Nizami Gəncəvinin simasında bütün özbəklər Azərbaycanı sevirlər

Alim Məhəmmədəlinin 25 yaşı var, ixtisasca rəssamdır. Özbəkistanın Namanqan şəhərində yaşayır. Onun çəkdiyi tablolarda Azərbaycan və Özbəkistan mənzərələri üstünlük təşkil edir. Alim bəyin əsərləri təbiət və sadə insanların obrazlarının əsasında  canlı əfsanələri xatırladır. Azərbaycan və Özbəkistan arasında bunca mədəni əlaqələrə önəm verməsinin sirrini atası Erkinbaydan öyrənib. Özünün də etiraf etdiyi kimi, klassik janrda əsərlər yaratmaqla iki qardaş xalqın ruhunu tablolarda canlandırmaqdan zövq alır. 

–Alim bəy yəqin ali rəssamlıq təhsilini də almısan. 
–Elədir. Uşaqlıq çağımdan atam məni Namanqanda rəssamlıq kurslarına aparanda və ilk dəfə fırça tutmağın sirlərini öyrənəndə gecələr hamıdan xəbərsiz oyanıb rəsmlər çəkərdim. Orta məktəbi bitirib Daşkənddə Kamaləddin Behzad adına Rəssamlıq Akademiyasına daxil oldum, bu sənətə olan sevgim daha da artdı. Artıq bir ildir ki, tam sərbəst rəssamam. Ancaq ali təhsil aldığım illərdə Kamalədin Behzadın kimliyi ilə çox maraqlanırdım. O, biz özbək türklərinin qədim mədəniyyət mərkəzlərindən biri sayılan  Xocənddə anadan olsa da, bütün həyatını Azərbaycanın ən qədim başkəndi Təbrizdə yaşaması mənim üçün maraqlı gəlirdi. XVI yüzil türk sənətşünası Mustafa Çələbi Əlinin “Mənaqibi hünərvəra” adlı əsərini oxuduqdan sonra, bu dahi rəssama o qədər heyran oldum ki, fikrimi sözlə ifadə edə bilmirəm. Kamaləddin Behzadın bütün yaradıcılığı Türk Dünyasının ortaq mədəniyyətinin zirvəsi də hesab etmək olar. 
–Onu Bakıda Azərbaycan rəssamı kimi tanıyırlar. 
–Olsun, burada təəccüblü heç nə yoxdur. Ünlü şair Məhəmməd Füzulini Türkiyədə, Azərbaycanda və Türkmənistanda hamı öz milli şairi kimi tanıyır. Buna normal baxmaq gərəkdir. Kamaləddin Behzada özbəklər və azərbaycanlılar ortaq ovladları kimi dəyər verirslərsə, buna görə sevinmək gərəkdir. Fikrimcə ayrıntılar əsasında deyil, uzlaşmalar üzərində özümüzə baxmaqlıyıq. Azərbaycan kökənli Maqsud Şeyxzadə çağdaş özbək ədəbiyyatının təməldaşı sayılır. Onun “Əmir Teymur” əsərini Özbəkistanda bilməyən yoxdur. 
–Bəs Kamaləddin Behzadın yaradıcılığında səni cəlb edən nədir? 
–Müstəvi üzərində kompozisiya qurmaq, orada canlandırılan hər bir obrazın xarakteri və ruhunu yaratmaq, rənglərin dili ilə böyük bir eposu xatırladan bu mıdəni irsə dünyada heç kimsə sahib çıxa bilməmişdir. Dünyalarca ünlü rəssam kimi tanınan Viktor Vazareli kimi dahilər həyatı boyu rəssam, heykəltaraş və nəzəriyyəçi olaraq miniatür sənətinin sirlərini öyrənməyə çalışsalar da buna nail ola bilməmişlər. Müstəvi üzərində sənətin plastikasını və obrazların möhtşəm xarakterini  yaratmaq Türk Rəssamlıq Məktəbinə nəsib olmuşdur. Bu məktəbin ən dahi ustadı isə Kamaləddin Behzaddır. 

–Qədim türk miniatür sənətinin sirlərini bilən bir rəssam olaraq, bəs nədən özün bu janrda özünü sınamırsan? 
–Bu çox böyük bir məsuliyyət deməkdir. Buna görə ayrıca məktəbini keçməlisən. Çox təəssüflər olsun ki, Çarlıq Rusiyası Türküstanı işğal etdikdən sonra, sənətin bu janrının inkişafına mane olunmuşdur. Keçmiş Sovetlər Birliyi dönəmində isə tamamilə yasaq edilmişdir. Son 30 ildə Özbəkistanda miniatür sənəti yenidən öyrənilir və bu yöndə elmi araşdırmalar aparılır. Bəzi rəssamlarımız Kamaləddin Behzadın irsini davam etdirmək üçün miniatür sənətinin üslubunda əsərlər yaratsalar da, hələ ki, onun zirvəsinə çata bilmirlər. 
–Axı indiki texnologiyalar buna imkan verir ki, miniatür sənətinin istənilən üslubunda öz fikirlərini ifadə edə biləsən. 
–Bu doğrudur. Ancaq, fikrimcə bunun üçün Bakıdakı çağdaş Azərbaycan Rəssamlıq Məktəbinin təsiri altında bütün bu uğurlara imza ata bilmək üçün orada təhsil almalısan. Azərbaycanın Rasim Babayev, Mircavad Cavadov, Fəxrəddin Məmmədvəliyev, Ələkbər Ağasiyev kimi çox möhtəşəm dahi rəsaamları var. Hətta miniatür sənətini ilk dəfə xalça sənətinə transfer edən Azərbaycan rəssamları var. Bakıda Fazil Nəcəfov kimi dahi bir heykəltaraş yaşayır. Onun bütün heykəlləri miniatür sənətinin janrındadır. Dünyada heç bir heykəltaraş onun kimi möhtəşəm sənət əsərləri yarada bilməyib. Bununla yanaşı, Azərbaycanda miniatür sənətini keramika və dekorativ tətbiqi sənətin digər sahələrinə də tətbiq edirlər.

–Bəs bunları haradan bilirsən?  
–Özbəkistanda rəssamlıq sənəti bir neçə qola ayrılır. Bu, yerli milli və ənənəvi sənətlə, dünya rəssamlıq məktəblərinin təsiri altında yaradılan əsərlərlə və Türk Dünyasının milli və mədəni mirasını özündə ehtiva edən yaradıcılıqla bağlıdır. Özbəkistanda əsasən milli sənət məktəbi olaraq Daşkənd, Nukus, Fərqanə, Əndican, Namanqan, Səmərqənd, Kokand və Buxara məktəbləri mövcuddur. Əslən Azərbaycandan olan bir heykəltaraş rəssam var idi Məhəmməd Dəmirçioğlu. Atamın yaxın dostu idi. Hər dəfə Özbəkistana gələndə Azərbaycan rəssamlarının albomlarını, kataloqlarını da özü ilə gətirərdi. Məhəmməd Dəmirçioğlu gözəl heykəltaraş olmaqla yanaşı, həm də çox möhtəşəm şair idi. Sazda bütün aşıq havalarını çalardı. Onun yaratdığı əsərlər elə indinin özündə belə, çox böyük maraqla qarşılanır. Atama hədiyyə etdiyi Azərbaycan rəssamlarının haqqında dərc olunmuş albomları seyr etdikcə çox şeylər öyrənmişəm. Azərbaycan rəssamlıq məktəbinin tanınmış simalarından biri də Toğrul Nərimanbəyovdur. O, Özbəkistanda anadan olub. Səmərqənddə keçən uşaqlıq illəri sürgün həyatı olmayıb. Səmərqənddə indinin özündə belə, kökəncə azərbaycanlı olan minlərlə insanlar yaşayırlar. Elə bizim Namanqan şəhərində xeyli sayda sizin soydaşlarınız var. Özbəklərin elə bir toy-düyünü olmaz ki, orada Azərbaycan xalq və bəstəçi mahnıları oxunmasın. Bütün bunlar bizlərin nə qədər bir-birimizə bağlı olan toplumlar kimi təsdiqidir. 

–Azərbaycanda oldunmu? 
–Dəfələrlə. Öz şəxsi təşəbbüsümlə gəldim. Şəki, Göy-Göl, İsmayıllı və Qax rayonlarının dağ kəndlərində kirayə ev tutaraq çoxlu tablolar yaratdım. Azərbaycanın təbiətinin çoxlu sirri var. Elə bil hər bölgə özünə məxsus təbiətinə və xarakterinə malikdir. Qarabağdan olan köçkünlərin taleyi ilə bağlı silsilə əsərlərin üzərində işləyirəm. Onlar acınacaqlı taleyi yaşamağa məhkum olsalar da, öz rənglərini, xarakter və düşüüncələrini və nə qədər özümlü olduqlarını itirməyiblər. Əsərlərimdə heç zaman təmtəraqları, şən əhval-ruhiyyəni işləmirəm. Ən çox sadə insanların özümlü xarakterlərini canlandırmağa çalışıram. Sadəliyin içində yer alan lirizmi, saflığı və diri olan dəyərləri görmək əslində yaradıcı bir insan üçün daha doğmadır. Özünün intim xarakterinin özəlliklərini ifadə edən rəssamları sənət adamı kimi qəbul etmirəm. Bizdə olduğu kimi, Azərbaycanda da bu tip rəssamları gördüm və çox üzüldüm. Sətta Bəhlulzadə isə heç bir zaman təkrar olunmayacaq bir rəssamdır. Bu qədər bənzərsizliyi olan rəssamın əsərləri qarşısında demək olar ki, baş əyirəm. İndinin özündə belə, Səttar Bəhlulzadə yadıma düşəndə ruhum titrəyir. Bu qədər zərif və incə, rənglərin harmoniyasının plastikasını və onun poetikasını yaradan başqa bir dahi rəssam tanımıram. 
–Belə çıxır ki, sən Özbəkistanda Azərbaycan rəssamlığı haqqında öyrənmək istəyənlər üçün xüsusi kurslar da təşkil edə bilərsən. 
–Əsla. Sadəcə Azərbaycanda gördüklərimi və duyduqlarımı təhlil edərək danışa bilərəm. Bir də Kamaləddin Behzadın nədən Azərbaycan sevdalısı olduğunun sirrini izah etməyə çalışaram. Bu barədə elmi səviyyədə çıxış etmək üçün zaman gərəkdir. Mən hələ çox gəncəm. Sadəcə düşüncələrimi bölüşə bilərəm. Təbii ki, rəssamlıqla bağlı araşdırmalarım var. Bunun da tək səbəbi sənətdə özünü təsdiq faktıdır. Düşünürəm ki, çağdaş Türk Dünyası mədəniyyətinin tərkib hissəsi olan rəssamlıqla bağlı çoxlu sərgilər düzənlənməlidir. Bu yöndə ortaq dərsliklər tədris edilməlidir. Mədəni mirasımızı daha da dərindən öyrənməklə Türk Dünyasının mədəni inteqrasiyasına nail olmaq mümkündür.

–Özbəkistandakı Azərbaycan Diasporu ilə əlaqələrin varmı? 
–Özbəkistanda yaşayan Azərbaycan, Ahısqa, Qazax, Noqay, Uyğur, Türkmən, Tatar, Başkort, Çuvaş, Qaraçay Türklərini heç bir zaman diaspor qismində saymadım. Atam da belə deyir. Eyni dilə, tarixə və mədəniyyətə malik olan xalqların burada qonaq və ya diaspor kimi qarşılanmasını başa düşmürəm. Onlar əslində vətəndən vətənə gəlmiş bizim qardaşlarımızdırlar. Buna görə də azərbaycanlılar Özbəkistanda özlərini vətəndə olduğu kimi hiss edirlər. Bu bir şüuraltı instinkdir. Dil baxımından hansısa çətinliklərimiz də yoxdur. Daşkənddəki Dövlət Pedaqoji Universiteti dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Onun yaradıcılığına Əmir Əlişir Nəvai qədər böyük qiymət verən ikinci fikir adamı yoxdur. Nəvainin Nizami haqqındakı fikirlərini öyrənərək Nizami Gəncəvinin simasında uşaqlıq çağımızdan Azərbaycanı sevirik. Orta məktəblərdə dərs deyən bütün ədəbiyyat müəllimlərimiz Nizami Gəncəvini əzbər bilirlər. Özbəkistanda 9765 orta məkətəb fəaliyyət göstərir. Bu da təqribən 3 milyon şagird deməkdir. Deməli hər il 3 milyon özbək şagirdi dahi Nizami Gəncəvinin irsini öyrənir. 1948-ci ildən Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universitetində 25 min tələbə təhsil alır. Universitetin binasının qarşısında onun heykəli qoyulubdur. Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı burada böyük bir kitabxana fəaliyyət göstərir. İldə bir neçə dəfə Azərbaycan Diasporu ilə birlikdə burada mədəniyyət tədbirləri keçirilir. Bununla da 25 min tələbə dahi Nizaminin yaradıcılığını da öyrənir. Özbəkistan-Azərbaycan əlaqələri haqqında tarix, ədəbiyyat və mədəniyyət üzrə elmi araşdırmaların gündəmə gətirilməsi, qarşılıqlı konfransların keçirilməsinin zamanı çatmışdır. Azərbaycan diasporunun aıdna bir çox soydaşlarınızla əlaqələr saxlayıram. Özəlliklə də daha çox gənclərlə təmasda oluram. Namanqanda bizim qonşularımız var. Bizimlə ailəvi dostdurlar. Əslən Qazax, Gəncə və Tiflisdən olan qonşularımızla hər zaman qürur duymuşam. Onlar burada özlərini lap vətəndə olduğu kimi hiss edirlər. 
–Öz fərdi sərgini açmaq haqqında düşünürsənmi? 
–Çox istəyərdim ki, TÜRKSOY-un vasitəsilə Türk Dünyası gənc rəssamlarının türk dövlətlərində ortaq sərgiləri açılsın. Bununla da gənc rəssamlar bir-biri ilə yaxından tanış olmaqla yanaşı, yaşlı nəslin bizə miras qoyduğu ənənələri yeni nəsillər davam etdirsin. Bütün türk dövlətlərindəki rəssamlıq akademiyalarında ortaq tədris kitablarımız olsun. Həm tarixi, həm də çağdaş rəssamlıq məktəblərinin tədrisi uzlaşan yeni Türk Dünyası mədəniyyətinin vahid orqanizminə çevrilsin. Mənim üçün çox tezdir fərdi sərgi açmağa. Ona görə ki, hər bir rəssamın fərdi sərgisi sənətsevərlər qarşısında böyük bir hesabat deməkdir. Bəzən elə olur ki, rəssamlıq sənətinə meyilli olan və bir qədər də həvəskarcasına yanaşan imkanlı meşşan ailələrə rast gəlirik. Onlar demək olar ki, ildə bir neçə dəfə fərdi sərgilərini açırlar. Hətta imkanlarından istifadə edərək ünlü sənətçiləri dəvət edirlər və onların haqqında yüksək ibarələr işlədilməsinə çalışırlar. Bu, sənətə tamamilə yanlış bir baxışdır. Sənət o zaman əsil sənətə çevrilir ki, məsuliyyət deyilən dəyərə önəm verilir. Fikrimcə fərdi sərgimi ancaq 10 ildən sonra aça bilərəm. Rəssamlıq Akademiyasını yenicə bitirmişəm. Sənətdə səsi, nəfəsi və imzası olan rəssamın mənəvi baxımdan buna o zaman ixtiyarı çatır ki, illərin təcrübəsini nümayiş etdirə bilsin. Bu həm də sənət qarşısında məsuliyyət deməkdir. 
–Bəs indi yaradıcılığınla bağlı hansı mövzuların üzərində işləyirsən? 
–Azərbaycana səfərimdən sonra, Qarabağdan olan köçkünlərin həyatı ilə bağlı silsilə əsərlər üzərində çalışıram. Babam Hüseyncan 1918-1920-ci illərdə Türküstanda süni şəkildə elan edilmiş “Sentrokaspi” hökumətinə qarşı döyüşüb. Bu hökumətin arxasında gizlənən ermənilərin silahlı quldur dəstələri dəhşətli soyqırımlar törədiblər. Babam Namanqanda onlara qarşı yerli əhalini səfərbər edərək ən ağır döyüşlərdə iştirak edib. Daşkənddə bu tarixi həqiqətləri çılpaqlığı ilə göstərən kitablar dərc olunur. Biz özbəklər Azərbaycanın torpaqlarının ermənilər tərəfindən işğalına göz yuma bilmərik. Hər birimiz qardaş Azərbaycan xalqına əlimizdən gələn dəstəyimizi verməliyik.   

Söhbətləşdi: Ə. Yusifoğlu

 

17:10