Ənvər Əblucun yubileyi qeyd olunub

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında mədəniyyətimizin, milli kino sənətimizin istedadlı nümayəndəsi, özünəməxsus baxışı, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenarilər müəllifi və aktyor, əməkdar artist Ənvər Əblucun anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Kinostudiyadan bildirilib ki, çıxış edənlər Ənvər Əblucun yaradıcılığına nəzər salıblar.

Bildirilib ki, Ənvər Əbluc ömrünün 40 ilini Azərbaycan kinosuna bağlayaraq bir-birindən maraqlı neçə-neçə filmə quruluş verib. Onun “Firəngiz”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Pəncərə”, “Ağ atlı oğlan”, “Tərsinə çevrilmiş dünya” kimi bədii filmləri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. O, eyni zamanda “Mozalan” satirik kinojurnalının bir neçə süjeti, “Körpü” sənədli filmi kimi televiziya əsərlərinin də müəllifidir. Onun yaratdığı filmlərin hər biri yeni söz, yeni ifadə, yeni baxış cəhətdən milli kinomuza bəxş etdirilmiş gözəl töhfələrdir.
Ənvər Əbluc, həmçinin məharətlə səsləndirdiyi “Tehran - 43”, “Şeytan göz qabağında”, “Sibiriada”, “Firəngiz” və bunun kimi bir sıra filmlərdə dublyaj aktyoru kimi Azərbaycan kino tarixində özünəməxsus yer tutub. Vurğulanıb ki, onun bir pedaqoq kimi yetişdirdiyi gənclərin bu gün qazandıqları uğurlar fəxr ediləsidir.

Xudaferin.eu

15:19