"NATO Azərbaycanla Türkiyənin hərbi təlimlərinə irad bildirə bilməz"

Xəbər verdiyimiz kimi, ötən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən iki ölkə arasında hərbi təlimlər başlayıb. Təlimlər illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri ilə başlayıb.

Qeyd edək ki, plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Müttəfiq ölkələr arasında bu cür təlimlərin küçirilməsi öz növbəsində bəzi ölkələrdə xüsusilə düşmən tərəfdə qıcıq yaradıb. Belə ki, Ermənistanın XİN-in nümayəndəsi Anna Naqdalyan hərbi təlimləri münaqişənin həllinə maneə törədəcək “təxribat” kimi səciyyələndirib.

Maraqlıdır, görəsən Türkiyənin də üzv olduğu NATO-nun bu təlimlərə münasibəti necədir? Hərbi təlimlərin keçirilməsi üçün hansısa məhdudiyyətlər qoyula bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev NATO-nun belə məqamda Türkiyədən yana olduğunu bildirib:

“Türkiyə hər bir ölkə ilə hərbi təlim keçirə bilər, NATO-da belə bir məhdudiyyət yoxdur. Məsələn, ABŞ Cənubi Koreya ilə hərbi təlimlər keçirir. Amma NATO həmin ölkələrə qarşı hansısa irad bildirməyib. Qeyd edim ki, Cənubi Koreya da NATO-ya üzv olan ölkə deyil.

 Bu baxımdan Türkiyə regionda müttəfiqi olan Azərbaycanla hərbi təlimlər küçirməkdə tam sərbəstdir. Həm də təlimlər Naxçıvanda, Azərbaycan Türkiyə sərhədində keçirlir. Təhlükəsizlik və milli maraqlar baxımından Türkiyənin tam ixtiyarı var ki, Azərbaycanla hərbi təlimlər keçirsin. NATO-da buna əks olacaq hansısa qanun ya razılaşma yoxdur”.

Xudaferin.eu

02:19