Natiq Cəfərli: "Qərara gəldim ki, “pambıq mifini” dağıdım, bəlkə bu yazı qərar verənlərə də kömək oldu

 

“Saatlıda “Pambıqçılıq müşavirəsi” keçirilib, qərara gəldim ki, “pambıq mifini” də dağıdım, bəlkə bu yazı qərar verənlərə də kömək oldu. Görünən odur ki, bu sahəni də araşdırmadan qərarlar verilir”.

 

Bu barədə iqtisadçı Natiq Cəfərli “feysbuk” səhifəsində yazıb: “2005-ci ildə ölkədə 112 441 hektarda pampıq əkilmişdi, həmin il 200 min tona yaxın pampıq yığılmışdı. Bu göstəricinin Azərbaycan iqtisadiyyatında ciddi rolu olmadı. Sonradan neft pulları gəldi, pampıq yaddan çıxdı, 2015-ci ildə cəmi 18684 hektar sahədə pambıq əkildi”.

10 ildə pambıq əkini sahəsi niyə 6 dəfə azalıb?

“Keçən ildən başlayaraq yenə pambıq əkini sahələri artırılır və 2017-ci ildə 200 min ton pambıq yığılması hədəf kimi qarşıya qoyulub. Yəni biz pambıqçılıqda ən yaxşı halda yenidən 2005-ci ilə qayıdacağıq. Amma bu günə qədər hökumət bir araşdırma aparıbmı ki, 10 ildə pambıq əkini sahəsi niyə 6 dəfə azalıb? Əgər bu orqanik böyüyən və orqanik gəlirliyi olan sahə, yəni sərfəli olsaydı, niyə insanlar 10 ildə əkin sahəsini 6 dəfə azaltdılar?”, - deyə iqtisadçı sual edir.

 

Ən pis göstərici Zərdabda olub, hektardan cəmi 1 sentner

Cəfərli pambıqçılığın məhsuldarlığına da diqqət çəkir: “2015-ci ildə ölkə üzrə hər hektardan ortalama 18,8 sentner pampıq yığılıb. Ən pis göstərici Zərdab rayonunda olub, hektardan cəmi 1 sentner. Ən yaxşı göstərici isə Bərdə rayonunda olub, hektardan 28 sentner pampıq yığılıb. Bu gün müşavirə olan Saatlı rayonunda məhsuldarlıq hər hektardan cəmi 15 sentner olub”.

 

25 sentnerdən artıq məhsuldarlıq olanda bu sahə ilə məşğul olmaq sərfəli olur

Cəfərli nəzərə çatdırdı ki, məhsuldarlıq hər hektardan Özbəkistanda 29 sentner, Qazaxstanda 31 sentner, ABŞ-da 43-45 sentnerdir: “Hesablamalara görə, ortalama məhsuldarlıq hər hektardan 25 sentner olanda pampıq əkib-becərmək üçün xərclər ödənilir, 25 sentnerdən artıq məhsuldarlıq olanda isə bu sahə ilə məşğul olmaq sərfəli olur”.

Bizim pambıq 3-cü və 4-cü növ kateqoriyasına aiddir

Pambıq qiymətlərinə gəldikdə, N. Cəfərli deyir ki, dünya bazarlarında 5 növ pambıq satılır: “Ən baha, əla növ pambıq Misir, ABŞ, Hindistan və Çində istehsal olunur. Dünya pambıq bazarının 7%-ni təşkil edən Özbəkistan 3,2 milyon ton pambıq tədarük edir ki, bunun cəmi 5-8%-i əla növ kimi satışa çıxarılır. Əla növ pambığın tonu 1500 dollar civarındadır, 1-ci növ 1300 dollar, 2-ci növ 1100 dollar, 3-cü növ 900, 4-cü növ isə 800 dollardır. Bizim pambıq 3-cü və 4-cü növ kateqoriyasına aiddir”.

Otlaq və yem sahələrində pambıq əkdilər, ətin qiyməti qalxdı

 

“Deməli, pambıqçılıqda əsas hədəf əkin sahəsini genişləndirmək deyil, bizdə bu yolu tutdular, otlaq və yem sahələrində pambıq əkdilər, ətin qiyməti qalxdı. Əsas məsələ məhsuldarlıq və keyfiyyətdir, yəni biz pambıqdan gəlir götürmək istəyiriksə, hər hektardan, azı 30 sentner pambıq yığmalıyıq ki, bunun da heç olmasa 10%-i əla növ, 50%-i 1-ci növ, qalanı isə 2-ci, 3-cü və 4-cü növ olsun. Məhz o zaman bu sahənin ölkəmizə xeyri dəyə, qazanc gətirə bilər. İndiki yanaşma və idarəetmə üsulu ilə pambıqçılıq xeyir verməyəcək, əksinə, texnika, gübrə alımı ölkədən valyuta çıxarılmasına səbəb olacaq, insanlara əziyyət və xəstəliklərdən başqa bir xeyri dəyməyəcək”,- deyə iqtisadçı vurğulayıb. Cəfərli əlavə edir ki, hökumətə pulsuz konsaltinq, belə araşdırmaları xaricilərə pul verib yazdırırlar, sonra heç əməl də etmirlər: “Pulsuz yazdım, onsuz da əməl etməyəcəklər, heç olmasa xaricilərə yazı-pozuya pul verməsinlər”.

 

Şamo
Hurriyyet.org

 

06:17