Neft bahalaşdı: Komitə sədrinin əsassız nikbinliyi

 

Rəşad Həsənov: “Artım neft qiymətlərinin bahalaşmasından qaynaqlanıb”

Azərbaycanın 4 ay ərzində idxalı ötən illə müqayisədə 430 milyon dollar azalıb. Bunu Bakıda Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü zamanı Komitə sədri Aydın Əliyev deyib. Aydın Əliyev son illər beynəlxalq miqyasda baş verən iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi fonunda ölkə başçısının tapşırığı ilə qabaqlayıcı tədbirlərin həyata keçirildiyini, qeyri-neft sektorunun elmi əsaslara və iqtisadi təhlillərə söykənərək inkişaf etdirilməsi üçün mühüm addımlar atıldığını söyləyib. Daxili istehsalın qorunması, sahibkarlara münbit şəraitin yaradılmasının nəticəsi olaraq son iki ildə Azərbaycanda qeyri-neft sektorunun payının sürətlə artdığını vurğulayan Komitə sədri bu ilin 4 ayı ərzində idxalın ötən ilin müvafiq dövrü ilə müqayisədə 430 milyon ABŞ dolları həcmində aşağı düşdüyünü də vurğulayıb. O, bir sıra MDB və körfəz ölkələrinə ixrac olunmasına başlanılan meyvə-tərəvəz məhsullarının ixracının çəki baxımından 61,7 faiz artdığını, idxalının isə 16 faiz azaldığını bildirib. Aydın Əliyev bir sıra kənd təsərrüfatı məhsullarının ixrac-idxal əməliyyatlarındakı miqdarı ilə bağlı məlumat verərək Azərbaycan iqtisadiyyatının ixrac potensialının sürətlə artdığını da qeyd edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 4119,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 2606,3 milyon dollarını və ya 63,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 1512,8 milyon dollarını (36,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1093,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 11,0 faiz, o cümlədən, idxal 27,3 faiz azalmış, ixrac isə 6,2 faiz artıb. Ticarət dövriyyəsinin 37,8 faizi Avropa İttifaqı ölkələrinin, 14,6 faizi MDB üzvü ölkələrinin, 47,6 faizi isə digər ölkələrin payına düşüb. İdxalın ümumi dəyərinin 23,2 faizi Avropa İttifaqı ölkələrinin, 28,2 faizi MDB üzvü ölkələrinin, 48,6 faizi isə digər ölkələrin payına düşüb. İxracın ümumi dəyərinin 46,3 faizi Avropa İttifaqı ölkələrinin, 6,7 faizi MDB üzvü ölkələrinin, 47,0 faizi isə digər ölkələrin hesabına formalaşıb. 2017-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 2016-cı ilin eyni dövrünə nisbətən 7,0 faiz artaraq 264,9 milyon dollar təşkil edib.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, ixracatın payının artmasının yeganə səbəbi ötən illə müqayisədə neftin qiymətinin baha olmasıdır: “Azərbaycanda ixrac strukturunda əsas əmtəə neft və neft məhsullarıdır. Ötən illə müqayisədə bu məhsulların qiymətinin bahalaşması son nəticədə həm ölkənin tədiyyə balansında, həm də xarici ticarət balansında müsbət saldonun yaranmasına, o cümlədən, daxiolmaların həcminin artmasına gətirib çıxardı. Ötən illə müqayisədə qeyri-neft ixracının həcmində ciddi dəyişiklik baş verməyib. Artım neft qiymətlərinin bahalaşmasından qaynaqlanıb”.

Ekspertin qənaətincə, idxalın azalmasının müxtəlif səbəbləri var: “İdxalı azaldan faktorlara ilk olaraq ötən il ölkə başçısı tərəfindən imzalanan sərəncamla 2018-cı il yanvarın 1-nə qədər dövlət vəsaitləri hesabına idxal məhsullarının alışı (zəruri hallar olmadıqda) dayandırılıb. Bu hallarda da razılaşmanı birbaşa olaraq ölkə prezidenti həyata keçirdiyi üçün dövlət qurumları demək olar ki, idxal məhsullarının istehlakını birmənalı olaraq dayandırıb. İdxalın azalmasının digər səbəbi isə əhalinin istehlak səbətinin zəifləməsi hesab olunur. Faktiki olaraq 2014-cü illə müqayisədə 2017-ci ildə ölkə əhalisinin alıcılıq gücü təxminən 20 faizə qədər azalıb. Bunun müxtəlif səbəbləri var, iş yerlərinin azalması, ixtisarların həcminin artması, eyni zamanda ciddi həcmdə idxal inflyasiyasının baş verməsi, əvəzində isə əhalinin gəlirlərində artımların olmamasıdır. Fiziki gəlirlərin həcmində azalmalar baş vermişdi ki, bu da istehlak qabiliyyətini zəiflədir. Xüsusilə də lüks kateqoriyalı məhsullara tələb kəskin şəkildə azalıb. Statistik məlumatların təhlili onu göstərir ki, əvvəlki illərlə müqayisədə təkcə avtomobil istehlakında azalma təxminən 15 dəfəyə qədərdir. Bu onu deməyə əsas verir ki, faktiki olaraq əhalinin ümumi istehlak gücünü itirməsi səbəbindən idxal olan və xüsusilə, bahalı məhsullara tələb də aşağı düşüb. Bu da idxalın ümumi həcminə təsir göstərməkdədir. Bu səbəblərdən idxalın həcmində azalma, ixracda da artım baş verir”.

Rəşad Həsənov qeyd edib ki, ümumilikdə 2016-cı illə müqayisədə 2017-ci il Azərbaycanın maliyyə sabitliyinə pozitiv təsir edən mənzərə var: “Çünki həm tədiyyə balansında, həm də xarici ticarət balansında ötən illə müqayisədə müsbət dinamika müşahidə olunur. Ötən ilin müvafiq dövründə əgər mənfi tədiyyə balansı və mənfi zərər saldosu var idisə, 2017-ci ildə hər iki istiqamətdə müsbət saldo qeydə alındı. Həm manatın məzənnəsinə, həm də dövlətin gəlirlərinə, o cümlədən, maliyyə sabitliyinə pozitiv təsir göstərdi”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:15