NİDA fəalının apellyasiya şikayəti üzrə ilkin baxış olub

 

Bakı Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanın şikayəti üzrə ilkin baxış keçirilib. Bu barədə vəkil Fariz Namazov bildirib.

Vəkil üç vəsatət verib. Bunlar həbsin ev dustaqlığı ilə əvəz edilməsi, onun vəkilin yanında oturması və məhkəmənin qismən istintaqla keçirilməsi ilə bağlı olub. Hakim vəsatətlərin heç birini təmin etməyib və mahiyyəti üzrə dinləmələri mayın 11-nə təyin edib.

E.Qəhrəman 2016-cı il avqustun 12-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi Qəhrənamı 5,5 il müddətinə azadlıqdan məhrum edib. NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın həbsinin siyasi motivli olduğunu bəyan edib, həbsin əsl səbəbinin Facebook-da İlham Əliyevin oğlunu istehza ilə 16 əsrdə dövlət xadimi olmuş Şah İsmayıl Xətai ilə müqayisə etməsi olduğunu bildirib. E. Qəhrəman yerli hüquq müdafiə təşkilatları tərəfindən "siyasi məhbus" kimi tanınıb.

Amerikaninsesi.org

 

09:44