Natiq Cəfərli: “Azərbaycanı geridəqalmış aqrar ölkəsinə çevirmək istəyirlər”

 

 

“Bizdə hələ də sistem dəyişməyib”

“Finlandiyada bir şirkət var – “Rovio Entertainment Oy”. Yəqin ki, bu şirkəti tanımırsınız, amma şirkəti məşhur edən məhsulu hamı tanıyır. Həmin şirkət dünyada geniş yayılan “Angry Birds” oynunun və brendinin yaradıcısıdır. Şirkət bir neçə dost tərəfindən təsis olunub, pubda pivə içərkən oyunun ideyası yaranıb, indi şirkətdə 500 nəfər çalışır.

Şirkət 400 milyon dollar dəyərində yeni səhm paketi buraxır, bundan sonra bazar dəyəri 2 milyard dollar olacaq. Keçən il şirkər 190 milyon avro gəlir əldə edib, əlavə olaraq “Angry Birds” filmi də 73 milyon avro gəlir gətirib”. Bu barədə REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirib.
 

“Ölkənin keçən il pambıqdan qazandığı cəmi 26 milyon dollar olub”

 

“Bizdə isə Azərbaycanı geridəqalmış aqrar ölkəsinə çevirmək istəyirlər. 10 minlərlə vətəndaşı pambıqda işlədirlər, amma ölkənin keçən il pambıqdan qazandığı cəmi 26 milyon dollar olub”, - deyə iqtisadçı qeyd edib.
 

“Məhz elm-təhsil Finlandiyanı dünyanın ən yaxşı 5 ölkəsindən birinə çevirib”

 

Cəfərli onu da vurğulayıb ki, Finlandiya çox önəmli, bizə də örnək ola biləcək ölkədir: “Cəmi 100 il öncə eyni İmperiyanın tərkibində olmuşuq, amma finlər 20-ci əsrdə 2 dəfə Rusiyadan qaça, canlarını qurtara bildilər. Sistemləri dəyişdi, təhsilə önəm verən, büdcədən təhsilə ən çox pul ayıran ölkələrdən biridir. Məhz elm-təhsil Finlandiyanı dünyanın ən yaxşı 5 ölkəsindən birinə çevirib. Bizdə isə hələ də sistem dəyişməyib, ölkənin “qapısında” adı dəyişsə də, sistem həmin sistemdir - insanı yox sayan, insanın marağını yox, özünü idarə etməyə çalışan, təhsili-elmi ancaq siyasi maraqlar çərçivəsində görən, azad bazara, rəqabətə, ədalətə inanmayan bir sistem”.

 

Şamo
Hurriyyet.org

 

09:39