Olimpiadaya daha bir lisenziya qazandıq

İtaliyanın Rozeto delyi Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub. 

Xudaferin.eu Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan millisi yarışı bir qızıl və bir gümüş medalla başa vurub.

Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib. Həmyerlimiz gərgin keçən final döyüşündə hollandiyalı Peer van Yası 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib.

Bu qələbə boksçumuza qızıl medalla yanaşı, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb.

Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov isə II yerlə kifayətlənib. O, finalda rusiyalı Cambulat Bijamova 0:5 (27:30, 28:20, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.

Ölkəmiz bu nəticə ilə oğlanlardan ibarət yığmaların komanda hesabında VI yeri tutub.

Xudaferin.eu

14:14