Musiqi məktəbi şagirdinin “Nağıllardan gələn qız” adlı konserti

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanovanın Azərbaycan Milli İncəsənət Muzeyində “Nağıllardan gələn qız” adlı solo konserti keçirilib.

Məktəbdən bildirilib ki, 9 yaşlı Şirin konserti anasının - Sevinc İbrahimovanın ona həsr etdiyi “Nağıllardan gələn qız” mahnısı ilə açıb. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Məktəbin kiçik xor qrupu maraqlı mahnıları Şirin Əmiraslanova ilə bölüşüblər.

“İpək yolu” kamera orkestrinin müşayiəti ilə Şirin Əmiraslanova T.Quliyevin “Cəmilənin albomu” məcmuəsindən “Marş”, “Göldə” və “Gəzinti” əsərlərini məharətlə ifa edib.

Konsertin sonunda məktəbin direktoru, Əməkdar Müəllim Yusif Vəliyev Şirin Əmiraslanovanı, onun müəllimi professor Siala Sinamdzqvarişvilini və anası Sevinc İbrahimovanı maraqlı konsertə görə təbrik edib. O, konsertə yaradılmış şəraitə görə əməyi keçən qurumlara təşəkkürünü bildirib.

Xudaferin.eu

09:15