Nilufər Puribrahim: “Azərbaycanlı olduğum üçün qürur duyuram”

Nilufər Puribrahim əslən Güney Azərbaycanın Qəzvin şəhərindəndir. Öncə ilkin orta təhsilini Qəzvin şəhərində almışdır və sonra isə ailəsi ilə birlikdə ABŞ-da köçmüşdür. Nilufər xanım bu gün dünyanın ən qaynar nöqtələrində Amerikada dərc olunan qəzet və dərgilər üçün professional fotoqraf kimi fəaliyyət göstərir. Onun özünü odun-alovun içinə ataraq həyatı bahasına maraq doğuran fotoları ilə tanınması peşəsinə olan dərin marağı və vurğunluğunu sözlə ifadə etmək çox çətindir. O, ürək yanğısı ilə Orta Şərqdəki savaş qaçqınlarının acı taleyini foto obyektivə köçürərək əsil gerçəkləri beləcə üzə çıxarır. Elə onunla söhbətimiz də sevdiyi peşəsindən başladı.

 
–Nilufər xanım, gənc bir qadın üçün İraq, Suriya, Somali, Əlcəzair, Misir, Liviya və digər ölkələrdə yaşanılan vətəndaş savaşlarının tən mərkəzində olmaq, bu qanlı olayları lentə köçürmək çətin deyil ki?
–Əlbəttə çox çətindir. Odun-alovun içinə girməklə hər an həyatını da itirə bilərsən. Mən bütün bunlara baxmayaraq, indi dünyanı heyrətə salan olayları fotoaparatımla tanıtmaq kimi işimdən ayrıca zövq alıram. Sözün bitdiyi yerdə gerçəkləri düzgün şəkildə tanıda biləcək tək sənəd fotodur.
–Yəqin bədii qrafikanın da sirlərini öyrənmisən.
–Bunsuz foto sənəti bir heçdir. Foto sənətinə maraq göstərənlərə tək tövsiyəm odur ki, qrafik sənəti öyrənsinlər. Çünki, hər bir fotonun özəlliklərini tamaşaçıya aydın bir şəkildə izah etməyin tək yolu budur. Çəkcəyin fotonun mövzusunu cizgilərin dili və onun bədii yorumu ilə oxucuya və ya tamaşaçıya çatdırmaq bu peşənin başlıca sirridir.
–Bəs özünün bir fotoqraf kimi sərgilərin olubmu?
–Demək olar ki, VOA (Voice of America) təşkilatının üzvü olan hər bir fotomüxbirin fərdi sərgiləri ildə bir neçə dəfə keçirilə bilər. Bu, həmin fotomüxbirin işlərinin əmsalından asılıdır. Mənim demək olar ki, ABŞ-da dərc olunan bütün KİV-lərin redaksiyalarında çəkdiyim fotolar saxlanılır. Fərdi sərgi məsələsinə tələsmirəm. Ancaq, ümumi sərgilərdə isə iştirak etmişəm. “USA Today”, “The Wall Street Journal”, “The New York Times”, “Los Angeles Times”, “Chicago Tribune”, “The Washington Post”, “Daily News”, “New York Post”, “The Denver Post”, “The Times Of Earth”, “The Dallas Morning News”, “The Philadelphia Inquirer”, “Houston Chronicle”, “The Detroit News[en] / Detroit Free Press”, “Star Tribune”, “The Star-Ledger”, “The Boston Globe”, “The Arizona Republic”, “The Atlanta Journal-Constitution”, “Newsday”, “The Plain Dealer”, “San Francisco Chronicle”, “Tampa Bay Times”, “The Seattle Times / Seattle Post-Intelligencer”, “St. Louis Post-Dispatch” kimi tanınmış mətbu orqanlarla daimi əməkdaşlığım vardır. Hər gün ABŞ KİV-lərində yer alan çəkdiyim fotolar elə mənim üçün böyük bir sərgi anlamını verir. Çünki, insanlar həmin fotoların sayəsində gərgin bölgələrdə yaşanılan olayların canlı şahidinə çevrilirlər.
–Bir azərbaycanlı olaraq xalqımızı tanıtmaq baxımından ABŞ KİV-lərində çəkdiyin fotoların dərc olunubmu?

–Dəfələrlə olub. Bundan hər zaman qürur duymuşam. ABŞ-ın Nyu York, Vaşinqton, Pensilvaniya, San-Fransisko və digər şəhərlərində Azərbaycan və Türk diaspor təşkilatlarının “Xocalı Soyqırımı” və “Qarabağ” həqiqətləri ilə bağlı aksiyaların fotolarını çəkmiş və bunlara görə heç bir qonorar da istəməmişəm. Güney Azərbaycanda ana dilində təhsil almaq aksiyaları ilə bağlı çəkdiyim fotolar demək olar ki, dünyanın əksər ölkələrinin KİV-lərində yer almışdır. Çox zaman həmin fotoları imzasız olaraq, yəni anonim şəkildə yaymışam. Ona görə ki, vətən məsələsində siyasi alver edənlərdən heç bir zaman xoşum gəlməyib. Vətənin və xalqın üçün etdiklərinə görə fikrimcə buna “MİLLİ BORC” kimi yanaşılmalıdır.
–Bəs ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə necə, əlaqələrin varmı?
–Mənim bütün Azərbaycan diaspor təşkilatları ilə əlaqələrim olsa da, heç birinin üzvü deyiləm. Ona görə ki, hansısa bir təşkilata üzv olacağım təqdirdə, digərləri ilə rəqabətdə tərəf olmağı sevmirəm. Sağ olsunlar hansı təşkilatın Azərbaycan naminə tədbirləri olursa, məni də dəvət edirlər. Sevə-sevə mərasimlərin və aksiyaların fotolarını obyektivə köçürürəm. ABŞ-da fəaliyyət göstərən Qaraçay, Anadolu, Krım və Ahısqa Türklərinin də aksiyalarına böyük həvəslə qatılıram.
–Siz həm də İranda insan haqları ilə bağlı beynəlxalq tədbirlərdə fəal müxbir kimi də iştirak edir, hətta ən operativ verilişləri belə hazırlayırsınız.
–Bilirsiniz ki, Orta Şərqdə 2002-ci ildən üzü bu yana yüzminlərlə insanlar iç savaşların qurbanları olublar. Bundan əlavə milyonlarla insanlar yurd-yuvalarından didərgin düşüblər. Yüzminlərlə insan savaş əlili kimi dəhşət saçan bir taleni yaşamağa məhkum qalıb. Bütün bunların İranda da baş verməsini qətiyyən arzu etmirəm. Çünki, hər hansı bir vətəndaş savaşı çıxarsa, bunun ən çox acısını Güney Azərbaycan çəkəcəkdir. Ona görə də, İranla bağlı islahatların aparılması, tədricən demokratik hüquqların tanınması, bütün xalqların öz ana dilində təhsil alması, milli-mədəni hüquqlarına sahib çıxması kimi sivil yolla addımlamağın tərəfdarıyam. ABŞ-da durum belədir ki, bizləri İran mühacirləri kimi tanıyırlar. Siyasi və strateji çevrələrdə Güney Azərbaycanın nə demək olduğunu çox yaxşı bilirlər. Ancaq, ABŞ-dakı 300 milyona yaxın əhalinin bundan demək olar ki, heç xəbəri belə yoxdur. Ona görə də ayrıca Güney Azərbaycan deyil, İran problemlərini qabardırıq ki, insanlar bizləri doğru-düzgün başa düsünlər.
–Bəs Quzey Azərbaycanla bağlı fikirləriniz nədir?
–Dəfələrlə Bakıda olmuşam. Gəncə bizim Qəzvinə çox bənzəyir. Bu şəhərin hər qarışını gəzib dolaşdıqca Qəzvində yaşadığım uşaqlıq illərim yadıma düşüb. Qəhərdən boğazım tutulub. Göz yaşları içində böyüyüb boya-başa çatdığım torpaqların acı xatirələri yadıma düşüb. Təəssüflər olsun ki, Quzey Azərbaycanla bağlı professional şəkildə hazırlanmış fotoalbomlar, DVD-lər və digər vəsaitlər azdır. Bir yandan da qiymətləri də çox bahadır. İnan ki, qürbət taleyi yaşayan hər bir azərbaycanlı çox istərdi ki, Azərbaycanımızın hər bir güşəsini xatırladan, peşəkar səviyyədə hazırlanmış fotoalbomları geri döndüklərində özləri ilə aparsınlar. Bu çox asan bir işdir. Hər bir bölgənin yerli mədəniyyət idarəsi bu işi yüksək səviyyədə hazırlaya bilər. Bunun üçün dövlət büdcəsinin cibinə də girmək gərək deyil. ABŞ-da belədir. Hər bir bələdiyyə öz bölgəsinin fotoalbomlarını nəşr edir və bura gələn turistlər üçün xatirə kimi sərbəst şəkildə köşklərdən, ya da kitab mağazalarından alınır. Bununla da yerli bələdiyyənin büdcəsinə əlavə vəsaitlər daxil olur. Çox istərdim ki, Quzey Azərbaycanda buna diqqət yetirilsin. Bu, sadəcə fotoqraf marağımla ilgili deyil.
–Vətənimizin inkişafı, tarixi, turizmi və mədəniyyəti ilə bağlı ABŞ-da tanıtım baxımından hansısa bir layihəni həyata keçirmək fikriniz varmı?
–Bu çox maraqlı bir ideyadır. Əlbəttə bunu çox istərdim. Azərbaycanımızı qarış-qarış gəzib, dünya standartlarına uyğun fotoalbomlar hazırlamaq mənim üçün böyük bir zövq olardı. Güney Azərbaycanın Həmədan, Qəzvin, Zəngan, Miyanə, Savə vilayətləri ilə ilgili belə fotoalbomlar vaxtilə hazırlamışam. Qaşqay Türkləri və Şahsevən elatları ilə bağlı bir sıra layihələrim vardır.
–Bəzən xaricdəki diaspor təşkilatlarımız arasında xoşagəlməz hallar yaşanılır. Buna necə baxırsınız?

–Min dəfələrlə təəssüflər olsun ki, bəzi insanlarda süni liderlik iddiası vardır. Bunun özü təsdiq edir ki, lider olmaq istəyən insanın ağlı yerində deyil. Biz XV yüzildə yaşamırıq ki. Feodalizm çağının qanunlarının bu günə qədər gəlib çatması çox üzücüdür. İnsan öz işinin keyfiyyətli və məzmunlu olması üçün mübarizə aparmalıdır. Liderlik xəstəliyinə tutulmuş insanlar hər yerdə bizlərin milli diaspor kimi inkişaf etməyimiz baxımından çox zərərli addımlar atırlar. Biz onlara “tribuna xəstələri” deyirik.
–Nədən bu fikrə gəlmisiniz?
–Çünki, onlar uzun-uzadı bəlağətli çıxışları ilə mənasız fikirlərdən savayı heç nə etmirlər. Bütün bunlar hətta ən gözəl ideyaları belə bayağılaşdırır. Bu növ xarakterdə olan insanlar başa düşümürlər ki, təşkilatın üzvü insandır. Ona sayğı ilə yanaşmaq gərəkdir.
–Sizin fikrinizcə ABŞ-da Azərbaycanı tanıyırlarmı?
–Neft ölkəsi kimi Azərbaycan daha çox məşhurdur. Mən çox istərdim ki, Azərbaycanı və onun xalqını həm də dünyanın ən mədəni varlığı kimi tanısınlar. Çünki, ölkəmiz digər Orta Şərq dövlətlərindən fərqli olaraq, öz mədəniyyəti ilə ən üstün bir səviyyədədir. İnan ki, Dövlət Simfonik Orkestri, Dövlət Estrada Orkestri, Dövlət Xalq Çalğı Alətləri Orkestri və digər peşəkar mədəniyyət mərkəzləri gəlib ABŞ-da kommersiya məqsədli konsertlər versələr Azərbaycan daha da məşhurluq qazanacaqdır. Azərbaycanın Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Maestro Niyazi, Qara Qarayev, Arif Məlikov kimi korifey bəstəkarların əsərləri inandırım ki, Amerikanı fəth etməyə bərabərdir. Azərbaycan rəssamlarının əsərlərindəki rəngləri və koloriti heç Amerika rəssamlarının tablolarında rast gəlinməz. Bu möhtəşəmliyi dünyaya çıxarmaq gərəkdir. Təəssüflər olsun ki, hər il ABŞ-da keçirilən dünya xalqlarının etnofolk festivallarında Azərbaycan iştirak etmir. Azərbaycanda artıq etnofolk musiqi ansambllarının yaranmasına başlanılmalıdır. Çünki, dünyanın inkişaf etmiş xalqları bu gün etnofolk mədəniyyətinə önəm verməkdədirlər. Milli mahnılarımızın hər biri xalqımızın milli musiqisi olmaqla yanaşı, həm də onun koloritidir. Özümlü bir mədəni düzənin müasir çalarda zamanın nəfəsi ilə öz möhtəşəmliyinə qovuşa bilər. Gürcülər artıq bu yolu keçiblər və hər il onlarla sayda gürcü etnofolk musiqi kollektivləri ABŞ-da uzun vədəli qastrol səfərlərinə çıxırlar. Bununla da özlərini tanıdırlar.
–Bir də savaş bölgələrinə nə vaxt gedəcəksiniz?
–Bu gün məni ən çox düşündürən məsələ dünyada sürətlə yayılmaqda olan müharibə qaçqınlarının taleyidir. Onların istənilən ölkənin sərhədlərində qarşılaşdıqları problemlər və çəkdikləri əzablardır. İndi silah, narkotika və insan orqanizminin satışından daha çox gəlir əldə edən yeni dəllallar zümrəsi yaranıb. Bu, yüzminlərlə, hətta milyonlarla insanın taleyinin acı vəhşətləri mövzusudur. Bütün bunları foto obyektivə köçürmək nə qədər acı da olsa, onları ürək ağrısı ilə çəkib qəzetlərdə və dərgilərdə çap edirəm. Dünyada bu gün təkcə Azərbaycan dövləti öz qaçqınlarına sahib çıxa bilib. Əksər ölkələr bu barədə hər hansı bilgi alanda dəhşətə gəlirlər. Əhalinin hər yeddi nəfərindən birinin müharibə qaçqını olan bir ölkənin bütün bunların öhdəsindən gəlməsi deyərdim ki, əsil möcüzədir. Bax azərbaycanlı olmağın sirrini məncə dünya bundan sonra duyacaq. Başqa xalqlar bu acı gerçəkliyin imtahanından keçə bilməyiblər.

Söhbətləşdi: Ə. Yusifoğlu                      

14:29