Musa Yaqub: "Rafiq Əliyevi pul yox, xalqın taleyi, gənclərin gələcəyi maraqlandırır"

 

Dünya çapında tanınan alim professor Rafiq Əliyevin ustadı Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirası elmi mərkəzə bağışlaması böyük rezonans yaratdı. Rafiq Əliyev vəsiyyət edilən pul məbləğini “heç vaxt şəxsi məqsədlərim üçün sərf olunmayacaq” deyərək, prezidenti olduğu “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. Rafiq Əliyevin bu addımı fədakarlıq kimi qarşılanıb. Amma əslində, professor bu addımı ilə həm də bir növ, çağırış etmişdi.
 

Rafiq Əliyevin bu jestini dəyərləndirənlər arasında yax;n dostu, qocaman şair Musa Yaqub da var. Musa müəllim açıqlamasında Rafiq Əliyevin bu addımından heç təəccüblənmədiyini bildirib. Çünki o, yaxın dostunun hər zaman bu cür böyük addımlar atacağını yaxşı bilir: “Rafiq müəllimin bu addımı onu yaxından tanıyan biz dostlar üçün heç də təəccüblü olmadı. Bu saat Azərbaycanın dünya çapında tanınmış ən böyük alimlərindən biri - Lütfi Zadənin ən yaxın sirdaşı, tələbəsi olub. Bu, addım Rafiq müəllimin nəfsi üzərindəki qalibiyyətidir. Allah-taala onu belə yaradıb. Bizim yanımızda bu addım heç qəribə görünmədi. Çünki əziz dostumuz Rafiq müəllimi, onun gözəl daxili dünyasını əla tanıyırıq. Bəziləri deyir ki, əşi, heç elə şey olar?! Gördünüzmü, oldu! Dostumuz ona miras qoyulan müəyyən qədər puldan keçdi. Çünki onun üçün xalqın, gənclərin taleyi o qədər vacibdir ki, mütləq bunu edəcəkdi. Özü də əsaslarla, sənədlə-sübutla etdi. Belə olmasaydı, bəzi ağzıgöyçəklər buna da şübhəli yanaşacaqdılar. Başqa şeylər deyəcəkdilər. Amma hər şey sənədli-sübutlu oldu. Deyirlər ki, pulundan keçən canından da keçər. İnanırsan ki, bu gün böyük puldan keçən Rafiq Əliyev sabah Vətən, torpaq, el üçün öz canından da keçər. Belə insan qənimətdi. Təəssüflər olsun ki öz qədirbilməyimiz qalsın bir yana, qədirbilənlərin qədrini bilsək, vallah günümüzə gün çatmaz. Özümüz Vətənin qədrini bilmiriksə, heç olmasa, onun qədrini bilən Rafiq Əliyev kimi insanları qoruyaq! Mənim üçün Rafiq Əliyevin bu addımı çox dəyərlidir. Amma başqa dəyərli addımı isə Lütfi Zadənin Azərbaycanda dəfn olunmasına vasitəçi olmasıdır. Nə mənada?- Uzun illər Lütfi Zadə ilə dostluq edib, birlikdə elmi fəaliyyəti olub. Azərbaycan və azərbaycanlılar haqqında ən yaxşı təəssüratı onda Rafiq müəllim yaradıb. Bu səbəbdən də Lütfi Zadənin Azərbaycan sevgisində, hətta burada dəfn olunmaq istəyində də Rafiq Əliyevin bu mənada böyük rolu olub. Siz deyən məsələ, mirasın bağışlanması da böyük işdi. Amma iqtisadi baxımdan. Bu isə çox böyük mənəvi xidmətdir. Lütfi Zadə kimi alimin ABŞ-dan gətirilib Bakıda dəfn olunması tarixi hadisədir. Bunun da səbəbkarı birinci olaraq Rafiq müəllimdir. Onun hər iki addımı çox dəyərlidir. Hər insan öz ruhundan qidalanaraq, nəyəsə münasibət bildirir. Mənim üçün Rafiq müəllimin özü də, onun döyük hərəkəti də çox dəyərlidir!”

Elmin Nuri

 

10:08