Müstəqilliyimizin tarixi Gəncə muzeylərində dolğun əksini tapıb

 

Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat- qat çətindir. Tale elə gətirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, mübarizə aparıb və XX əsrin əvvəllərində milli azadlığına qovuşub. Milli dövlətçilik tariximizdə Azərbaycanın ikinci böyük şəhəri sayılan qədim Gəncənin öz dəsti-xətti var.

 

Müstəqilliyin təzahürünü son illərdə dahi Nizami yurdunda gedən sosial-iqtisadi inkisafda aydin şəkildə görmək olar. Gəncədə yaradılan Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyində  sərgilənən zəngin eksponatlarda tarixində müstəqillik, onun Gəncə ilə əlaqəsi geniş əks etdirilib. Əsrin əvvəllərində ilk müstəqilliyin abu-havası şəhərin girəcəyində inşa edilən Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyində geniş şəkildə nümayiş etdirilir. Gəncənin tarixinə ardıcıl səyahət muzeyə gələnləri sehirli dünyaya aparır. Qalanın sağ hissəsində papiruslardan birində Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olması, Milli Qurtuluş hərəkatının Gəncədən başlanması haqda məlumat muzeyə gələnlərin diqqətini özünə cəkir. 1918-ci il iyunun 16-da Bakı bolşevik–daşnaq və ingilis hərbi dəstələrinin nəzarəti altında olduğundan Azərbaycan hökuməti müvəqqəti olaraq , Gəncə şəhərində fəaliyyət göstərməyə başlayıb. Həmin müddətdə xalqın mədəni inkişafına, elmin, təhsilin tərəqqisinə böyük töhfələr verilib. 23 aylıq mövcudluğu dövründə ilk işlərdən biri Yelizavetpolun dəyişdirilib, Gəncənin tarixi adının bərpa edilməsi olub. Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafı, nizami milli ordunun yaradılması yeni qurulan hökumətin yürütdüyü siyasətin mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. 1918-ci il sentyabrın 15-dən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun və Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını bolşevik- daşnaq dəstələrindən azad etdikdən sonra hökumət Bakıya köçürüldü. Bu hakimiyyət 23 aylıq fəaliyyətdən sonra 1920-ci il aprelin 27-də XI ordunun müdaxiləsi nəticəsində süqut etdi. Düz 71 il sonra- 1991-ci ildə Azərbaycan xalqı Xalq Cümhuriyyətinin ideyasını davam etdirərək, bu tarixi varislik üzərində yeni, müstəqil Azərbaycan dövlətini yaratdı. Beləliklə, Azərbaycanın ilk İstiqlal Bəyannaməsi Gəncədə qəbul edilib.

Hicran Məmmədova

Gəncə
 

09:53