“Nizaminin sələfləri və xələfləri” adlı park salınır

 

Səfalı təbiəti və əlverişli turizm imkanları ilə seçilən Gəncənin Hacıkənd qəsəbəsində “Nizaminin sələfləri və xələfləri” adlı park salınır. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

 

Hacıkənd qəsəbəsinin mərkəzində parkın salınmasında məqsəd ərazidə yaşıllıq və mikroiqlim mühiti yaratmaq, bu bölgəyə gələn turistlərin mənalı istirahətini təşkil etməkdir. Bu ilin birinci yarısında yalnız Göygöl Milli Parkına 32 ölkədən çoxlu sayda qonaq və turist gəlib. Xarici qonaqlar həm də Hacıkənddə olub, bu yerlərin füsunkar mənzərəsini seyr ediblər.

Hazırda parkda tikinti işləri davam edir. Parka suvarma sistemi çəkilib, ətrafda ağac və gül kol kolları əkilib. Parkın yuxarı hissəsində postament üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılıb. Abidənin qarşısında tikilmiş ayrı-ayrı postamentlər üzərində isə Nizami Gəncəvidən əvvəl və sonra yaşamış şair və yazıçıların heykəli ucaldılacaq. Parkın müxtəlif yerlərində həmin görkəmli şəxslər haqqında məlumat lövhələri qoyulacaq. Beləliklə, Hacıkəndi ziyarət edən hər kəs burada istirahət etməklə yanaşı, həm də Azərbaycanın dahi şəxsiyyətləri haqqında məlumat əldə edəcək.

Hicran Məmmədova

Gəncə

07:00