Müstəqil kurs və "beynəlxalq ələbaxımlıq": Cənubi Qafqazda suverenlik problemi

Mütəxəssislər müstəqilliklərini əldə etmiş dövlətlərin hansı xarici siyasət yeritməsindən onların suverenliyinin asılı olduğu barədə təhlillər aparırlar. Tədqiqatlar göstərir ki, Cənubi Qafqazda həmin müstəvidə iki tendensiya üstünlük təşkil edir. Hurriyyet.org newtimes.az-a istinadən xəbər verir ki, onlardan biri müstəqil xarici siyasət kursuna əsaslanan və suverenliyi tam təmin edən mövqe, digəri isə daha çox kənarda güclü qüvvə-hami axtaran, ondan asılı olan və əmrləri yerinə yetirən "ələbaxımlıq"dan ibarətdir. Region dövlətlərinin bu kurslardan hansını seçəcəyi üzərində düşünmək maraqlıdır. Bunun nəzəri və praktiki əhəmiyyəti vardır. Belə ki, dövlət quruculuğunun kursu bütövlükdə müstəqil dövlətçiliyin baş tutub-tutmadığını göstərir.

İki seçim: suverenlik, yoxsa vassallıq

Artıq 25 ildir ki, Cənubi Qafqazda beynəlxalq səviyyədə tanınmış üç dövlət mövcuddur. Onları hüquqi aspektdə bütün dünya qəbul edir. Lakin həmin dövlətlərin real olaraq müstəqil dövlət quruculuğu yolunda fərqli nöqtələrdə olduğunu da etiraf etmək lazım gəlir. Buna başqa faktorlarla yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistanın xarici siyasətlərinin məzmunu və strateji məqsədlərinin təhlili əsasında da əmin olmaq mümkündür. Məlumdur ki, müasir dövrdə ölkənin suverenliyinin təmini onun müstəqilliyini təsdiqləyən əsas faktorlardan biridir. Burada iki kursdan birini seçmək mümkündür. Birincisi, xarici siyasətin başlıca hədəfi kimi beynəlxalq miqyasda müstəqil geosiyasi oyunçu olmaqla bağlıdır. Bu yola üstünlük verən dövlətlər adətən suverenliyi təmin edə bilirlər. Ancaq etiraf etmək gərəkdir ki, müstəqilliyini yenicə əldə etmiş ölkələr üçün bu, kifayət qədər mürəkkəb məsələdir. O cümlədən siyasi liderdən böyük peşəkarlıq, qətiyyət və uzaqgörənlik tələb olunur.
İkincisi, "beynəlxalq asılılıq", yaxud "beynəlxalq ələbaxımlıq"la xarakterizə olunan xarici siyasət kursudur. Burada əsasən "kim güclüdürsə, onu seçmək" məntiqi üstünlük təşkil edir. Belə ölkələrin suverenliyi şərtidir və onların gələcək taleyi xeyli dərəcədə dumanlı görünür. Hətta müstəqil dövlətçiliyin baş tutması belə şübhə altına alınır. Daim ələbaxımlı olduqlarından və kənardan verilən əmrlərə uyğun hərəkət etdiklərindən, onların real suverenliyindən danışmaq imkansızdır. Həmin tip dövlətlər siyasətin subyekti deyil, obyektidirlər. Cənubi Qafqaz ölkələri yuxarıda vurğulanan hər iki qrupa uyğun xarici siyasət yeridirlər. Bu aspektdə Azərbaycan, Ermənistan və Gürcüstan fərqli müstəvidə bərqərar olmaqdadırlar. Ermənistandan başlayaq.
Erməni ekspertlər daim vurğulayırlar ki, rəsmi İrəvan müstəqil xarici siyasət yeridə bilmir. Ümumiyyətlə, keçən əsrin 90-cı illərindən bu yana Ermənistan kənardan asılı siyasi mövqe tutmaqdadır. Bu barədə ekspertlərin kifayət qədər analizləri vardır. Biz onlarla bağlı müxtəlif faktları dəfələrlə portalımızın yazılarında vermişik. İndi yalnız bir yazıda ifadə olunan fikirlərə nəzər salaq. İqor Muradyan yazır ki, ermənilərin başına gələn bütün faciələr Ermənistan rəhbərliyi və diasporun apardıqları yarıtmaz siyasətdən qaynaqlanır (bax: Игорь Мурадян. Политика России в отношении Армении и Азербайджана / "Lragir.am", 12 dekabr 2016).
Həmin siyasət bütün məzmunu və mahiyyəti ilə Ermənistanı daha güclü xarici qüvvələrdən asılı etməyə yönəlib. Bu keyfiyyətdə Rusiya, ABŞ, yaxud Avropanın böyük dövlətləri ola bilərlər. Hazırda İrəvan daha çox Rusiyadan asılıdır. Eyni zamanda, vəziyyət dəyişərsə, ermənilər asanlıqla ağalarını da dəyişərlər. İ.Muradyan bunu "tam satellit olmaq" kimi qiymətləndirir (bax: əvvəlki mənbəyə). Ekspertin gəldiyi son nəticə də məhz bu ruhdadır. O yazır: "...ermənilər əvvəlki kimi vassalitet siyasətini yeritməkdədirlər" (bax: əvvəlki mənbəyə).
Buna bənzər fikirlərə erməni ekspertlərin bir çoxunun yazılarında rast gəlmək mümkündür. Onlar Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmasını Rusiyadan birbaşa asılı olmaq, Kremlin əlinə baxmaq kimi qiymətləndirirlər. Ermənistanın xarici siyasətinin bu xarakterinə son zamanlar keçmiş prezident L.T.-Petrosyan da qiymət verib. O, Ermənistan Milli Konqresinin ikinci qurultayında çıxışı zamanı açıq bildirib ki, Ermənistan dövlətçiliyi formalaşmayan ölkələr sırasındadır. Ermənistanda müstəqil dövlət quruculuğunun iflasının başlıca səbəbi isə xarici və daxili siyasətin yarıtmazlığıdır.

Beynəlxalq münasibətlərin aktoru: Azərbaycan nümunəsi

Belə çıxır ki, Ermənistanın xarici siyasətinin başqalarına vassal olmaq üzərində qurulması onu faktiki olaraq "beynəlxalq ələbaxımlı" dövlət halına gətirib. Bu kurs birmənalı olaraq istənilən ölkəni region üçün təhlükəli edir, çünki onun fəaliyyəti başqalarının maraqlarına xidmət üzərində qurulur. Həmin maraqların necə və nə zaman dəyişəcəyi isə məlum deyil. Gürcüstan analitikləri sırasında ölkənin "beynəlxalq ələbaxımlığa" xidmət edən xarici siyasət yeritdiyini düşünənlər az deyil (bax: məs., Зураб Бежанишвили. Грузия в преддверии больших перемен / "Грузия Online", 6 dekabr 2016). Müəllif qeyd edir ki, Gürcüstan cəmiyyəti hələ də iki ifrat qütbdə yerləşən və "beynəlxalq asılılığa" can atan, bir-birinə qarşı duran inert qrupların təsiri altındadır (bax: əvvəlki mənbəyə).
Həmin qütblərdən biri qərbpərəstlərdən, digəri isə rusiyameyllilərdən ibarətdir. Yəni Gürcüstan siyasi dairələri ancaq "beynəlxalq ələbaxımlıq" yarada bilən xarici siyasət kursunu yürüdürlər. Bu isə beynəlxalq arenada qeyri-sabit münasibətlər formalaşdırır ki, ölkənin suverenliyinə ciddi təhlükələr özünü göstərir. Z.Bejanişvili sonda belə qənaətə gəlir ki, "Gürcüstanın xarici siyasət istiqamətini seçməkdə böyük potensialı yoxdur. O, qalib olana stavka etməyə, yaxud bazarlaşmada iştirak etməyə məcburdur" (bax: əvvəlki mənbəyə).
İndi də Gürcüstan sakitliklə dəyişikliklər gözləyir: ölkə beynəlxalq aqressorun qabağına atılmış "qurbanlıq"mı olacaq, yoxsa müasir dövrə uyğun vəhdət nümayiş etdirəcək? (bax: əvvəlki mənbəyə). Açıq deyilsə, bu cür ikili vəziyyətdə qalmaq da suverenlik baxımından olduqca təhlükəli, risklidir. Ölkənin suverenliyi kövrəkdir. Gürcüstan cəmiyyət olaraq hələ zəifdir və iqtisadi inkişafında da hansısa sıçrayış gözlənilmir. Deməli, Ermənistanla yanaşı, Gürcüstanın da hansısa geosiyasi oyunda qərəzli məqsədlər üçün istifadə olunması mümkündür. Ancaq İrəvandan fərqli olaraq, Tbilisi qonşu dövlətlərə qarşı heç bir aqressiya nümayiş etdirmir. Əksinə, Gürcüstan regional əməkdaşlıq layihələrində fəal iştirakçıdır və buna görə də onun region üçün ciddi təhlükə ola biləcəyini demək düzgün olmazdı. Görünür, rəsmi Tbilisi üçün əsas məsələ doğru xarici siyasət kursunu seçməkdən ibarətdir.
Nəhayət, Cənubi Qafqazda yalnız Azərbaycan beynəlxalq münasibətlərin müstəqil aktoru olmağa nail olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil xarici siyasət kursu bütün səmərəliliyini təsdiq edib. İndi Azərbaycan konkret fəaliyyəti ilə regionun lider dövləti kimi qəbul edilir. Onun enerji, iqtisadiyyat, mədəniyyət, nəqliyyat-kommunikasiya sahələrində həyata keçirdiyi islahatlar öz bəhrəsini verir. Azərbaycan Cənubi Qafqazın müstəqil mövqeyini heç bir təzyiq altında dəyişməyən yeganə dövlətidir. Bu barədə dünyanın böyük dövlətlərinin başçıları açıq fikir bildiriblər. Qlobal miqyasda enerji daşıyıcıları ilə bağlı çox mürəkkəb oyunlar gedir. Supergüclər nüfuz uğrunda gərgin savaş aparırlar. Lakin Azərbaycan başlıca olaraq öz maraqlarına uyğun mövqe nümayiş etdirir və bununla bütün böyük oyunçular razılaşırlar.
Buna nümunə kimi TAP və TANAP layihələrini göstərmək olar. Onları Avropanın enerji təhlükəsizliyinin çox vacib faktorları adlandırırlar. Əvvəl isə Bakı-Ceyhan, Bakı-Supsa, Bakı-Ərzurum enerji layihələri reallaşdırılıb. Bunlardan başqa, Azərbaycan demokratik dövlət quruculuğu çərçivəsində çox aktual islahat layihələri reallaşdırıb və bu proses davam edir. Ölkədə idarəetmə sahəsində daim təkmilləşmələr aparılır, şəffaflıq artır. Bu da cəmiyyət-hakimiyyət birliyini yeni səviyyəyə yüksəldir. Onların sonucu isə dövlət suverenliyinin tam təmin edilməsindən ibarətdir. Beləliklə, Cənubi Qafqazda müstəqil dövlətlər fərqli xarici siyasət aparırlar və nəticədə iki mövqe formalaşıb. Onlardan biri müstəqil mövqeli beynəlxalq münasibətlərin subyekti ola biləcək Azərbaycan, digəri isə daha çox "beynəlxalq asılılıq" xəttini seçən Ermənistan və qismən Gürcüstandır. Bu, regionda müəyyən ziddiyyət yaradır. Onun necə sonuclanacağını geosiyasi qüvvələrin yeni nisbəti müəyyənləşdirəcək.

Hurriyyet.org

12:01