Murmanskda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsi yenə dərin hüzn və ehtiramla yad edilir.

Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayəti üzrə yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, bizim diasporun üzvləri Azərbaycanın ən yeni tarixində ən faciəli hadisələrdən birinə - Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbirlər planı hazırlayıblar.

Murmansk sakinləri Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin ölkəmiz üçün ağır nəticələri barədə fotosənədlər və kitablarla, habelə mətbuatda dərc edilmiş materiallarla tanış ola biləcəklər.

Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının sədri Afil Hüseynov nəzərdə tutulan tədbirlər barədə söhbət açaraq, bu təşkilatın fəalları tərəfindən Mərkəzin ofisinin foyesində hazırlanmış fotokompozisiyanı, təpədən-dırnağa silahlanmış millətçi-separatçı ermənilərin dinc sakinlərə qarşı törətdiyi qanlı qırğın epizodlarını şərh edərək deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olub. Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində dislokasiya edilmiş 366-cı motoatıcı alayının dəstəyi ilə beynəlxalq hüququn bütün normalarını kobud şəkildə pozaraq şəhərə hücum edib, azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər”.

Qeyd edək ki, xalqımızın tarixində bu faciəli hadisənin ildönümünə həsr edilmiş tədbirlərdə Rusiyanın Murmansk vilayətində yaşayan müxtəlif millətlərin nümayəndələri iştirak edirlər.

AZƏRTAC

17:35