Numan Kurtulmuş: Azərbaycanla Türkiyənin münasibətləri yüksək səviyyədədir

Azərbaycanla Türkiyənin münasibətləri yüksək səviyyədədir. Hər iki ölkənin hakim partiyaları olan AK Parti və YAP arasında əlaqələr də çoxşaxəlidir və səfərimiz bunu bir daha təsdiqləyir. Biz Azərbaycana səfərimizin ilk günündəyik. İlk olaraq ulu öndər Heydər Əliyevin məzarını, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban vermiş azərbaycanlı şəhidlərin məzarını ziyarət etdik. Eyni zamanda, 1918-ci ildə Bakının işğaldan azad edilməsi uğrunda döyüşən azərbaycanlı qardaşlarımıza yardım edən, bu yolda canlarını qurban vermiş Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət etdik. Bütün şəhidlərimizi rəhmətlə, şükranlıqla anırıq”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə müsahibəsində söyləyib.
Türkiyə ilə Azərbaycan arasındakı mükəmməl münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Numan Kurtulmuş bildirib: “Xüsusilə, 44 günlük İkinci Qarabağ savaşında Türkiyə dövləti və xalqı bütün gücü, imkanları ilə azərbaycanlı qardaşlarının yanında yer aldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk andan bu dəstəyi ifadə etdi, Türkiyə Azərbaycanın erməni işğalına son qoyulması mübarizəsinə dəstək oldu. Allahın izni ilə Prezident İlham Əliyevin qətiyyətli, qərarlı duruşu ilə, azərbaycanlı qardaşlarımızın cəsarəti ilə uzun illər davan edən işğal sona çatdı, Qarabağ azadlığına qovuşdu. Bu münasibətlə Azərbaycan xalqını bir daha təbrik edir, şəhidləri böyük ehtiramla yad edirəm”.
Onun sözlərinə görə, iki ölkə arasındakı sıx münasibətlər hakim YAP və AK Parti əlaqələrinin gücləndirilməsini də zəruri edir. “Pandemiya şərtlərinə rəğmən, iki partiya arasında çox sıx əməkdaşlıq gerçəkləşib. Daha əvvəl onlayn konfranslar keçirmişik. Ən son konfransımız ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuşdu. Həmin onlayn konfransda ABŞ-da uydurma “erməni soyqırımı”nın gündəmə gəlməsi, İkinci Qarabağ savaşından sonra bölgədəki vəziyyəti müzakirə etdik. Çox böyük və geniş müzakirə apardığımız bir konfrans oldu. Ardınca isə YAP Sədrinin müavini Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər etdi. Biz də bu səfərimiz zamanı bu gün rəsmi görüşlərimizi keçirəcəyik. Sabah günortadan sonra Gəncəyə səfər edəcəyik. Çərşənbə günü isə Gəncədə üz-üzə konfrans keçirəcəyik. Konfransın mövzusu da ortaq mədəni dəyərlər üzərindən iki ölkənin daha da bir-birinə yaxınlaşması imkanları ilə bağlı olacaq. Dil, din, tarix, mədəniyyət kimi təməl ortaq dəyərlərimizlə Azərbaycanla Türkiyə arasında “tək millət, iki dövlət” olaraq var olan bu qərarlılığımızı bir daha nümayiş etdirəcəyik”, - deyə o qeyd edib.
AK Parti Sədrinin birinci müavini vurğulayıb: “Biz Azərbaycana böyük nümayəndə heyəti ilə gəlmişik. İki partiya arasında səmimi əlaqələri daha da zənginləşdirəcəyimizə, gücləndirəcəyimizə inanırıq. Bu, hər iki dövlət üçün də xeyirli olacaq. Xüsusilə, bundan sonrakı dönəmdə Qarabağın, regionun sülh və əməkdaşlıq bölgəsi olması üçün səylərimizi daha da gücləndirəcəyik”.

Xudaferin.eu

18:58