Nazarbayevin nəvəsi “Xalq düşmənləri” olan məmurları sadaladı

Qazaxistan prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev ölkəni korrupsionerlərdən təmizləmək üçün tədbirlər görüldüyünü deyib. Nazarbayevin nəvəsi öz facebook səhifəsində yüksək dairələrdə korrupsiyaya qurşanan vəzifəli şəxslərə qarşı tədbirlərdən yazıb. Onun sözlərinə görə, tədbirlərə ölkənin Milli Təhülükəsizlik Komitəsinin sədri Kərim Məsimov rəhbərlik edir: “Artıq heç yerdə köhnəlmiş ifadə olan “xalq düşmənləri” ifadəsi işlədilmir. Ancaq mən düşünürəm ki, bu ifadə bəzi yüksək vəzifəli məmurlar üçün yerində olan ifadədir. Çünki onlar bir-birlərinə yox, xalqa pislik edirlər”.

A.Nazarbayev diqqəti Milli Bankın rəhbəri Daniyar Akişev və Prezident Adminstrasiyası rəhbəri Adilbəy Caksıbəyova çəkərək onların tabeliyindəki şəxslərin ağır cinayətlərdə günahlandırıldığına işarə vurub: “Mən adları çəkilən bu cənabları yaxşı tanıyıram. Və sadəcə olaraq kimlərinsə onların başı üzərindən gizlicə iş görə biləcəyinə inanmıram”. Prezident nəvəsi daha sonra yazıb: “Qazaxıstanda istənilən adam küçədə xalqın vəsaitinin oğurlanmasında sosial məsələlər üzrə baş nazirin müavini İmanəli Tasməhəmmədovun və bankir, ölkənin ən varlı adamı Bulat Utemuradovun adını çəkə bilər. Belə soyadlar o qədər də çox deyil. Sadəcə onların etdiyi əməllər ölkənin üzərinə qara buludlar örtür”.
Qeyd edək ki, 16 yanvarda Qazaxıstanda yüksək vəzifəli bir qrup şəxs həbs edilib. Onların arasında Prezident Adminstrasiyasının rəhbərinin müavini Baqlan Maylıbayev də var. Daha əvvəl isə Pensiya Fondunun rəhbəri, eləcə də keçmiş iqtisadi inkişaf naziri həbs edilib.

Xudaferin.eu

12:28