“Nida” həbsdə təzyiqlərə məruz qalan üzvləri ilə bağlı konfrans keçirib

 

Nida vətəndaş hərəkatı həbsdə təzyiqlərə məruz qalan üzvləri ilə bağlı konfrans keçirib. Hərəkat baş verənlərə görə dinc yolla etiraz etməyi qərara alıb.

“Nida vətəndaş hərəkatı Bayram Məmmədovun ağır şəraitli cərimə kamerasında saxlanılmasına qarşı, üzvlərimizin aclıq etiraz aksiyasına dəstək olaraq, bu həftə ərzində dinc yolla öz etirazımızı bildirəcəyik. Bu mətbuat konfransında Azərbaycan hakimiyyətinə çağırış edirik ki, onlar Azərbaycan dövlətinin vətəndaşları, xalqın nümayəndələridir. Bu cür vəziyyət sizi insanların sizə qarşı olmasından xilas edə bilməyəcək”-NİDA vətəndaş hərəkatının idarə heyətinin üzvü Əbülfəz Qurbanlı bildirib.

Oktyabrın 10-da Bayram Məmmədov saçı qırxılaraq karsa salınıb. Ertəsi gün 13 saylı cəzaçəkmə müəssisəsində olan “NİDA” üzvləri İlkin Rüstəmzadə və Elgiz Qəhrəman Bayramla birlikdə aclıq aksiyasına başlayıblar və hələ də aclığa davam edirlər.

Bu haqda məlumat verən vəkil Əsabəli Mustafayev durumla bağlı Ombudsman Aparatına müraciət edib. Oradan isə yaxın günlərdə cəzaçəkmə müəssisəsinə baş çəkəcəklərini bildiriblər.

“Bayram Məmmədovun mülki geyimdə olan hakimiyyət nümayəndələri ilə görüşü olub. Düşünürük ki, görüşün nəticəsi olaraq hakimiyyət Bayram Məmmədova daha da qəzəblənib və onu karsa salıb”-deyə NİDA-nın üzvü Məsud Əsgər deyib.

“Bizim üzvlərimizə qarşı orada özbaşınalıq baş verir. Aclıq aksiyaları davam etdirilir. Hətta Bayram Məmmədova karsa salınmasına rəğmən yemək verilmir. Bu qeyri insani bir addımdır. Hərəkat olaraq tələb edirik ki, bu addımları dayandırsınlar”-NİDA vətəndaş hərəkatının üzvü Rəhman Məmmədli söyləyib. Xatırladaq ki, 10 illik azadlıqdan məhrum edilən Bayram Məmmədov digər fəal Qiyas İbrahimlə birgə ötən il mayın 10-da narkotik ittihamı ilə həbs olunub. Gənclər ittihamları qəbul etməyərək eks-prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan edirlər.

Muxalifet.az

 

09:28