NİDA-çı gənc azadlığa çıxdı, amma piyada yox...

 

Fevralın 15-də NİDA Vətəndaş Hərəkatının inzibati qaydada 30 sutka həbs olunmuş üzvü Rəhim Vəliyev azadlığa çıxıb. Yaxınları onu qarşılamaqdan ötrü saxlama məntəqəsinə getsələr də, gənci qapıdan piyada buraxmayıblar. Rəhim Vəliyev məntəqədən maşınla çıxarılıb. Daha sonra metronun “Azadlıq” stansiyası yaxınlığında sərbəst buraxılıb.
 

R.Vəliyev yanvarın 16-sı saxlanmışdı.

O, polis əməkdaşının tələblərinə əməl etməməkdə günahlandırılıb. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov gəncə 30 gün inzibati həbs cəzası vermişdi. O, hələ, azadlığa buraxılmamışdan əvvəl, vəkili Elçin Sadıqov vasitəsi ilə ictimaiyyətə bildirmişdi ki, Nərimanov Rayon Polis İdarəsində və 18-ci polis bölməsində işgəncələrlə üzləşib. Ancaq, onda gəncin göndərdiyi məktubda yer alan bu iddialara nə Nərimanov Rayon Polis İdarəsindən nə də 18-ci polis bölməsindən münasibət bildirilmişdi. Gəncin şikayətinə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən də münasibət almaq mümkün olmamışdı. NİDA Vətəndaş Hərəkatı R.Vəliyevin saxlanmasının siyasi motivli olduğunu bəyan edib.

Azadliq.org

 

10:56