“Nəhayət, o gün yetişdi, düşmən cavabını almalıdır” – siyasilər və hüquq müdafiəçisindən açıqlama

Bu gün səhər saatlarından başlayaraq, Azərbaycan Ordusu ermənilərin cəbhə bölgəsində törətdiyi təxribatlara, hücumlara layiqli, peşəkarcasına cavab verərək, əhali və ərazimizi qorumaq üçün əks-hücum əməliyyatlarına başlayıb. Hər bir vətəndaş artıq işğal altındakı torpaqlarımızın azad olunması günün gəlib çatdığını, bu yolda ölkə prezidentinin, dövlətinin, xalqının yanında olduğunu ifadə edir.

Xatırladaq ki, Azərbaycan prezidenti bir neçə saat öncə yerli kanallar vasitəsi ilə xalqa müraciət ünvanladı, “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” dedi.
Artıq cəbhədən xoş xəbərlər gəlməkdədir. Belə ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub.
Ölkədə və cəbhədəki mövcud vəziyyətlə bağlı Musavat.com tanınmışların mövqeyini öyrənməyə çalışıb.

Sabir Rüstəmxanlı: “Əgər düşmən yeni bir təxribata başladısa, bunun cavabı hökmən Azərbaycan Ordusu tərəfindən verilməlidir və artıq verilir”

Xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlı Musavat.com-a danışaraq, qeyd edib ki, ölkə prezidenti son çıxışında da bir daha Azərbaycan xalqının haqlı mövqeyini dünyaya çatdırmış oldu:
“Prezident İlham Əliyevin bundan əvvəlki möhtəşəm çıxışındakı mesajları həm biz, həm də bütün dünya izlədi, dinlədi. Onun çıxışlarında bu gün olacaq hadisənin qabaqcadan xəbərdarlığı var idi. Qeyd olunurdu ki, Ermənistan təxribatlarından əl çəkmir, müharibəni yenidən qızışdırmağa çalışır, köhnə hadisələri unutdurmaq, Ermənistandakı vəziyyəti yaddan çıxartmaq üçün yeni təxribatlar törədəcək və sairə. Həmçinin qəti şəkildə bildirildi ki, Azərbaycan öz torpaqlarını azad etmək iqtidarındadır, buna haqqı var və bu haqq müharibəsi olacaq. Ermənistan ağlını başına toplamalı, bu işğalçılıqdan əl çəkməlidir və sairə. Əgər düşmən bütün bunları nəzərə almayıb, danışıqlar masasından imtina edir, işğalçılığını davam etdirirsə, yeni bir təxribata başladısa, bunun cavabı hökmən Azərbaycan Ordusu tərəfindən verilməlidir və hansı ki, bu cavab artıq verilir”.
Sabir Rüstəmxanlı qeyd etdi ki, bu gün Azərbaycanda heç bir siyasi partiya və yaxud hər hansı cinahdan olan insanlar fərqli düşünmür. Hamı torpaqların işğaldan azad olunmasının arzusundadır və bu məsələdə hamı Azərbaycan prezidentini, ordusunu dəstəkləyir:
“Bu gün xalq bir ordu və hər birimiz bir əsgərik. Şüarımız bu olmalıdır”.
Sabir Rüstəmxanlı xüsusi olaraq vurğuladı ki, media və vətəndaşlar bu məsələdə həssas olmalı, təxribatçı məlumatlara uymamalıdır:
“Yalançı informasiyalarla milləti ruhdan salan məlumatlara yol vermək olmaz. Azərbaycan və Türkiyə televiziya kanalları cəbhədə baş verənləri canlı şəkildə göstərməyə, xalq, dünyaya məlumatlar çatdırmağa çalışırlar. Xalq da bu məlumatlara əsaslanmalıdır”.
Millət vəkili, Ana Vətən Partiyasını sədri də qeyd etdi ki, artıq bir neçə gündür ki, ölkə prezidenti ən müxtəlif platformalarda Ermənistanın geniş miqyaslı hücuma başlayacağı haqda mesajlarını bildirmişdi:
“Bu məlumatlar dünyanın beynəlxalq təşkilatlarına, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətinə çatdırılır. Lakin görünən budur ki, onların biganəliyi Ermənistanı daha da şirnikləndirib, onların təcavüzünü stimullaşdırıb və nəticə etibarı ilə bu hücum, təxribat gözlənilirdi. Bununla bağlı ölkə prezidenti səviyyəsində bütün xalqımıza məlumatlar çatdırılımışdı.
Gözlənildiyi kimi, artıq düşmənin bu təxribatları baş verdi və indi silahlı qüvvələrimiz, qəhrəman əsgər və zabitlərimiz Ali Baş komandanın rəhbərliyi altında əks hücumu əməliyyatına başladı.
İlkin məlumatlar nikbindir, Ermənistan silahlı qüvvələri ciddi şəkildə itkilərə məruz qalıb və hazırda da onlara ağır və sarsıdıcı zərbələr vurulmaqdadır.
Ölkə prezidenti bir neçə saat öncə telekanallar vasitəsi ilə yaranmış vəziyyət haqqında ətraflı məlumat verdi, bu təxribata qədər olan vəziyyət, Ermənistanın təcavüzkar mövqeyi təhlil olundu, təsnifatı aparıldı və bir daha bu təxribatın qarşısının alınması Azərbaycanın müstəsna səlahiyyəti və hüququ olduğu önə çəkildi”.

Fəzail Ağamalı: “Düşmənə tarixi ibrət dərsi verməliyik”

Fəzail Ağamalı qeyd etdi ki, ölkə prezidenti son çıxışında olduqca inamlı, qətiyyətli görünürdü və sonda zəfər çalacağımıza, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına yüksək inam ifadə etdi:
“Beləliklə biz artıq gözlədiyimiz anla, vəziyyətlə üz-üzəyik. Hər birimiz, o cümlədən ölkə prezidenti səviyyəsindən tutmuş millət vəkilləri, jurnalistlərə, adi vətəndaşlara qədər hamı bu anın gəlməsini gözləyirdi. İllərdir ki, Ermənistan güvəndiyi ayrı-ayrı xarici qüvvələrə, erməni lobbisinin dəstəyinə, müdafiəsinə söykənərək, Azərbaycan torpaqlarının işğalda qalmasını davam etdirir. Azərbaycan dövlətinin, xalqının səbri hüdudsuz deyil. 200 ildən çoxdur ki, davam edən bu işğala artıq son verməliyik. Düşünürəm ki, bu tarixi şərait artıq yetişdi və Ermənistanın növbəti təxribatına cavab olaraq, əks hücuma keçməklə düşmənə tarixi ibrət dərsi verməliyik. Bu yola başlamışıq və bunu sona çatdırmalıyıq. Əminəm ki, igid və qəhrəman əsgərlərimiz Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş topaqlarımızın 1 santimetrinin belə ermənilərə qalmasına imkan verməyəcək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunacaq, işğal olunmuş bütün ərazilərimizdə bayrağımız dalğalanacaq”.
Fəzail Ağamalı bir daha ölkə prezidentinin son çıxışını dəstəklədiyini ifadə etdi:
“Mən ölkə prezidentinin çıxışını birmənalı şəkildə müdafiə edir, dəstəkləyirəm. Düşünürəm ki, xalqımız olduqca qətiyyətli bir mövqedədir. Biz hər birimiz əsgər və zabitlərimizlə bərabərik, əsgər kimi dövlətimizin yanındayıq, onun çağrışlarına hər zaman hazırıq, prezidentimizlə bərabərik. Bütün bu dediklərimin hamısı bir qədər öncə Ana Vətən Partiyası tərəfindən yayılan bəyanatda da bildirmişik.
Allah ordumuza, millətimizə qələbə qismət etsin! Zəfər bizim olacaq!”

Novella Cəfəroğlu: “Ermənilərin mülki camaata hücumu, təxribatı haqda beynəlxalq təşkilatlara bəyanatlar hazırlayıb göndərilir”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da vurğuladı ki, bu gün hər kəs ölkə prezidentinin, dövlətinin yanındadır:
“Bu gün hamımız torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması uğrunda prezidentimizin yanındayıq.
Ümumiyyətlə hər birimiz vətənimizin, prezidentimizin çağırışına hazır olmalıyıq. Həmişə torpaqlarımızın azadlığı uğrunda hər zaman hazır olduğumuzu bildirirdik. Həmin gün artıq gəlib, çatıb. Ya ölüm, ya da torpaqlarımız azad edilməlidir.
Məni ən çox ağrıdan mülkü əhalinin yaralanması, həlak olmasıdır. Ermənilərin iki üzlü, terrorist olması məhz yenidən mülki camaatı hədəf seçməsindən bir daha sübut olundu. Müharibə səngər çərçivəsində aparılır. Amma onlar məhz mülkü camaata bomba atmaq, hədəfə götürdülər. Bununla da camaat arasında qorxu yaratmaq istəyirlər. Lakin gördüyümüz kimi mülki camaatımızın əhval-ruhiyyəsi çox gözəldir. Hamısı bildirirdi ki, evimizdə güllə, bomba atsalar da biz öz evimizi tərk etməyəcəyik və sona qədər millətin yanındayıq”.
Novella Cəfəroğlu mətbuat orqanlarına, jurnalistlərə də səslənib:
“Jurnalistlərdən xahişim budur ki, dəqiq məlumat versinlər. Onlar xüsusən də bu günlər bizim qulağımız, gözümüzdür. Dəqiq məlumat yayılsın. Elə məlumat olsun ki, camaat çaş-baş düşməsinlər”.
Novella Cəfəroğlu ermənilərin türkiyəli jurnalistlərə hücumundan da söz açıb:
“Onlar hər zaman jurnalistlərə, tibbi işçilərinə güllə atıblar. Bu onların alçaq xüsusiyyətlərindən irəli gəlir.
Biz erməni tərəfdən hər cür təxribat, terror gözləyirik. Ona görə də cəbhədən reportaj hazırlayan jurnalistlər özlərindən muğayat olmalı, özlərini qorumalıdırlar”.
Hüquq müdafiəçi sonda bildirdi ki, mövcud son vəziyyət, ermənilərin mülki camaat hücumu, təxribatı haqda beynəlxalq təşkilatlara bəyanatlar hazırlayıb göndərilir.

xudaferin.eu

18:05