Müstəqil dövlətimizin müqəddəs rəmzi

Dövlət rəmzləri istənilən dövlətin tanınma nişanı, onun suverenliyinin, özünəməxsusluğunun simvoludur. Bu rəmzlərdə hər bir dövlətin, xalqın çoxəsrlik tarixi, milli dəyərləri və ənənələri öz əksini tapır. Qədim dövlətçilik tarixinə və ənənələrinə malik olan Azərbaycanın müstəqilliyini və şərəfli keçmişini özündə birləşdirən dövlət rəmzləri sırasında Azərbaycan Respublikasının bayrağı müstəsna yer tutur.
Bu fikirləri Xudaferin.eu AZƏRTAC-a istinadən açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyeva deyib.
Könül İmamverdiyeva bildirib ki, üçrəngli bayrağın yaranma tarixi XX əsrin əvvəllərinə təsadüf edir. Dövlətçilik ənənələrinin bərpası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədardır. Milli dövlətçiliyin bərpası Azərbaycan xalqının tarixində çox böyük hadisə olaraq qızıl hərflərlə yazılmışdır. Müsəlman Şərqində ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığını həkk etdirdi.
1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra dövlətçilik rəmzlərinin bərpa olunmasına başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət rəmzləri sırasında yalnız dövlət bayrağı qanunvericilik səviyyəsində təsdiqini tapmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının dövlət gerbi və dövlət himninin yaradılması haqqında 1920-ci il 30 yanvar tarixli qərarına əsasən müsabiqə elan edilsə də, bu dövlət rəmzlərinin qanunvericilik aktları ilə təsdiq olunması o dövrün siyasi-tarixi hadisələri ilə bağlı mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilmişdir. Həmin qərarda Azərbaycan bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edildi. Bayraqdakı rənglərin mənasına gəldikdə, mavi rəng türkçülüyü, qırmızı– müasirliyi, qərb demokratiyasını, yaşıl –islam ideologiyasını ifadə edir. Azərbaycan bayrağının üzərindəki aypara türk xalqlarının qədim simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, “Azərbaycan” sözü həmin əlifbada səkkiz hərflə yazılır.
1918-ci il dekabrın 7-də isə bayrağımız Şərqdə və türk-islam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı binanın üzərində dalğalandı. İyirmi üç ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımızın şüurunda milli dövlətçilik ənənələrinin, tarixi yaddaşın bərpası və inkişafında silinməz iz buraxmışdı. 1920-ci ildə aprel işğalı nəticəsində Azərbaycanda sovet hakimiyyəti quruldu və milli dövlətçiliyimizi tərənnüm edən bütün rəmzlər sovet rəmzləri ilə əvəz olundu. Azərbaycan uzun illər Sovet İttifaqının tərkibində olmasına baxmayaraq öz dövlətçilik ənənələrini qoruyub saxlaya bilmişdi.
XX əsrin 80-ci illərində üçrəngli bayrağımız Azərbaycan xalqının milli azadlıq hərəkatının rəmzinə çevrildi. Azərbaycanın üçrəngli bayrağının yenidən dövlət rəmzi kimi qəbul edilməsində ulu öndər Heydər Əliyevin mühüm tarixi xidməti vardır. Belə ki, üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiq edilmişdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan etdi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi. Azərbaycan Respublikası Konstitusiyasının 2 maddəsində (23-cü və 75-ci) dövlət rəmzlərinin təsbit olunması onların qanunvericilik səviyyəsində təsdiq olunduğunu göstərir. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Beləliklə, Konstitusiya qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi də təsdiq edildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət quruculuğu siyasətində tarixi işlərlə yanaşı, milli dövlətçilik atributlarının tam formalaşdırılması, onların bütün vətəndaşlar, xüsusən gənclər arasında təbliği və öyrənilməsi işində tarixi zəmin yarandı.
Ümummilli lider bayrağımız haqqında demişdir: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun”.
1998-ci il martın 13-də “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzalaması dövlət rəmzlərinin daha geniş miqyasda təbliğini təmin edərək, eyni zamanda, cəmiyyətin vətənpərvərlik ruhunda formalaşmasına, dövlət rəmzlərinə hörmət və ehtiram hisslərinin gücləndirilməsinə təkan vermişdir. Bu sənəddə vətəndaşlara, xüsusən gənclərə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanmış, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilmişdir.
Ulu öndər Heydər Əliyevin dövlətçilik sahəsində gördüyü işləri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla inkişaf etdirməkdədir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas sütunlarından olan dövlətçilik maraqlarının daim üstün tutulması dövlət başçısı İlham Əliyev siyasətinin təməl prinsipidir. Azərbaycanda milli dövlətçilik ənənələrinin qorunmasında dövlət bayrağının xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev öz fəaliyyətində bu məsələyə böyük önəm verir.
2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi dövlət rəmzlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bu qanun dövlət bayrağının istifadəsi qaydalarını müəyyənləşdirir, ona hörmətlə yanaşmasını təmin edir.
Qanunda göstərilir ki, ölkənin bütün vətəndaşları, habelə respublika ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət bayrağına hörmətlə yanaşmalıdırlar; Azərbaycan Respublikası dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin bu rəmzə hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.
Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan yüksək ehtiramının bariz nümunəsidir. Dövlət başçısı bununla bağlı Sərəncamı 2007-ci il noyabrın 17-də imzalamışdır. Paytaxtımızın mədəni və siyasi mərkəzinə çevrilən Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi 2010-cu il sentyabrın 1-də keçirilmişdir.
Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin müstəqil Azərbaycanın dövlətçilik rəmzlərinə və ənənələrinə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərin qorunmasına sadiqliyini əyani şəkildə sübut edir. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi. Bu günün təsis edilməsi bayrağımızın mənəvi və siyasi dəyərini daha da artırdı.
Məhz Prezidentin səyi nəticəsində Dövlət Bayrağı Günü indi dövlət səviyyəsində keçirilən ən əhəmiyyətli bayramlar sırasındadır. Bu bayram Azərbaycan xalqını daha da sıx birləşdirir. Bu gün doğma vətənimiz Azərbaycanda dalğalanan bayrağımız hamımızda böyük iftixar hissi yaradaraq xalqın müstəqil dövlətçiliyini qorumaq, inkişaf etdirmək və yaşatmaq əzmini göstərir.
Hazırda müstəqil Azərbaycanın qazandığı tarixi uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir. Ali Baş Komandanın diqqət və qayğı sayəsində Milli Ordumuz formalaşıb, güclənib, peşəkar və qüdrətli bir orduya çevrilib. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun cəbhədə qazandığı uğurlar bayrağımızın ucaldılması ilə nümayiş etdirilir. Bu, hər bir Azərbaycan vətəndaşına qürur hissi yaşadır.
Hər birimiz inanırıq ki, tezliklə Azərbaycan Ordusu işğal altında olan digər torpaqlarımızı da düşmən tapdağından azad edəcək və üçrəngli bayrağımız həmin torpaqlarda da dalğalandırılacaq. Çünki Qarabağ Azərbaycandır!

Xudaferin.eu

11:29