Natiq Cəfərli: “Birinci Azərbaycan Avropa üçün vizanı qaldırmalıdır ”

 

Yanvarın 31-də Avropa Birliyinin nümayəndələri Kriatian Danielson və Tomas Mayrın Azərbaycana gəlişindən sonra, fevralın 6-da prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Avropanın paytaxtı Brüsselə səfər etməsi Avropa - Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycanın Avropa Birliyi ilə tərəfdaşlıq sazişi üzərində işləməsi onu göstərir ki, Azərbaycan Qərbə yönəlik düzgün istiqamət alıb və ölkənin gələcəyi üçün önəmli olan tərəfdaşlıq sazişi üzərində müzakirələr aparır.

Qonşu Gürcüstanla Avropa Birliyi ölkələri arasında vizanın ləğv edilməsi də Azərbaycan üçün bir siqnal olmalıdır ki, Avropa Birliyi ölkələri ilə viza rejimini ləğv etsin. Avropa Birliyi ölkələri ilə vizanın ləğvindən ən çox qazanan isə Azərbaycan olar. Azərbaycanın bügünkü çətin sosial-iqtisadi böhran şəraitində vətəndaşların Avropa ölkələrinə gediş-gəlişi də asanlaşar. Bununla da Avropa ölkələrində işləmək, oxumaq istəyənlər üçün hərtərəfli imkanlar açılar. Bu da Azərbaycanın inkişafına təkan verər. Bundan əlavə, avropalı turistlərin Azərbaycana gəlişi də ölkə üçün əlavə qazanc mənbəyi ola bilər. Əslində AB ilə əlaqələrin müsbət yöndə inkişafı Azərbaycanın hər sahədə xeyrinədir.

Ancaq məsələnin çətin olan tərəfi odur ki, Azərbaycanın AB ilə əlaləqələrində daha da geniş imkanların açılması üçün AB-nin tələb etdiyi insan hüquq və azadlıqları ilə bağlı öhdəlikləri yerinə yetirməlidir. Çünki görüş ərəfəsi 76 insan haqları təşkilatları AB rəsmilərinə məktub göndərib. Onlar qurumu bu görüşlərdən yararlanmağa, İlham Əliyevin qarşısına insan hüquq və azadlıqları, siyasi məhbuslar ilə bağlı öhdəliklər qoymağa çağırıblar.

Prezidentin Brüsselə səfəri zamanı Avropa Parlamentində dinləmələrin təşkili Azərbaycan hakimiyyəti ilə Avropa Parlamenti arasında gərginliyə səbəb olub. Brüsseldə səfərdə olan ölkə başçısı İlham Əliyevin AP sədri Antonio Tacani ilə fevralın 6-na planlaşdırılmış görüşü məhz bu səbəbdən ləğv edilib. Onu da qeyd edək ki, dinləmələrə bir qədər qalmış - saat 16.15 radələrində Bakıdan məruzəçi kimi “skayp”la müzakirələrə qoşulmalı olan jurnalist Xədicə İsmayılın interneti və elektrik xətti kəsilib. Bu barədə jurnalist öz “feysbuk” səhifəsində yazır. Prezident İlham Əliyevin AP sədri Antonio Tacani ilə fevralın 6-na planlaşdırılmış görüşünün ləğv edilməsini Real Hərəkatının icra katibi Natiq Cəfərli Hurriyyet.org-a belə şərh etdi: “Hər hansı bir görüşdə iştirak edib-etməmək hər bir vəzifəli, səlahiyyətli şəxsin öz seçiminə bağlıdır.Təbii ki, bu da prezidentin seçimi idi. Görüşdə iştirak və yaxud ondan imina etmək onun səlahiyyətlərinə daxil olan məsələdir. Onun da öz səbəbləri var. Görüşlər ikitərəfli razılıq əsasında baş tutur. Biz özümüz də çoxlu sayda xarici səfərlərdə olmuşuq. Bəzən görüşlərin ya biz, ya da qarşı tərəfdən təxirə salınması olub. Bu, siyasətdə və bu tipli səfərdə normal bir şeydir. O mənada normal bir haldır ki, hər iki tərəfin razılığı ilə bu görüş baş tutmalıdır. Bir tərəf bu görüşdən imtina edibsə, bu onun haqqıdır. Əlbəttə, görüş baş tutsaydı və hər iki tərəfin arqumentləri dinlənilsəydi, çox yaxşı olardı”.

N. Cəfərli Azərbaycan prezidentinin Brüsselə səfər etməsini çox pozitiv addım kimi qiymətləndirdi: “Avropa Birliyi, Avropa insitutları ilə Azərbaycanın dialoqu davamlı olmalıdır. Bu dialoqun mənfi yöndə getməsi həm Azərbaycanın gələcəyinə, həm də Azərbaycanda olan proseslərə mənfi təsir göstərir. Bu dialoq ortamı nə qədər genişlənsə və mövzular artsa, Azərbaycanla Avropa Birliyi arasında müəyyən əməkdaşlığın əsası qoyulacaq. Bu da hər iki tərəfə sərfəlidir. İndi Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq sazişi ilə bağlı müzakirələr gedir. Düşünürəm ki, bu səfərin sazişin bağlanmasına müsbət təsirləri olacaq. O mənada ki, bu sazişə tək enerji və iqtisadi məsələlər yox, həm də Azərbaycanda insan hüquqları, demokratiyanın vəziyyəti və sivil toplumla bağlı məsələlər daxildir. Çox güman ki, görüşlərdə bu istiqamətlər üzrə müzakirələr olacaq. Bu sazişin bağlanması Azərbaycan və Avropa əlaqələrinin daha da genişlənməsinə səbəb olacaq ki, bu özü pozitiv bir məsələdir”.

N. Cəfərli vurğuladı ki, Avrop Birliyi Parlamenti ilə Azərbaycanın əlaqələri son vaxtlar kifayət qədər zəifləyib: “Bu da Avropa Parlamentinin bir neçə qətnaməsi ilə bağlı olub. Ümid edək ki, bu əlaqələr yenidən bərpa olunacaq. Çünki Avropa Birliyi institutları ilə hərətərəfli əlaqələrin olması ölkəmiz üçün çox mühüm, vacib bir məsələdir. Regionda çox təhlükəli proseslər gedir. Bu proseslərdən sığortalanmağın bir yolu da Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıqdan keçir. Azərbaycann iqtisadi əlaqələrinin yarıdan çoxu Avropa Birliyinin payına düşür. Böyük ticarət partnyorumuz Avropa Birliyi ilə iqtisadi münasibətlərdən əlavə digər sahələrdə də münasibətlər daha da yaxşılaşdırılmalıdır. Bu son müzakirə olunan saziş, düşünürəm ki, əlaqələrin daha da yaxşılaşmasına xidmət edəcək. Əslində, öhdəlikləri Avropa Birliyi ölkələrinin insan hüquq və azadlıqları təşkilatlarının müraciəti olmadan yerinə yetirəmək Azərbaycanın özünə lazımdır. Hüquq-müdafiə təşkilatları müraciət etməsələr belə, Azərbaycanın daxilində olan problemlər, yəni siyasi məhbuslar, söz və mətbuat azadlığı və sivil toplumun işləmə şəraiti ilə bağlı problemlər qaldıqca, bu, Azərbaycanın özünə, imicinə ziyandır. Biz ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan bu problemlərdən birdəfəlik qurtaracaq. Sivil bir dünyanın parçası olmaq, eləcə də Avropa Birliyi ilə daha sıx əməkdaşlıq istəyiriksə, Azərbaycanda insan hüquqları, siyasi məhbuslarla bağlı problem birdəflik həll olunmalıdır. Bu Azərbaycanın özünə xeyirdir. Bu problemlər həll olunacaqsa, Azərbaycanın imici yaxşılacaq. İmici yaxşılaşaçaqsa, Azərbaycan müxtəlif Avropa Birliyi ölkələri ilə daha sıx əlaqələr qurmağa başlayacaq. Həmin ölkələrdən Azərbaycana iqtisadi cəhətdən də sərfəli investisiya təklifləri gələ bilər. Bu gün Azərbaycana bu çox vacibdir. Azərbaycana nə qədər çox investor cəlb edə bilsək, Azərbaycan da bugünkü iqtisadi böhrandan daha tez və effektiv çıxa bilər. Ona görə də xarici təşkilatların bu müraciət olsa da, olmasa da, Azərbaycan öz daxili problemlərini birdəfəlik həll etməlidir ki, belə iradlarla ölkəmiz bir daha qarşılaşmasın”.

N. Cəfərli xatırlatdı ki, saziş iqtisadi məsələlərdən, enerji təhlükəsizliyindən tutmuş insan hüquqlarına qədər bir çox sahələri əhatə edir: “Bu sazişin bağlanması Azərbaycan və Avropa Birliyi arasında əlaqələrin daha da mökəmlənməsinə və gələcəkdə Azərbaycanın da Gürcüstan vətəndaşları kimi Avropa ölkələrinə vizasız gediş-gəlişinin təşkil olunmasına qədər bir yol açır. İqtisadi əlaqələrlə, eneji təhlükəsizliyi ilə bağlı ciddi problemin yaranacağını düşünmürəm. Çünki Azərbaycan çox böyük layihələri həyata keçirir və Avropanın enerji təchizatında həm neft, həm də qaz layihələri ilə rol almağa çalışır. Bu da Avropada təbii olaraq müsbət qiymətləndirilir. Sazişin bu hissəsindən başqa insan haqları, sivil toplum və siyasi məhbuslarla bağlı məsələlər də bu saziş çərçivəsində həll olunacaqsa, bu Azərbaycan üçün çox böyük uğur olacaq”.

N. Cəfəli hesab edir ki, Azərbaycanla Avropa arasında viza rejiminin qaldırılması ən çox Azərbaycan tərəfdən asılı olacaq: “Birinci Azərbaycan Avropa üçün vizanı qaldırmalıdır. Bu çox vacib addım olardı. Həm də Azərbaycana gələn turist sayının artmasına səbəb olardı. Avropa ölkələrindən daha varlı və daha çox pul xərcləyən turistlərin Azərbaycana gəlməsi daha vacibdir. Bu addım birinci biz tərəfdən atılmalıdır. Sonra da danışıqlar intensivləşdirilməlidir. Düşünürəm ki, Azərbaycan tərəfdən müvafiq doğru addımlar atılsa, yaxın bir il ərzində Azərbaycan vətəndaşlarının da Avropaya vizasız gediş-gəlişi təmin edilə bilər”.

 

Şamo Emin
Huriyyet.org

 

09:50