Natiq Miri: “Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı biz yox, dünya gücləri qərar verir”

 

 

“ABŞ və Rusiya dil tapmayana qədər Dağlıq Qarabağ problemi həllini tapmayacaq”

“20 il ərzində Qarabağ münaqişəsinin həlli yolları tapılmayıb. Lakin istisna deyil ki, ABŞ prezidenti Donald Tramp Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında siyasi iradə nümayiş etdirəcək”.

Bu barədə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza Bakıda “Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

“Dağlıq Qarabağ problemi Amerika Birləşmiş Ştatları, Tramp administrasiyası üçün prioritet deyil”

 

ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi Metyu Brayzanın fikrini şərh edən politoloq Natiq Miri bildirib ki, Dağlıq Qarabağ problemi Amerika Birləşmiş Ştatları, Tramp administrasiyası üçün prioritet deyil: “Təkcə Dağlıq Qarabağla bağlı deyil, eyni zamanda Cənubi Qafqaz üçün hələlik Amerika Birləşmiş Ştatlarının yeni hakmiyyətinin, yəni Tramp administrasiyasının konkret siyasəti yoxdur. Bu yöndə proqramlar hazırlanır. O baxımdan, hələlik bu sahədə böyük bir qeyri-müəyyənlik mövcuddur. Ona görə, birmənalı demək olmaz ki, Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə münasibəti necə olacaq. Ancaq ehtimal olaraq demək mümkündür ki, Trampın bir biznesmen olaraq Azərbaycana münasibəti çox xoşdur. Bu konteksdə Azərbaycanın Ermənistandan daha çox ABŞ üçün gərəkli bir dövlət olduğunu anlayır. Bu kontekstdə Trampın durüst, yaxşı məsləhətçiləri olsa və Qarabağ münaqişəsini ona dürüst anlatmış olsalar, təbii ki, Tramp administrasiyası konkret bu yöndə qərarlar verə bilər”.

 

“Dağlıq Qarabağ artıq regional münaqişə olmaqdan çıxıb, qlobal bir münaqişəyə çevrilib”

Miri dedi ki, bu məsələ təkcə Amerika Birləşmiş Ştatlarından asılı məsələ deyil: “Bu məsələ böyük mənada həm də Rusiyadan asılıdır. Ancaq hər bir halda gələcəkdə Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında bir uzlaşma olarsa, xüsusilə də Yaxın Şərq, Ukrayna məsələsində bir anlaşma ortalığa çıxarsa, onda əmin olun ki, Dağlıq Qarabağ məsələsi də bu kontekstdə öz həllini tapa bilər. Əslində, Brayzanın dediklərində də məhz bu cür çalarlar var. O da vurğulayır ki, ABŞ və Rusiya dil tapmayana qədər Dağlıq Qarabağ problemi öz həllini tapmayacaq. Niyə? Çox təəssüf ki, Dağlıq Qarabağ artıq regional münaqişə olmaqdan çıxıb, qlobal bir münaqişəyə çevrilib ki, bu da qətiyyən bizim xeyrimizə olan məsələ deyil. Yəni artıq Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı biz deyil, dünya gücləri qərar verirlər. Bu da təbii ki, Azərbaycanın dövlət maraqlarına uyğun bir məsələ deyil”.

“Dağlıq Qarabağ yönündə də Tramla Rusiyanın uzlaşma məsələsi hələlik problematik görsənir”

 

“Əlbəttə ki, yenə deyirəm bu məsələ bir şərtlə həll oluna biləcək ki, Tramp administrasiyası Rusiya ilə bir çox məsələlərdə uzlaşa bilsinlər. Yəni ortaq təmas nöqtələrini tapa bilsinlər. Bu yöndə də açığı, ehtimal o qədər çox deyil. Niyə? Çünki Amerika Birləşmiş Ştatlarında Tramp və onun administrasiyasına qarşı elə böyük bir proses gedir ki, bü gün demək olar ki, Tramp administrasiyasının əli-qolu bağlanıb. Artıq Trampın istəyi olmadan Senat Rusiyaya qarşı sanksiyalar qərarı verdi. Doğrudur, bu sanksiyaların həyata keçirilməsi üçün president Trampın imzalaması lazımdır. Ancaq Tramp bu gün Rusiya ilə o qədər çətin durumdadır ki, imzalamasa, dərhal Rusiyanın kölgəsi Trampın üzərinə düşəcək deyə ən azı bu sanksiyanı imzalamaq məcburiyyətindədir. Ona görə, bu cür problemlər və çətinliklər varkən açığı, Dağlıq Qarabağ yönündə də Tramla Rusiyanın uzlaşma məsələsi hələlik problematik görsənir” - deyə politoloq düşünür.

Şamo EMİN
Hurriyyet.org

 

09:47