Muzey Mərkəzində “Gözəlliyin bir anı” adlı sərgi açılıb

Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Tamilla Həsənovanın “Gözəlliyin bir anı” adlı ilk fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, fərdi sərginin keçirilməsi gənc rəssam üçün böyük uğur, yaddaqalan hadisədir. Tamilla Həsənova əsərlərində daxili aləmini, dünyagörüşünü nümayiş etdirir. Gənc olmasına baxmayaraq gözəl əsərlər yaradır və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Nazir T.Həsənovanın əsərlərini dünyanın məşhur sərgi salonlarında görmək arzusu ilə ona uğurlar diləyib. Muzey Mərkəzinin direktoru Liana Vəzirova rəssamı fərdi sərgisinin açılışı münasibətilə təbrik edərək ona uğurlar arzulayıb. Keçirilən sərginin onun üçün böyük əhəmiyyət daşıdığını söyləyən Tamilla Həsənova gələn qonaqlara minnətdarlığını bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Tamilla Həsənovanın işləri özündə bu gün müasir incəsənətdə mövcud olan müəyyən ideya və əhvali-ruhiyyəni ehtiva edir. Bu, emosiyalar, həyat gözəlliyi və incəsənət arasında əlaqələndirici vasitədir. Tamilla Həsənova sakit, əlvan elementlər və rəngin harmoniyası ilə tamamlanmış gözəlliyi göstərir. Rəssamın işlədiyi üslub kifayət qədər fərqlidir: realizmdən abstraksionizmə, klassik tərzdən impressionizmə qədər.
Tamilla Həsənovanın işləri müxtəlif janrlarda təqdim olunur, peyzaj və portretlər, milli natürmortlar və ifadəli abstraksiyalarla əvəz olunur. Portretlər tez-tez görmələr halında yaranan xatirələri özündə təcəssüm etdirir və bu elə bir məqamdır ki, onları görə bilmək, öz qavrayışında qeyd etmək və rəsm əsərinə çevirmək əsl gözəllikdir. Portret üzərində işləyərkən rəssam öz qarşısında ruhun bütün dəyişkənliyini kağıza köçürmək məqsədi qoyur. O, bizim gündəlik həyatımızda cəmiyyətə ötürdüyümüz əhval-ruhiyyəni, obrazı çatdırmağa çalışaraq insanın rəngarəng, işıqlı və səciyyəvi xüsusiyyətlərini vurğulayaraq təsvir edir. Lakin bunun əksinə olaraq, peyzajlar kosmik təbiətin əksini göstərir. Real landşaftla yetkin insanın düşüncələrinin vəhdəti də “Əbədiyyət cavahiratı axtarışında”, “Təbiət ahəngi” və s. işlərin məzmununu təşkil edir. Rəssamın peyzaj, portret, natürmort və digər janrlarda ümumilikdə 40-dək əsərinin nümayiş olunur.

Xudaferin.eu

09:01