Nils Muyjnieks vəkil Yalçın İmanovun səlahiyyətlərinin dayandırılmasından narahatdır

 

O, Azərbaycan hakimiyyətini hüquqşünaslar üçün təqib qorxusu olmayan əlverişli mühit yaratmağa çağırır. Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks Azərbaycan Vəkillər Kollegiyasının məşhur vəkil Yalçın İmanovun səlahiyyətlərinin dayandırılması haqqında qərarı ilə bağlı narahatlığını bildirib.

Komissarın bəyanatında İmanovun insan hüquqlarının müdafiəsində fəal iştirak etdiyi qeyd edilir. Muyjnieks bildirib ki, Kollegiyanın qərarı vətəndaşların hüquqlarının müdafiəsi fəaliyyətinə mənfi təsir göstərən digər addımlardan sonra verilib. Belə ki, iki həftə əvvəl Azərbaycan prezidenti məhkəmələrdə nümayəndəliyi məhdudlaşdıran qanunu imzalayıb.

Muyjnieks qeyd edir ki, bu dəyişikliklər məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsinə mənfi təsir göstərəcək. Komissar xatırladır ki, hələ ötən il öz hesabatında Azərbaycanda insan hüquqları sahəsində ixtisaslaşan və tanınmış hüquq müdafiəçilərini müdafiə edən hüquqşünaslara qarşı təzyiqlərin olduğunu vurğulamışdı. O, Azərbaycan hakimiyyətini bu tendensiyanı bərpa etməyə və hüquqşünaslar üçün təqib qorxusu olmayan əlverişli mühit yaratmağa çağırır.

Noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun bu orqandan çıxarılması üçün məhkəməyə müraciət etməyə qərar verib. Buna vəkili ictimai sabitliyin pozulmasına yönəlmiş çağırışlarda ittiham edən Penitensiar Xidmətin müraciəti səbəb olub. İmanov isə bildirib ki, həbsxanada müvəkkilinə qarşı işgəncə faktlarını yaymaqla öz vəzifəsini yerinə yetirib. Oktyabrın 31-də Ali Məhkəmənin müraciəti əsasında parlament qanunvericiliyə məhkəmələrdə vətəndaşları yalnız vəkillərin təmsil edə biləcəyi haqqında düzəliş edib. Buna qədər mülki və inzibati işlərdə proseslərə başqa şəxslər, o cümlədən Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar da gedə bilərdi. Ekspertlərin fikrincə, ölkədə vəkillərin sayı 900-dən bir qədər çox olduğu bir şəraitdə vətəndaşlar kəskin müdafiəçi çatışmazlığı ilə üzləşəcəklər.

Amerikaninsesi.org

09:33