaxud da təhlükəni minimuma endirmək məqsədilə vəsaitlərini xarici hesablara yönəldirlər”.

Yeganə Oqtayqızı
(Cebhe.info)

13:36