Nümayəndələrin məhkəmə yolu bağlanır, vəkillər isə azdır – çıxış yolu nədədir?

 

Azərbaycanda nümayəndəlik institutunun ləğvi gündəmdədir. Ölkəmizdə Vəkillər Kollegiyasının üzvlərinin sayı mindən azdır. Hələ 2015-ci ilə olan məlumata görə, regionlarda 234 vəkil işləyir, bunlardan 106 nəfəri fərdi şəkildə fəaliyyət göstərir. Bakıda 600 vəkildən 60-ı fərdi şəkildə işləyir. 43 milyon əhalisi olan Ukraynada 40.000 vəkil, 4.5 milyon əhalisi olan Gürcüstanda isə 3.500-dən artıqdır. 2012-ci ilin məlumatına görə, Türkiyədə 967 nəfərə bir vəkil düşürdü. ABŞ-da paytaxt Vaşinqtonda 12, Nyu-Yorkda 124 nəfərə bir vəkil düşür. Orta hesabla Amerikada hər 300 nəfərə bir vəkil düşür.

 

İsraildə hər 100 min nəfərə düşən vəkil sayı 636.9-dur. Lüksemburqda bu göstərici 384.8, Yunanıstanda 380.7, İtaliyada 379, Almaniyada 200.5, İsveçrədə 134.9, Fransada 85.7, İsveçdə 54.9, Rusiyada 47.6 nəfər təşkil edir. Artıq məhkəmələrdə nümayəndəliklərin ləğvi ilə bağlı məsələ Milli Məclisin iclasına çıxarılacaq. Maraqlıdır, nümayəndəliklərin ləğvi nə dərəcədə münasibdir? Hüquqşünas Əkrəm Həsənov açıqlamasında bu haqda danışaraq nümayəndəliklərin ləğvini müsbət addım kimi qiymətləndirsə də, bu məsələnin hazırkı dönəm üçün uyğun olmadığını bildirib: “Prinsip etibarı ilə istiqamət düzgündür. Yaxşı olardı ki, Azərbaycan məhkəmələrində insanların hüquqlarını nümayəndələr deyil, vəkillər müdafiə etsin. Vəkillər Kollegiyasının üzviyəm, bu fikri dəstəkləyirəm. Lakin bunun üçün Azərbaycanda vəkillərin sayını azı 10 dəfə artırmaq lazımdır. Çünki bu gün ölkədə vəkillərin sayı 1000 nəfərdən artıq deyil. 1000 nəfər vəkillə insanların hüquqlarını müdafiə etmək mümkünsüzdür. Çünki elə regionumuz var ki, orada Vəkillər Kollegiyasından yalnız bir nəfər var. Bu rəqəmlə o qədər insanın hüquqlarını müdafiə etmək mümkün olmayacaq. Təkcə İzmir şəhərinin Vəkillər Kollegiyasının 9 min üzvi var. Yaxşı olardı ki, vəkillərin sayı 20 minə çatdırılsın. Bunun üçün də 3-5 il zaman lazımdır. Yalnız vəkillərin sayı artırıldıqdan sonra nümayəndəlikləri ləğv etmək mümkün olar”.
Ekspert kollegiya üzvi olan vəkillərin üstünlüklərindən də danışıb: “Vəkillər Kollegiyasına qəbul zamanı həmin şəxslər müəyyən testdən keçir, daha peşəkar olur, bir çox standartlara cavab verir. Nəsə problem yarandıqda həmin şəxsi kollegiyadan qovmaq olar. Bu gün Azərbaycanda hər yoldan ötən insanların hüquqlarının müdafiəsi ilə məşğul olur. Çox zaman bu şəxslər insanları müdafiə edə bilmir, pulunu alıb qaçır. Düzdür, elə nümayəndələrimiz var ki, onlar peşəkarlıq, dürüstülük baxımdan vəkillərdən heç də geri qalmır. Bu səbəbdən onları Vəkillər Kollegiyasına üzv qəbul etmək lazımdır. Ümid edirəm ki, bu təklif yaxın zamanlarda qəbul edilməyəcək”.

Ə.Həsənov yeni sədr seçkisi haqqında da danışıb: “Vəkillər Kollegiyasının Ümumirəyasət sədri istefa verib. İlin sonunadək yeni sədr seçiləcək. Ümid edirəm ki, bu şəxs gənc, savadlı və günün tələblərinə cavab verəcək, kollegiyanı genişləndirəcək”.

Nigar

Cebhe.info

 

09:22