Neftçilərin ölümünə səbəb - hamı məsuliyyətsizlik və korrupsiya deyir

Neftçilərin ölümünə səbəbDünya brendinə çevrilməyi qarşısına məqsəd qoyan, xarici ölkələrdə bir neçə şirkətin alışı istiqamətində danışıqlar mərhələsində olan SOCAR özünün idarə və müəssisələrində təhlükəsizliyi təmin edə bilmir. Son bir ildə bir-birinin ardınca baş verən iki böyük qəza, 40-dan çox insanın ölümünə səbəb olan hadisə bunu deməyə əsas verir. Böyük iddialarda olan SOCAR rəhbərliyi nədənsə dünyada ən əsas hesab olunan məsələni – əməyin təhlükəsizliyini, fəhlələrin həyatını o qədər də önəmsəmir. Ötən il və dekabrın 4-də, bu il isə dekabrın 15-də baş verən hadisə nəticəsində müvafiq iş standartları qaydalarının olmaması səbəbindən onlarla insan həyatını itirdi. Son hadisə zamanı 150 metrlik estakada darmadağın olub. Ekspertlər haqlı olaraq bildirirlər ki, əgər estakadanın istismar müddəti başa çatıbsa, onu vaxtında dəyişmək lazım idi. Eyni zamanda küləyin sürətinin yüksək olmasına adekvat olaraq, əvvəlcədən təhlükəsizlik işləri görülməli idi. Estakadanın davamlılığı şübhə altında olduğu halda neftçilər təcili köçürülməli idi. Niyə bu addımlar atılmayıb? Çox təəssüf ki, bu məsələ ilə bağlı yaranmış suallar neçə gündür istər mətbuat səhifələrində, istərsə də sosial şəbəkələrdə səsləndirilsə də cavablandırılmır.

Məlumat üçün xatırladaq ki, dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 10 nəfər əməkdaşı itkin düşüb. Axtarışlar nəticəsində bir neftçinin meyiti tapılaraq ailəsinə təhvil verilib. Hadisədən dərhal sonra “Azneft” rəsmiləri bəyan etdilər ki, estakada 1970-ci illərdə tikilib, istismar müddəti bitib. Buna baxmayaraq, estakadada müntəzəm təmir-bərpa işləri aparılıb, sonuncu təmir isə bu ilin avqustunda olub.

Bəs kimdir cavabdeh?

Suala cavab axtararkən təbii olaraq ilk növbədə SOCAR-da təmir-bərpa işlərinə cavabdeh şəxsin axtarışı gəlir ağla. Mediada bildirildiyinə görə, bu işlərə şirkətin vitse-prezidenti Mikayıl İsmayılov cavabdehdir. Elə SOCAR-ın saytında da hər bir vitse-prezidentin cavabdeh olduğu sahə adının qarşısında qeyd olunub, tək M.İsmayılovdan başqa. Digər vəzifəlilərə göstərilən vəzifələrə nəzər salsaq görərik ki, onların heç biri təmir-bərpa, tikinti işlərinə cavabdehlik daşıyacaq vəzifələr deyil. Belə olan halda M.İsmayılovun bu işlərin məsuliyyətlisi olması haqda deyilənlər özünü doğruldur. Elə SOCAR-ın sabiq vəzifəlisi, Neftçilərin Hüquqlarını Müfafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da mediada bu faktı təsdiqləyib. Şirkətdə təmir-bərpa işləri “Neftqaztikinti” tresti vasitəsilə aparılır. Trest ARDNŞ-nin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda təmir və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi məqsədilə 1949-cu ildə yaradılmış "Azərdənizneftinşaat" və 1979-cu ildə yaradılmış "Xəzərdənizneftqaztikinti" Trestlərinin bazasında yaradılmış və həmin qurumların hüquqi varisidir. Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi daxildir. Trest Azərbaycan Respublikasının bütün regionlarında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı olaraq aşağıdakı növ işləri və xidmətləri yerinə yetirir:
• Dənizdə (150 m-ə qədər) və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin tikintisi;
• Dənizdə və quruda qaz-kompressor stansiyalarının tikintisi;
• Yeraltı qaz saxlama anbarlarının tikintisi;
• Dəniz estakadalarının tikintisi (0-30m);
• Liman və liman qurğularının tikintisi;
• Neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi;
• Dənizin dayaz və dərin hissələrində (10-150m) stasionar özüllərinin tikintisi;
• Yataqların elektrik təchizatı sisteminin qurulması;
• Yüksək gərginlikli sualtı kabel xətlərinin çəkilişi;
• Yüksək gərginlikli kabel və hava elektrik ötürücü xətlərin çəkilişi;
• Metal konstruksiyaların korroziyadan mühafizə işləri;
• Mülki tikinti;
• Dəmir-beton məmulatlarının istehsalı;
• Sualtı boru kəmərlərinin tikintisi üçün tələb olunan müxtəlif diametrli boruların betonlanması; • Metal-konstruksiyaların yığılması;
• Asfalt-beton istehsalı;
• Magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi;
• Bütün növ tikinti material və avadanlıqlarının təchizatı;
• Qaynaqçıların beynəlxalq səviyyədə sertifikatlaşdırılması;
• Qaynaq tikişlərinin dağılan və dağılmayan üsulla yoxlanılması.

Trestin rəhbəri Mirkazım Abasovdur. Düzdür, qəza baş verən estakada “Azneft”in balansındadır və sifariş olmasa “Neftqaztikinti” orada təmir-bərpa işləri apara bilməz. Lakin yuxarıda qeyd etdiyimiz kimi, “Azneft” NQÇİ-nin rəhbərliyi hadisədən sonra keçirdiyi mətbuat konfransında estakadada sonuncu dəfə bu ilin avqust ayında cari təmir işləri aparıldığını bildirdi. Deməli, ya “Neftqaztikinti” tresti sifarişin öhdəsindən gələ bilməyib, ya da “Azneft” rəhbərliyi yalan məlumat açıqlayır. Ekspertlər bildirirlər ki, burada əsas faktor yeyinti və korrupsiyadır. Belə ki, təmir-bərpaya ayrılan vəsaitlərin mənimsənilməsi sonda bu cür faciələrin baş verməsinə səbəb olur.
Politika.Az xatırladır ki, deputat Qüdrət Həsənquliyev Milli Məclisin ötən gün keçirilən iclasında bu hadisənin təxribat ola biləcəyi iddiasını irəli sürüb. “Biz qonşu dövlətlərlə əhatə olunmuşuq. Onların bəziləri Azərbaycanın müstəqil siyasəti ilə razı deyillər. Bu baxımdan müəyyən təxribatlar da ola bilər” deyən deputatın fikrincə, ayrı-ayrı dövlətlər tərəfindən estakadalar zədələnə və onların aşması üçün şərait yaradıla bilər. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, adi avtomobil ildə bir dəfə texniki baxışdan keçirsə, 70-ci illərdə tikilən estakada da hər il yoxlanmalı idi: "Fakt budur ki, birdən-birə 150 metrlik estakada hər hansı qasırğa nəticəsində, güclü dalğaya tab gətirməyərək qırılırsa, dənizə düşürsə, digər tərəfdən analoji hadisə 2015-cü ildə də olubsa, deməli, təhlükəsizlik məsələsi ilə bağlı problem var. O zaman da 60 metrlik bir estakada uçub dənizə düşmüşdü. Hər dəfə bu hadisə hasilatın baş verdiyi ərazidə olur. Deməli, həmin qurğular, meydançalar, estakada yenilənməlidir. Və ya bunlara mütəmadi baxışlar keçirilməlidir, təhlükəsizliyi, dayanıqlığı yoxlanılmalıdır Ömrünü başa vuran qurğular yenilənməlidir. Əgər təhlükə varsa, orada işlər dayandırılmalıdır. Ancaq ümumilikdə neft sənayesi iqtisadiyyatın elə bir sahəsidir ki, burada 24 saat iş davam etməlidir. Orada hər dəqiqə işin dayandırılması mümkün deyil. Əgər orada küləyin sürətinə görə hər hansı məhdudiyyət qoyulacaqsa, 40 metr/saniyə küləkdə iş dayandırılacaqsa, hasilat mümkün olmaz. Amerikada saniyədə 100-120 metr sürətlə qasırğa olur, buradakı külək onun yanında nədir ki? İkinci bir tərəfdən, həmin estakada qurğuları texniki baxışdan keçirilməlidir, onun küləyə, dalğalara davamlılığı yoxlanmalıdır. Adi avtomobil ildə bir dəfə texniki baxışdan keçir. Belə bir yoxlama dənizdəki estakadada olmamalıdırmı?” Politka.Az-a açıqlamasında ekspert bu hadisədə təxribat ehtimalını istisna etdiyini bildirdi: “Çünki belə olsaydı, partlama əlamətləri olardı. Lakin belə bir fakt yoxdur”.
Məlumat üçün xatırladaq ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Baş Prokurorluq baş verən hadisə ilə bağlı cinayət işi qaldırıb.

Politika.Az

00:53