Neft bazarında TƏLATÜM: Milyarderlər ölkələri gərginlikdə saxlayır

 

Zəfər Vəliyev: “Vyana toplantısı iştirakçılarının effektiv siyasət yürütməkdənbaşqa yolu yoxdur”

 

Qlobal neft hasilatının azaldılması anlaşmasının 9 ay müddətinə uzadılması təklifi ilə hasilatçı ölkələrin hamısı razı deyil. Tam razılaşma yalnız 6 ay müddətinə uzadılma proqramı üzrə mümkündür. Bu açıqlama ilə Küveytin neft naziri Assam əl-Mazruk çıxış edib. Nazir bildirib ki, OPEC neft hasilatının azaldılması kvotasının artırılması məsələsini də müzakirə etmir: "Hazırda hasilatı daha çox azaltmağa ehtiyac yoxdur". Maraqlıdır, bu fikir ayrılığı qarşıdakı aylarda neftin qiymətinə, eləcə də qlobal neft bazarlarına necə təsir göstərəcək?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, hasilat həcmlərinin 9 ay müddətinə uzadılması ideyası Pekində "Bir kəmər -bir yol " strategiyası çərçivəsində keçirilmiş beynəlxalq forumda Səudiyyə Ərəbistanı və Rusiyanın Energetika Nazirliyinin başçıları Xalid əl-Falih və Aleksandr Novaka məxsusdur: “Hətta Pekin Beynəlxalq Forumundan əvvəl də OPEC katibliyindən analoji məlumatlar sızmaqda idi. İş o yerə çatmışdı ki, OPEC -in 25 may Vyana toplantısında OPEC +11 sazişi çərçivəsində gündəlik hasilat həcmilərini 1,8 milyon bareldən daha çox azaltmaq kimi məlumatlar gündəmi zəbt etmişdi. Bu onu deməyə əsas verirdi ki, OPEC+11 sazişi icra müddətində gözlənilənləri doğrultmadı və saziş effektivliyini itirmiş oldu. Baxmayaraq ki, bazar iştirakçıları belə güman edirdilər ki, Vyana sazişinin 6 aylıq icra dövründə dünya üzrə anbarlarda (stasionar və üzən tankerlərdə) mövcud olan neft normadan artıq 400 milyon barel neft həcmləri dövriyyədən silinəcək və axır ki, neft bazarlarında tarazlıq bərpa olunacaq. Bəzi analitiklər analoji rəqəmin 400 milyon barel deyil, 600 milyon barel olacağını iddia edirdilər. Fəqət, sazişin icra müddətində tam başqa bir mənzərənin şahidi olduq. Dünya üzrə rezervə alınmış neft ehtiyatları daha 270 milyon barel artmış oldu. Təkcə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrin aktivində olan neft rezervləri 3 milyard bareli ötdü və bu fakt neft bazarlarını təhdid altına almaqla Vyana paktının effektivliyini heçə endirdi. Nəzərə almaq lazımdır ki, təkcə ABŞ-da strateji (SPR) və kommersiya təyinatlı neft ehtiyatlarının toplam həcmi hazırda (688 milyon barel + 520 milyon barel) 1,208 milyard barel təşkil edir. Bura durmadan artan qazma aktivliyi (aktiv qazma qurğularının sayı :720 ədəd) fonunda gündəlik hasilat həcmilərinin (hazırda 9,3 milyon barel) artmasını əlavə etsək, Vyana paktının necə böyük təhdid altında olmasının fərqində olarıq”.
 

Bəs OPEC+11 sazişinin 5 aylıq icra müddətində effektiv nəticəsi olmadı?

 

Ekspert bunun sadə bir cavabının olduğunu qeyd edib: “Saziş iştirakçısı olan ölkələr müştəri bazarları uğrunda mübarizə naminə ixrac proqramlarında ixtisara (azaltmaya) yol verməyiblər. Əksinə, 2016-cı ilin 4-cü kvartalı ilə müqayisədə tədarük həcmlərini artırıblar. Ona görə də, Səudiyyə Ərəbistanı aprel ayında Rusiya Federasiyasını Vyana sazişinin şərtlərini yerinə yetirməməkdə suçladı. İrəli sürülən ittiham tam doğru idi. Çünki Rusiya ilin əvvəlindən başlayaraq ixrac həcmilərini Şərqi Sibir - Sakit Okean ixrac gücü vasitəsilə Asiya - Sakit Okean Regionu bazarlarına əlavə neft həcmiləri çıxarmaqla ixracatçı ölkələrin əlverişli satış bazarı hesab etdikləri Asiya neft bazarlarında profisit vəziyyət yaratmış oldu”.

 

Rusiyanın hədəfi nə idi?

Zəfər Vəliyevin qənaətincə, hədəfdə logistik imkanlardan istifadə edərək Asiya bazarlarına iddialı Səudiyyə Ərəbistanı və İranın ixrac imkanlarını məhdudlaşdırmaq və müştəri bazarından sıxışdırıb çıxarmaq dayanırdı: “Zənnimcə, Rusiya Federasiyası məqsədinə qismən də olsa, nail oldu. Təkcə bu amilə görə Səudiyyə Ərəbistanı may ayında Asiya bazarlarına hədəflənmiş neft satış proqramı çərçivəsində regionun etalon neft markalarına (Dubay Crude Oil v və Oman Crude Oil) nisbətdə endirim (discount) edərək Asiya bazarlarında neft bolluğuna nail oldu”.

Bu hibrid siyasətin görünməyən tərəfi nə idi?

Analitik Səudiyyə Ərəbistanının yürütdüyü neft dempinqinin bir neçə məqsədinin olduğunu qeyd edib: “Birinci, malik olduğu bazarı əldə saxlamaq. İkinci, yeni bazar fəth etmək. Üçüncü, rəqib saydığı Rusiya, İran və ABŞ-ın Asiya bazarlarında satış imkanlarını məhdudlaşdırmaq. Dördüncü, ABŞ-da vüsət alan şist neft bumunun qarşısını almaq. Deyim ki , Səudiyyə Ərəbistanının bu addımı OPEC-in neft bazarları ilə bağlı siyasətinə tam uyğundur.  Baxmayaraq ki, bu strategiya ixracatçı ölkələrin gəlirlərinə ciddi təsir edir. Səudiyyə Ərəbistanı, Rusiya şüurlu şəkildə neft bazarlarını kontanqo (fücersin gələcək birja qiyməti, onun cari qiymətindən yüksək olması) vəziyyətində bekvordasiya (malın dərhal tədarük qiyməti fücers müqavilə qiymətindən yüksək olur) vəziyyətinə sürükləməkdə tək bir məqsəd qıssa zaman kəsiyində dünyada anbarlarda mövcud olan fiziki həcmlərin azalmasına nail olmaq. Təbii ki, bu hibrid siyasət özünü doğrulda bilməz. Çünki Sinqapurdan tutmuş Saldana-Beyə kimi, Amsterdam - Rotterdam - Antverpen (ARA) enerji şəbəkəsindən tutmuş Atlantika - Hyuston enerji şəbəkəsinə kimi neftin kəskin profisiti müşahidə edilməkdədir. Vəziyyət elə yerə çatıb ki, dünyada mövcud emal güclərinin (NEZ-lər) əksəriyyəti xam neft tədarükünü saxlayıblar. Çünki emal etdikləri neft məhsullarını tam həcmlərdə sata bilmirlər. Deməli, neft ixrac edən ölkələrin yanlış ixrac siyasəti enerji bazarlarında həm də açıq rəngli neft məhsullarının bolluğuna səbəb olub”.

Zəfər Vəliyev hesab edir ki, neft bazarlarını sarmış xaotik vəziyyətdə Vyana toplantısı iştirakçıları effektiv siyasət yürütməkdən başqa yolu yoxdur: “Qarşıdakı aylarda da neft bazarlarının vəziyyəti aşağıdakı fundamental faktorlardan asılı olacaq:  1.Dünya neft bazarlarının vəziyyətindən. 2.Vyana sazişinin effektivliyindən. 3.Dünyada mövcud kommersiya ehtiyatlarının vəziyyətindən. 4.ABŞ-da gündəlik hasilat həcmlərindən. 5.Çinin iqtisadi göstəricilərindən. Eyni zamanda bazarın gələcək vəziyyəti ABŞ-ın hasilat və ixrac siyasətindən də asılı olacaq. Əgər OPEC və digər hasilatçı ölkələr düzgün neft strategiyası sərgiləməsə, neft bazarları depressiyadan çıxmayacaq və ucuz neft dövrü davam edəcək”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:29