Neftin qiymətinin 10 dollara düşməsi gözlənilir

Belə bir açıqlamanı Fransanın “Engie” energetika şirkətinin vitse-prezidenti Tyeri Leperk “Bloomberg” agentliyinə verib. O bildirib ki, buna səbəb alternativ energetika sahəsində inanılmaz inkişaf ola bilər. Tyeri Leperkin sözlərinə görə, çox yaxın müddətdə dünya 5 “energetik tsunami” ilə qarşılaşa və nəticədə neftin qiyməti 10 dollar/barelə kimi geriləyə bilər. “Engie” şirkətində innovativ texnologiyalar sahəsinə başçılıq edən Leperk, illər keçdikcə günəş enerjisi və hidrogenin qiymətinin azalması və akkumulyatorların ucuzlaşması ilə elektromobillər və “ağıllı ev”lərin sayının artması dünya neft qiymətlərinə təzyiqləri artıracağını qeyd edib. O həmçinin bildirib ki, hətta 2025-ci ilə qədər neftə tələb artsa da, daha sonra onun qiyməti 10 dollar/barelə düşəcək. Ekspert onu da əlavə edib ki, zaman keçdikcə elektromobillərin yeni modelləri istehsal olunacaq və onlar bir dəfəyə 500 km məsafə qət edəcək. Nəticədə, şəhər hakimiyyətləri benzin və dizel yanacağı ilə çalışan avtomobillərə məhdudiyyət tətbiq edəcək. “Engie”nin top-meneceri həmçinin 2025-ci ilə kimi 1 MVt/saat günəş enerjisinin qiymətinin günəşli ölkələrdə 10 dollara düşə biləcəyini vurğulayıb. Nəticədə, hidrogen istehsalının maya dəyəri maye qazın maya dəyərindən baha olmayacaq.

T.Leperk “Engie” şirkətinin 2018-ci ilə qədər texnologiyaların inkişafına 1,5 mlrd. avro vəsait ayırdığını xatırladıb. Yaxın aylarda o, şirkətinin bu sahədə yeni layihələri barədə açıqlamalar verəcəyini deyib. Qeyd edək ki, bir müddət əvvəl “Renaissance Capital” investisiya bankının baş iqtisadçısı neft qiymətlərinin düşməsi fonunda Rusiya, İran və Venesuela kimi ölkələrdə siyasi rejimlərin demokratikləşəcəyini proqnozlaşdırıb.

Xudaferin.eu

15:38