Nazirlər Kabineti xalqın başına qaynar su tökdü: isti sudan sonra nə bahalaşır?

Nazirlər Kabineti xalqın başına qaynar su tökdü: isti sudan sonra nə bahalaşır? Azərbaycan aclıq və səfalətə sürüklənir; Ölkəni qarşıdan gələn ildə ağır sınaq gözləyir. Hökumət xalqın durumunu ağırlaşdırmaqda davam etməkdədir. Nazirlər Kabineti xalqın əleyhinə qərarlar verməkdədir. Növbəti qərar isə ardınca daha böyük bahalaşmanın gətirəcəyinə anons idi.

Söhbət isti suyun qiymətinin qalxmasından gedir. Ölkədə iqtisadi vəziyyət getdikcə pisləşir. Hökumət isə real addımlar atmaq yerinə, kommunal ödənişləri bahalaşdırır.  Neftin ucuzlaşması və manatın dəyərdən düşməsi ölkəni iqtisadi fəlakətin kandarına yaxınlaşdırıb. Dövlət idarələrində ixtisarlar aparılır, banklar bağlanır, zavodlar ləğv edilir. Hər gün yüzlərlə insan işini itirir və minlərlə ailə çörəksiz qalır. Bu vəziyyətdə isti suyun qiymətini qaldırmaq yerinə düşən qərar deyil. İnsanlar 2017-ci ilə ümidsiz gedirlər. Hətta güzəştləri olan məcburi köçkünlərin də durumu pisləşir, imtiyazlar azalır. Paralel olaraq kommunal xərclərin artırılması haqda informasiyalar yayılır. Bu da cəmiyyətdə təşviş yaradır. Pezident İlham Əliyev islahatlar həyata keçirir, mühüm tapşırıqlar verir. Ancaq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda xalqın əleyhinə qərarla bağlı addımlar atır. Qeyd edək ki, "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Edilən dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək. Bununla bağlı "Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, gələn ildən istilik xidmətlərinin qiyməti qalxacaq: "Edilən dəyişikliyə əsasən isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırılmasına imkan verəcək”.
Rafiq Əliyev qeyd edib ki, 1 kub metr isti su üçün qiymət əvəllər 40 qəpik müəyyən edilib: "May ayında isə soyuq suyun tarifləri müəyyənləşənə qədər biz soyuq suyu 1 manata alırdıq. Daha sonra "Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyənləşdi. Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan qaz, enerji xərclərini hesablayıb yeni qiymət müəyyənləşdirəcəyik”.
Rafiq Əliyev vurğulayıb ki, yaxın günlərdə müəyyənləşdiriləcək yeni qiymət ictimaiyyətə açıqlanacaq: "Hələ ki, iş gedir. Hökümət ilə qiymət dəqiq olaraq razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”.
Tarif Şurası (TŞ) hazırda qurumda baxılan məsələlərin siyahısını açıqlayıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib ki, hazırda Tarif Şurasında iki məsələyə baxılır. Onlardan biri Nazirlər Kabinetinin son qərarı ilə bağlıdır: “Nazirlər Kabinetinin Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik etməsilə bağlı məsələyə baxılır. Tarif Şurası öz qərarını Nazirlər Kabinetinin qərarına uyğunlaşdırır”.
Qurum rəsmisi eyni zamanda deyib ki, dövlət tərəfindən yeni qeydə alınmış vasitələrinin qiymətlərinin tənzimlənməsi də müzakirə mövzusudur. Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək. Beləliklə, yaxın vaxtlarda isti suyun qiyməti rəsmən bahalaşacaq. Qeyd edək ki, indiyə qədər isti suyun qiymətinin tənzimlənməsini Tarif Şurası həyata keçirirdi. Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarına əsasən, isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək.

Politika.Az

17:04