“Nazir bunu çox gözəl bilir, amma yalan danışır”

 

“Elektron hökumət” portalına daxil olub hesabat vermək olmur”

“Bu ilin aprel ayından tətbiq olunan yeni qaydalara görə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ları elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mətbuatda yayılan fikirlərinə tanınmış iqtisadçı Samir Əliyev “feysbuk” səhifəsində münasibət bildirib: “"Əmək pensiyaları haqqında" qanun qəbul edilib. Qanunun aprelin 1-dən qüvvəyə minib. Belə olacaqsa, artıq bütün hesablar şəffaf olmalıdır və hər kəsin hesabına nə qədər məbləğ hesablanıb və ödənilibsə, görünməlidir. Bundan başqa, hesabat vahid hala gəlməlidir, bir hesabat olmalıdır. Mən hesab edirəm ki, ödəyicilər üçün də bu asandır. İki hesabatdansa, bir hesabat daha yaxşıdır. Çünki iki hesabat arasında problem, fərqlər yarana bilər. Bu halda vaxt itkisi də olur. Bu qədər böyük səs-küyün yaranmasının səbəbini başa düşmürəm. Çünki böyük ödəyicilərin əvvəldən də "ASAN imza"sı var idi. O ki qaldı kiçik ödəyicilərə, onlar "Elektron hökumət" portalına daxil olaraq oradan xüsusi parol, kod alıb öz hesabatlarını təqdim edə bilərlər. Burada hər hansı problem yoxdur. Amma "ASAN imza"nı alıb, onunla hesabatı təsdiq etmək fikirləri varsa, bunu edə bilərlər".
 

“Nazir yaxşı olardı gedib ASAN xidmətdəki növbələrə baxsın”

 

“Hörmətli nazir açıqlamasında bu qədər böyük səs-küyün yaranmasının səbəbini başa düşmədiyini bildirib və əlavə edib ki, kiçik ödəyicilər "Elektron hökumət" portalına daxil olaraq oradan xüsusi parol, kod alıb, öz hesabatlarını təqdim edə bilərlər. Məsələni hesabat dövrünə saxlayıblar və aləm bir-birinə qarışıb, amma nazir burda heç bir problem görmür. Nazir yaxşı olardı gedib ASAN xidmətdəki növbələrə baxsın. Həmkarı Vergilər Nazirliynə baxsın və onlardan öyrənsinlər. “Elektron hökumət” portalına isə daxil olub hesabat vermək olmur. Nazir bunu çox gözəl bilir, amma yalan danışır” – deyə ekspert bildirib.

“ASAN İmza ləğv edilməlidir”

 

S. Əliyevin fikrincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində islahatlara ehtiyac var: “DSMF-nin bu quruma birləşdirilməsi səhv addım idi. Bütün dünyada elektron hökumət inkişaf edir və bununla da insanların məlumatlara və xidmətlərə əlçatanlığı artır. Bizdə isə ASAN İMZA adlanan mənasız xidməti atıblar ortaya və insanlardan əlavə pul alırlar. AZERCELL bu işdə daha çox qazanc əldə edir. Əgər PAROL, LOGİN, KOD varsa. ASAN İMZA kimi pullu xidmətə nə ehtiyac var? Vergilər Nazirliyinə hesabat veriləndə ASAN imzasız mümkün olmur? Və ya ASAN İmza olmadan təhlükəsiz olmur? ASAN İmza ləğv edilməlidir”.

Şamo
Hurriyyet.org

 

21:01