Niderlandda möhtəşəm Azərbaycan tədbiri

Niderlandın Zeeland bölgəsinin Zirikze şəhərində Azərbaycanı tanıtmaq məqsədilə tədbir keçirilib. Şəhər kinoteatrında baş tutan tədbirin aparıcısı, Niderlandda çıxan "Wereldregio" qəzetinin baş redaktoru Aad van der Vouden tədbiri açıq elan edib. Sonra soydaşımız Vüqar Abbasov Sxouven Duiveland bələdiyyəsinin başçısı Gerard Rabelinkə Azərbaycanla bağlı kitab hədiyyə etdikdən sonra bələdiyyə başçısı tədbirdə çıxış edib. Daha sonra Azərbaycanla bağlı görüntülü təqdimat edilib. Tədbir iştirakçıları bu təqdimat sayəsində Azərbaycanın 1918-ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salıblar. Təqdimat zamanı zala toplaşanlara müstəqilliyimizi əldə edənə kimi Azərbaycanda törədilən 20 Yanvar qırğını, Xocalı faciəsi barədə də məlumat verilib. Təqdimatdan sonra Azərbaycanla bağlı qısa film nümayiş olunub. Film bitdikdən sonra iştirakçılara Azərbaycanla bağlı suallar verilib və cavabı düzgün tapanlara hədiyyə çekləri, Azərbaycana aid kitab təqdim olunub. Həmçinin təbdir iştirakçılarına Azərbaycan iqtisadiyyatı, ölkəyə sərmayə qoymaq imkanları ilə bağlı görüntülü təqdimat edilib. Azərbaycanın turizm imkanları ilə bağlı iştirakçılara məlumat verilib.

Təqdimatdan sonra qonaqlar skripkada, milli musiqi alətlərimiz olan tarda, sazda canlı ifada Azərbaycan musiqilərini dinləyiblər. Qonaqlar kinoteatrın foyesində Azərbaycan şirniyyatı, qutab və Azərbaycan şərablarını dadmağa dəvət olunublar və bununla da tədbir sona çatıb.

Xudaferin.eu 

13:34