Mürtəza Muradpur 65 günlük aclıq aksiyasına son verdi

Fərdin Muradpur qardaşı Mürtəzanın anasının tələbini qəbul edərək oktyabr ayının 25-dən başlatdığı aclıq aksiyasına son verdiyini bildirib. Oğluna dəstək üçün Təbrizdə məhkəmə qurumları önündə piket təşkil edən Məsumə Əmani keçən gün ilk dəfə olaraq oğlu Mürtəza Muradpurdan aclığa son verməsini tələb etmişdi. Muradpur ailəsi daha öncə bildirmişdi ki, “Mürtəza Muradpur İranın öz qanunlarının icrasının tələbi ilə aclıq aksiyası təşkil edib və başqa bir tələbi yoxdur. O, İran cəza qanunlarının 134-cü maddəsinin tətbiq olunmasını istəyib.”

Fərdin Muradpurun bu gün öz facebook səhifəsində paylaşdığı məlumatda məhkəmə hakimiyətinin həmin tələblərə nəhayi cavabına işarə olunmayıb. Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Əkbər Paşayi Mürtəza Muradpurun aclıq aksiyasının toplumda geniş əks-səda doğurduğunu bildirib.
“Mürtəza Muradpurun iki aydan artıq sürən aclıq aksiyası bütün Güney Azərbaycana yayılıb, türklər arasında dillərə düşdü. Burada bir dirənişinin olduğunu, insanların zülmə qarşı mübarizədə canlarını ortaya qoyduğunu göstərdi,” deyə Paşayi söyləyir.
Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Mürtəza Muradpur ana dilində təhsil və Urmu Gölünün qurudulmasının qarşısının alınması yönündə irəli sürdüyü tələblərə görə İran mollakratiya rejimi tərəfindən tutuqlanaraq 3 il həbs cəzası alıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu” 

11:47