Nərgizava nekropolunda aparılan yeni arxeoloji tədqiqatlar ellin–antik dövrünə dair yeni bilgilər verir

AMEA-nın müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası 2018-ci ilin mayında Ağsu rayonunun Gəgəli kəndində yerli sakin Sahib Mirzəyevin həyətində 70 kvadratmetr sahədə arxeoloji kəşfiyyat qazıntısı aparıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, qazıntı zamanı 40 santimetr dərinlikdən başlayaraq şum işləri zamanı dağılmış təbəqənin qarışıq materialları və insan skeletlərinin qalıqları üzə çıxıb. 80 santimetr dərinlikdən başlayaraq qəbirlərdə yaxşı qalan skeletlər və ətrafına qoyulmuş saxsı məmulatı, eləcə də metal əşya və bəzək nümunələri aşkar olunub. Ümumilikdə indiyə qədər 25 qəbir qeydə alınıb, onların bəzilərində bir neçə skeletə rast gəlinib.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Nərgizava abidəsi Azərbaycan tarixinin eramızdan əvvəl III və eramızın III əsrlərində Qafqaz Albaniyasının ellin-antik dövrlərinə dair bilgilər verir. Abidənin qəbirləri pilləli şəkildə dəfnlə xarakterizə olunur. Qəbirlərin skeletinin vəziyyəti sıx və zəif bükülü, başının istiqaməti əsasən şimal-qərbə, sağ böyrü üstə, üzü cənub-şərqə olub, ayaq və baş ucuna nərgizava tipli dördqulplu saxsı maye qabı və digər saxsı su və yemək qabarı qoyulub. Bütün qablar ellin dövrünə xas olan qırmızı oxra ilə rənglənib. Skeletlərin ətrafından müxtəlif rəngləri olan çaxmaqdaşılar da götürülüb. Dəmirdən xəncər, bıçaq, ox ucluqları və nizə ucluqları aşkar olunub. Əksər skeletlərin üzərində ocaq qalanması ayininin izlərinə rast gəlinib. Antropoloq Vüsal Həsənov qeyd edir ki, skeletlərin bəzilərində xəstəlik izləri də müşahidə olunur. Qazıntının genişləndirilməsi və dərinləşdirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq. Altı yerdə qəbirlərin aralarındakı məsafə 40-60 santimetr olmaqla pilləlidir.

Tunc kəmər başlıqları öz bədii gözəlliyi ilə seçilir. İnsan və heyvan təsvirli belə kəmər və toqqa başlıqları Nərgizava abidəsi üçün səciyyəvidir. Qazıntı zamanı 9 saylı qəbirdən bir ədəd Parfiya sikkəsi də üzə çıxıb.

Qeyd edək ki, qazıntı mövsümündə Gəgəli kəndinin yaxınlığındakı Yasamal qobusunun kənarında 20 kvadratmetr sahədə yaşayış yerinin üzə çıxarılması istiqamətində də işlər görülüb. Həm nekropolda, həm də ehtimal olunan yaşayış yerində işlər hələ sona çatdırılmayıb. İşlərin yekunlaşdırılması üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun Nərgizava ekspedisiyasının yenidən ezam olunması nəzərdə tutulur.

12:35