Novruz Bayramı Serbiyada qeyd olunub

 

Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə xalqımızın qədim və sevimli Novruz bayramı qeyd olunub. Ölkəmizin Serbiyadakı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan diasporunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Serbiyadakı səfirliyi xalqımızın birlik və mehribanlığının, qədim adət-ənənələrə olan bağlılığının və baharın gəlişinin rəmzi olan Novruz haqqında Serbiyadakı azərbaycansevərlərə məlumat verib, 2010-cu ildə BMT-nin Baş Məclisi tərəfindən mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” elan olunduğunu deyib. Serbiya-Azərbaycan münasibətlərinə toxunan səfir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksəlməkdə olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanın milli geyimlərində olan uşaqlar Novruz haqqında şeirlər və mahnılar ifa edib, milli rəqsləri nümayiş etdiriblər. Azərbaycan icmasının üzvləri və serbiyalı qonaqlar bayramı səməni, rəngbərəng yumurtalar və Azərbaycan mətbəxinin ləziz şirniyyatları olan şəkərbura, paxlava, qoğal və s. ilə bəzədilmiş süfrə ətrafında qeyd ediblər.

Xudaferin.eu
“Avropa Bürosu”

 

06:42