“"Neftsiz-qazsız zəngin Azərbaycan" şüarı ilə önə çıxan siyasi qüvvə...”

 

"Müstəqilliyi qazandığımız elə ilk dövrdən başlayaraq sağda, solda, mərkəzdə olmasından asılı olmayaraq, heç bir siyasi qüvvə ölkənin gələcəyini neft-qazdan kənarda görə bilmədi. Müstəqillik Aktı imzalanar-imzalanmaz neft müqavilələri, neft kəmərlərinin istiqamətləri ilə bağlı transmilli şirkətlər və Qərb ölkələri ilə dərhal danışıqlar başlandı". Bu barədə iqtisadçı Rövşən Ağayev "feysbuk" səhifəsində yazıb.

"Botsvanda müstəqillik əldə ediləndə qızıl yataqları dövlət sirri kimi qorunub"

Rövşən Ağayev dövlətlərin uğursuzluğundan bəhs edən məşhur nəşrdə (Acemoğlu və Robinson) çox maraqlı tarixi bir faktı xatırladır: "Bizdən 25 il əvvəl Britaniya istilasından qurtararaq müstəqillik qazanan Botsvan Respublikasının (Cənubi Afrikada yerləşir) siyasi liderləri qərar qəbul edir ki, bir müddət ölkədə qiymətli daş-qaş yataqları ilə bağlı kəşfiyyat aparılmasın, aparılsa belə, bu yataqlar açılmasın və əldə edilən məlumatlar dövlət sirri kimi saxlansın. Səbəbi də belə əsaslandırıblar ki, əks halda ölkə yenidən istismarçıların münaqişə məkanına çevriləcək, ölkədə inkişaf mümkün olmayacaq. Yalnız 1970-ci ildən sonra qanunvericilikdə zəruri dəyişikliklər aparıldı, ölkədə olan bütün daş-qaş yataqlarının ayrı-ayrı tayfalara deyil, vahid Botsvan dövlətinə mənsub olması barədə bütün qruplar arasında əldə edilən konsensus hüquqi sənədə çevrildi, ölkədə bütün qrupların maraqlarını ifadə edən parlament formalaşdırıldı, siyasi liderlər ölkədə uzunömürlü hakimyyətin olmasına heç bir halda yol verməmək üçün konsensus əldə etdi. Yalnız bunlardan sonra almaz yataqlarının istifadəsi mümkün oldu".

Ağayev qeyd edib ki, 1966-cı ildə müstəqillik qazananda Botsvanda cəmi 22 universitet, 100 orta məktəb məzunu vardı. Bu gün isə Bostvan adambaşına milli gəlir səviyyəsinə görə Estoniya və Macarıstan kimi Avropa ölkələri ilə bir səviyyədə dayanır.

"Maraqlısı odur ki, neft qurtarmamış indi də gözümüzü qaza dikmişik. Nə vaxtsa "Neftsiz-qazsız zəngin Azərbaycan" şüarı ilə önə çıxan siyasi qüvvə ölkənin gəlib-geçmiş ən mütərəqqi siyasi qüvvəsi kimi tarixə düşəcək", - deyə iqtisadçı qeyd edib.

"Biz inkişaf üçün başqa heç bir mənbəni ictimai şüura oturda bilməmişik"

Ağayev diqqətə çatdırıb ki, nə o zaman, nə indi, nə də bundan sonra resurslardan istifadənin əleyhinə deyil: "Ancaq vurğum onadır ki, biz inkişaf üçün başqa heç bir mənbəni ictimai şüura oturda bilməmişik. Bu, qorxuludur".
 

Muxalifet.az

 

17:26