Nəzarət Palatasından sahibkarlara QADAĞA

 

Əkrəm Həsənov: “Sahibkarları qorxudub pulları bankda saxlamağa çalışırlar”

 

Ötən gün məlumat yayıldı ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya banklarına yeni göstəriş verib. Göstərişdə hüquqi və fiziki şəxs olan vergi ödəyicilərinə bank hesablarından nağd vəsaitlərin çıxarılması qadağan edilib. Belə ki, notariuslardan başqa istənilən hüquqi şəxslər və fiziki şəxs olan sahibkarlar tərəfindən nağd pulun çıxarılması ilə bağlı istənilən əməliyyatlar bank rəsmilərinə müraciət edilmədən aparıla bilməz. Ancaq sonradan Maliyyə Bazarlarına Nəzarət Palatası bu məlumatı təkzib etdi və kommersiya banklarına belə bir tapşırığın verilmədiyini bildirdi. Bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, əslində, nə Palatanın, nə də hər hansı başqa qurumun bank hesabından pul çıxarılmasına məhdudiyyət qoymağa səlahiyyəti yoxdur: “Palatanın bu məktubu da məhdudiyyət müəyyən etmir, sırf bankların nağdlaşdırma əməliyyatları haqda məlumat verməsini ehtiva edir. Qanuna görə sahibkar ay ərzində nağd ödənişləri müəyyən limit (15000 və ya 30000 manat) çərçivəsində apara bilər. Amma bunun hesabdan pul çıxarmağa aidiyyəti yoxdur: istədiyi qədər pul çıxara bilər, lap 30 milyon manat da! Buna görə də bankların belə məktublardan sui-istifadə etməsi yolverilməzdir. Təbii, sahibkarlar 1 faiz vergi ödəmək bahasına belə banklarda çox pul saxlamaq istəmir. Çünki bank müflis olduğu təqdirdə onların bankdakı pulu faktiki batır, ləğvetmə prosesi isə çox qeyri-şəffaf aparılır. Reanimasiyaya çevrilmiş Palata isə şəffaflıq üçün heç nə etmir”.

Əkrəm Həsənov deyib ki, bu cür qaydalar yalnız sahibkarları qorxutmaq üçün tətbiq edilir. Onun sözlərinə görə Palata bunu əslində banklara yardım məqsədilə edir: “Bilirik ki, bu gün banklarda vəsait azdır. Vətəndaşlar əmanətlərini çıxarır, sahibkar isə banklarda böyük həcmli pul saxlamaq istəmirlər. Çünki, banklara etibar yoxdur. Ötən il ərzində 11 bank bağlandı və nəticədə bir çox sahibkarların pulları batdı. Bu ilin əvvəllindən də bank üzrə əməliyyatlara 1 faizli vergi tətbiq olundu. Yəni sahibkar hesabdan pul çıxardığı zaman, həmin məbləğin bir faizi dəyərində vergi ödəyir. Bütün bunlar ona görə edilir ki, pullar banklardan çıxarılmasın. Amma bu kömək yolu düzgün seçilməyib. Vətəndaşların etibarını qazanmaq istəyən bank özünü etibarlı aparmalıdır. Elə etmək lazımdır ki, bank bağlananda hesabda heç bir sahibkarın pulu batmasın. Bunu etmədikləri üçün heç kim banklara etibar etmir. Bu qərarı da ona görə vermək istəyirlər ki, sabah sahibkar pulunu çıxarmaq istəyəndə bank deyə bilsin ki, baxın bizə Palatadan məktub daxil olub və biz bu pulu verə bilmərik. Palata digər tərəfdən deyir ki, hər hansı bir şəxs əgər bankdan 15-30 min manat pul çıxarırsa, bank həmin şəxs haqqında məlumat verməlidir. Bununla da sahibkarları banklardan pul çıxarmaqdan çəkindirməyə çalışırlar. Bu daha çox sahibkarları qorxutmaq üsulu ilə pulların banklarda qalmasını təmin etmək üçün atılmış addımdır. Amma Palata həm də maliyyə monitorinqi keçirən qurumdur. Şübhəli əməliyyatlar haqqında Palataya məlumat verilə bilər. Bu qanunla da tənzimlənir”.

Vilayət Muxtar

Cebhe.info

 

10:25