Nərmin Nəcəfli “Müxtəlif dövrlərin musiqi ahəngləri” konsert proqramı ilə Almaniya səhnəsində

Fevralın 4-də Almaniyanın paytaxtı Berlində gənc istedadlı azərbaycanlı pianoçu Nərmin Nəcəfli “Müxtəlif dövrlərin musiqi ahəngləri” adlı konsert proqramı ilə çıxış edəcək. Almaniyanın Şlos Britz Mədəniyyət Fondunun təşkil edəcəyi konsert proqramı dünyaca məşhur bəstəkarlar - İohann Sebastian Bax, Volfqanq Amadey Motsart, Frederik Şopen, Robert Şuman və Ferens Listin yaradıcılığına həsr olunacaq. Nərmin Nəcəfli konsert proqramına dahi alman bəstəkarı, çoxsəsli musiqinin atası Baxın əsərləri ilə başlayacaq. Sonra istedadlı pianoçumuz yuxarıda adları qeyd olunan dahi bəstəkarların əsərlərindən parçalar səsləndirəcək. Konsert haqda daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: www.schlossbritz.de.

Qeyd edək ki, 1996-cı il noyabrın 17-də Bakıda dünyaya göz açan Nərmin Nəcəfli 2014-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə (əməkdar müəllim Ədilə Rəhimovanın sinfi) bitirib. O, təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın Hannover şəhərində Musiqi, Dram və Media Universitetinin III kursunda (bakalavr) professor Bernd Goetzkenin sinfində davam etdirir. N.Nəcəfli həm də imtahansız Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında instrumental ifaçılıq (fortepiano) ixtisası üzrə oxumaq hüququ qazanıb. 2012-ci ildə Estoniyanın Narva şəhərində keçirilən IX Beynəlxalq Şopen müsabiqəsində I yerə layiq görülməsi ona bu imkanı yaradıb. O, 2014-cü ildə prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. Nərmin Nəcəflinin uğurları haqqında çox danışmaq olar. O, harada, hansı ölkədə çıxış etməsindən asılı olmayaraq hər zaman alqışlarla qarşılanıb, ifası ilə insanların sevgisini qazanmağı bacarıb. İnanırıq ki, bu dəfə də belə olacaq. Berlindəki çıxışı ilə də Azərbaycanın adını yenə də yüksəkliklərə qaldıracaq və uzun zamanlar yaddaşlardan silinməyəcək.

Xudaferin.eu

11:28